Türkiyə Böyük Millət Məclisinin millət vəkili cəna...
12:52 18.04.2025
0
0
0
NAXÇIVAN :
18 Aprel 2025, Cümə
Azərbaycan beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq zəminində daim bu siyasi platformalardan sülhün bərqərar olunduğu, sabit, əmin-aman, sağlam dünya naminə çağırışlar edir, bəşəriyyətin etibarlı gələcəyi üçün mühüm təşəbbüslər irəli sürür. Aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum da dünya düzəninin formalaşdırılması istiqamətində mühüm dialoqların qurulması, qlobal gündəlikdə duran məsələlərə dair müzakirələrin aparılması, düzgün istiqamətlərin müəyyənləşdirilməsi baxımından faydalı oldu. Dövlətimizin başçısı ayrı-ayrı ölkələrin, siyasi təsisatların, beyin mərkəzlərinin nümayəndələrinin, beynəlxalq ekspertlərin ünvanladığı sualları aydın, dolğun şəkildə cavablandırdı, yeni dünya nizamına doğru hərəkətlənməyə maneə yaratmağa, regionda ayrı-seçkilik salmağa çalışan dairələrə ciddi mesajlar ünvanladı.
Azərbaycan dünyada ölkələrarası siyasi, mədəni dialoqa qapı açan, iqtisadi münasibətlərin qurulmasına, əməkdaşlıqların dərinləşməsinə töhfə verən aparıcı Cənubi Qafqaz ölkəsi kimi tanınmağı bacarıb. Respublikamız bu prosesə ilk olaraq regionda otuz ildir, davam edən münaqişəni həll edib, hərbi-siyasi, mədəni, iqtisadi təcavüzün kökünü kəsməklə başladı. Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra ölkəmizə artan etimad, etibar həm regional, həm də beynəlxalq əməkdaşlıqların genişləndirilməsində fəal iştirakla, təşkilatlara üzvlüyə qəbul olmaqla öz sözünü deməkdədir. Təsadüfi deyil ki, son beş ildə Azərbaycan bir sıra Avropa, Asiya ölkələri ilə strateji tərəfdaşlığa, o cümlədən üç ölkə – Türkiyə, Rusiya və Özbəkistanla strateji müttəfiqliyə imza atıb. Ölkəmizin bir sıra beynəlxalq konfranslara, forumlara ev sahibliyi etməsi, Prezident İlham Əliyevin zirvə görüşlərinə mötəbər qonaq qismində dəvət alması, siyasi dialoqlarda fəal iştirakı, dünyada gedən proseslərə dair nüfuzlu media qrumlarının dövlətimizin başçısından xüsusi rəylər almaları müdrik liderin artan siyasi xarizmasının mühüm göstəriciləridir.
Uğurlu diplomatiyanın nəticəsidir ki, respublikamız bu gün Cənub Qaz Dəhlizi kimi nəhəng layihə ilə Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verir, eyni zamanda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, digər bir deyişlə Orta Dəhlizin əsas tranzit funksiyasını yerinə yetirməklə Avropa ilə Asiya arasında ticarət körpüsü salır. COVID-lə mübarizədə ədalətli, COP29-a ev sahibliyi etməklə sağlam dünya naminə bəşəriyyəti birliyə səsləyən Azərbaycan Şərqdən Qərbə, Şimaldan Cənuba sülh, təhlükəsiz əməkdaşlıq yolu açır, ölkələrarası barışığa nail olur. O cümlədən müasir dövrün çağırışlarına uyğun “yaşıl enerji”dən istifadənin genişləndirilməsi üçün Qara dəniz enerji kabeli (“Black Sea Energy”) layihəsinin reallaşması yönündə vacib təşəbbüslərlə çıxış edir, regional və milli enerji təhlükəsizliyinin gücləndirilməsi üçün yeni perspektivlər yaradır. Bütün bunlar ölkəmizin malik olduğu coğrafi mövqedən, potensialdan lazımınca faydalanmasından, səmərəli addımlar atmasından irəli gəlir. Başqa sözlə, Azərbaycan nümunəsi göstərir ki, siyasi-iqtisadi nailiyyət təkcə ərazi yerləşməsi, əlverişli imkanlar baxımından deyil, həm də qətiyyətli mövqe ortaya qoymaqla, məharətli diplomatik gedişlər etməklə əldə edilir. Bu xüsusda Orta Dəhlizin ayrılmaz parçasına çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması prosesini də diqqətə çəkmək olar, hansı ki vaxtilə dünyanın ən güclü ölkələri bu təşəbbüsə qarşı çıxmışdı, reallaşmasına maneə yaradırdı. Ancaq respublikamızın qətiyyətli mövqeyi sayəsində yol çəkildi və bu gün həmin dövlətlər proyektin rentabelliyini yüksək qiymətləndirir, böyük maraq göstərirlər. İlbəil BTQ üzərindən yükdaşımaların artması zamanında atılan addımın mötəbərliyindən xəbər verir. Lakin təəssüf ki, Avropada hələ də Azərbaycanın qazandığı həm siyasi, həm də iqtisadi nailiyyəti qəbul etməyən, qələbəni gözü götürməyən bəzi qüvvələr vardır. Prezident İlham Əliyev beynəlxalq forumda İsveçdən olan Svante Kornellinin sualını cavablandıran zaman bu məsələyə bir daha toxunaraq göstərilən ədalətsiz səylərin heç bir uğurlu nəticə verməyəcəyini vurğuladı. Sitat: “Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər, əlbəttə ki, uğurla nəticələnməyəcək. Çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafiya, eyni zamanda siyasi, iqtisadi, mədəni əlaqələr tərəfdaşlığın bu unikal ab-havasını yaradır”.
Bəli, bu gün Azərbaycanın yeni dünya nizamının formalaşdırılması üçün siyasi, iqtisadi münasibətlərin tənzimlənməsində, əməkdaşlıqların qurulmasında ortaya qoyduğu mövqe birmənalıdır, sülhə, təhlükəsizliyə xidmət missiyasıdır, hər hansı pozucu, manipulyator vasitəçinin müdaxiləsinin yolverilməz olduğunu aydın şəkildə bəyan edir. Bu, təsadüfi deyil. Çünki ölkəmizin bununla bağlı zəngin təcrübəsi var, necə deyərlər, dövlətimizin, xalqımızın vasitəçi məsələsindən çəkdiyi əziyyətlər az olmayıb. Keçmiş münaqişə məhz ATƏT-in Minsk qrupu kimi heç bir aktiv, praktik fəaliyyəti olmayan vasitəçi qurumun sayəsində otuz il ərzində dondurulub, həllini tapmayıb. Və bu gün Avropadakı bəzi dırnaqarası siyasi dairələr, təəssüf ki, həmin qrumun ləğv edilməməsində maraqlıdır və onların dəstəyinə güvənən Ermənistan da səhv istiqamətdə addımlar atmaqda davam edir.
Son 5 illik regional hərbi-siyasi hadisələr göstərir ki, qarşı tərəfin, eləcə də havadarlarının siyasi manipulyasiyalarının, təxribatlarının heç bir effektiv nəticəsi yoxdur və olmayacaq da. Təbii ki, Azərbaycana qarşı sərgilənən bu düşmənçilik münasibəti həm də ümumən, Cənubi Qafqazın yeni dünya nizamının formalaşması prosesindəki roluna, yeni düzənə inteqrasiyasına kölgə salmaqdadır. Halbuki bu bölgənin iki ölkəsi – Azərbaycanla Gürcüstan arasında əlaqələr yüksək səviyyədədir və münasibətlər zəminində birgə uğurlu layihələr ərsəyə gəlir. Ancaq görünən odur ki, Ermənistan vəziyyətin uzun müddət stabil qalmasında maraqlı deyil, sülhdən boyun qaçırmaq üçün müxtəlif bəhanələrin arxasına sığınmaqda, beləliklə də, regiondakı müsbət dəyişikliklərdən, əməkdaşlıqlardan kənarda qalaraq dalan ölkəyə çevrilməkdə israrlıdır. Tramp administrasiyasının qələbəsindən məyus olan haylar transsərhəd çayları, xüsusilə Araz çayını çirkləndirməklə acıqlarını yenə ənənələrinə uyğun şəkildə çıxmağa çalışır, terror əməllərindən əl çəkməyəcəklərini açıq şəkildə bəyan edirlər. Fransa hökuməti və Avropa İttifaqında ermənipərəst siyasətə əməl edənlərin tutduqları yoldan çəkilməmələri, Blinken vəzifədə olarkən Dövlət Departamenti tərəfindən yaradılmış qara propaqandanın hələ də davam etməsi, Ermənistanda geniş vüsət almış militarizasiya prosesi, bu ölkənin ölümcül silahlarla təchiz olunması yeni münaqişə ocağını alovlandıraraq qarşı tərəfi uçuruma sürükləməklə acı təəssüf hissi doğurur. Azərbaycan isə bütün bu proseslərə qarşı ayıq-sayıqdır, 30 illik işğalı qətiyyən unutmur, hələ də davam edən “böyük Ermənistan” xəyallarını, Qarabağı yenidən geri almaq xülyasının mövcudluğunu görür və buna müvafiq addımlar atır. Respublikamızın qalib ölkə kimi sülh prosesi üçün istəklərinə gəldikdə isə məlum olduğu üzrə bu legitim qərarlar beynəlxalq hüquqa əsaslanır, yəni əgər qarşı tərəf ölkəmizin ərazi bütövlüyünü tanıyırsa, o zaman konstitusiyaya dəyişiklik etməli, ATƏT-in Minsk qrupunun de-yure ləğvinə razı olmalıdır. Prezident İlham Əliyev beynəlxalq forumda Amerika Birləşmiş Ştatları və İsraildən olan nümayəndə Brenda Şafferin bu barədə sualına aydınlıq gətirərək bir daha həmin məsələdə ölkəmizin dəyişməz mövqeyini ortaya qoydu: “Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər”.
Ümumilikdə, aprelin 9-da ADA Universitetində keçirilən, 44 ölkədən rekord sayda – 80-dən çox beynəlxalq ekspertin, beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi beynəlxalq forum mövzu aktuallığı, müxtəlif geosiyasi məsələlərin həllinə dair özünəməxsus yanaşmanın ortaya qoyulması ilə diqqəti çəkdi, eyni zamanda Azərbaycanın yeni dünya nizamının formalaşması prosesindəki aktiv iştirakının göstəricisinə çevrildi. Ünvanlanan suallar əsasında ikitərəfli, çoxtərəfli münasibətlərin inkişaf parametrlərinə, münaqişə və müharibələrin qaranlıq məqamlarına aydınlıq gətirən Prezident İlham Əliyev ölkəmizin Avrasiya məkanındakı mühüm siyasi, iqtisadi roluna diqqəti çəkdi, gündəliyə dair yeni əməkdaşlıq perspektivlərini açıqladı. Forum həm də bir gün əvvəl iştirakçıların Qarabağa, Xankəndiyə səfərinin təşkili ilə Azərbaycanın bölgədə ədalətli düzəni bərqərar etmək, yeni dünya nizamına doğru irəliləmək üçün hansı çətinliklərlə üz-üzə qaldığını, həqiqətləri, ölkəmizin qarşıdakı hədəflərinə dair fəaliyyət prinsiplərini bir daha əyani şəkildə dünya ictimaiyyətinin nəzərinə çatdırmağa imkan yaratdı.
Nail ƏSGƏROV
Digər xəbərlər