Hər qulun cahanda bir pənahı var...
13:15 19.04.2025
0
0
0
NAXÇIVAN :
19 Aprel 2025, Şənbə
Zəngin və çoxəsrlik bir mədəni irsə sahib olan Azərbaycan xalqı minillərlə davam edən inkişaf yolu keçərək elmə, incəsənətə və mədəniyyətin rəngarəng qaynaqlarına yiyələnmişdir. Bu günə kimi qorunub saxlanılan maddimədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri xalqımızın bu sahədə keçdiyi uzun yolun canlı sübutudur. Dünyanın qədim sivilizasiya ocaqlarından biri sayılan Azərbaycan torpağında hər addımda tarixə işıq tutan izlərə rast gəlmək mümkündür. Bu izlər təkcə xalqımızın deyil, bəşər mədəniyyətinin də formalaşmasında mühüm rol oynamışdır. Tarixi yaddaşımızı, milli-mənəvi dəyərlərimizi əks etdirən maddi və mənəvi abidələrə ölkəmizin hər bir guşəsində rast gəlinir. Bu baxımdan, Gəmiqaya təsvirləri xüsusi əhəmiyyət daşıyır. Dünya mədəni irsinin nadir nümunələrindən biri hesab edilən bu qədim qayalar üzərindəki petroqliflər xalqımızın qədim yaşayış tərzini, düşüncə tərzini və incəsənət zövqünü əks etdirir. Təsvirlərdəki süjetlər təkcə bir dövrü deyil, bütöv bir mədəniyyətin izlərini bu günə daşıyır. Əcdadlarımızın memarlıq və sənət sahəsindəki dühası nəticəsində ərsəyə gələn irihəcmli tikililər, incəsənət nümunələri təkcə Azərbaycanın deyil, bütövlükdə,Yaxın və Orta Şərq regionunun memarlıq ənənələrinin formalaşmasına dəyərli töhfələr vermişdir. Bu abidələr həm tarixi sənəd, həm də mədəni kimliyimizin ifadəsi kimi dəyərlidir.
Dünya xalqlarının tarixi yaddaşını, mədəni müxtəlifliyini və bəşəri dəyərlərini qorumaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan YUNESKO bu sahədə mühüm təşəbbüslərlə çıxış edir. 1972-ci ildə Ümumdünya Mədəni və Təbii İrsinin Mühafizəsi Konvensiyasının qəbul olunması bu istiqamətdə qlobal əməkdaşlığın əsasını qoyub. Ardınca, 1976-cı ildə Tarixi Ansamblların qorunmasına dair tövsiyələrin təsdiqlənməsi isə bu sahədə normativ baza ilə yanaşı, konkret fəaliyyət mexanizmlərinin formalaşmasına imkan yaradıb. YUNESKO-nun Ümumdünya Mədəni və Təbii İrs Komitəsi dünya miqyasında mədəni və təbii irs nümunələrinin siyahısını hazırlayır və bu abidələrin təhlükəsizliyinin təmin edilməsində üzv dövlətlərə dəstək göstərir. Bu siyahıya daxil edilən hər bir abidə, əslində, təkcə onun yerləşdiyi ölkəyə deyil, bütün bəşəriyyətə məxsus bir dəyər kimi tanınır. Hər hansı bir mədəniyyət abidəsinin Ümumdünya İrs Siyahısına salınması onun beynəlxalq səviyyədə qorunmasına zəmanət verilməsi deməkdir. Belə ki, bu cür abidələrin mühafizəsi ilə bağlı ehtiyac yarandıqda beynəlxalq ictimaiyyət həm maliyyə, həm də texniki dəstək göstərir. Bununla yanaşı, YUNESKO həmin abidələrin öyrənilməsi, bərpası və gələcək nəsillərə çatdırılması üçün mütəxəssislər, müasir texnologiyalar və avadanlıqlar təqdim edir. Bu təşəbbüslər göstərir ki, mədəni və təbii irsin qorunması təkcə bir ölkənin deyil, bütün dünyanın üzərinə düşən məsuliyyətdir. Qlobal miqyasda aparılan bu fəaliyyətlər mədəni müxtəlifliyin və tarixi yaddaşın mühafizəsi baxımından əvəzsiz rol oynayır.
Bu da vurğulanmalıdır ki, hər bir tarixi-memarlıq abidəsi yalnız onun inşa olunduğu dövrü deyil, eyni zamanda həmin dövrün ictimai, mədəni və intellektual mühitini də özündə yaşadan canlı tarix yadigarıdır. Bu abidələr xalqın təfəkkür tərzini, estetik zövqünü və dünya görüşünü nəsildən-nəslə ötürən unikal irs nümunələridir. Məhz buna görə onların mühafizəsi həm milli kimliyimizin qorunması, həm də gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Müstəqil Azərbaycanın memarlıq və tarix-abidələrinin qorunması məsələsi Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətində prioritet istiqamətlərdən biri olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmiş 1998-ci il 10 aprel tarixli “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə hüquqi bazanın formalaşmasında mühüm mərhələ oldu. Qanunda abidələrin əhəmiyyət dərəcələri, toxunulmazlığı, istifadə və mühafizə qaydaları, tədqiqat prinsipləri və qanunvericiliyin pozulmasına görə məsuliyyət məsələləri aydın şəkildə təsbit olunmuşdur. Qürurvericidir ki, bu gün də ölkəmizdə tarixi və mədəni irsə göstərilən yüksək diqqət və qayğı davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bir sıra tarixi abidələr bərpa olunmuş, beynəlxalq səviyyədə təbliğ edilmiş və onların bir neçəsi YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmişdir. Həyata keçirilən layihələr Azərbaycanın zəngin mədəni irsinin dünya ictimaiyyətinə tanıdılması, ölkənin tarixi nüfuzunun daha da möhkəmləndirilməsi baxımından böyük rola malikdir. Azərbaycan Respublikasında milli-mədəni irsin qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti davamlı və məqsədyönlü yanaşması ilə seçilir. Bu sahədə ölkə başçısının imzaladığı müvafiq fərman və sərəncamlar həm normativ-hüquqi çərçivənin formalaşmasında, həm də praktiki tədbirlərin icrasında xüsusi əhəmiyyət daşıyır. Qəbul olunmuş strateji sənədlər sırasında “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” xüsusi yer tutmuşdur. Bu sənədlər milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində uzunmüddətli və kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır. Hazırda ölkəmizdə 27 dövlət, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir ki, bu da mədəniyyətimizin zənginliyini və tarixi müxtəlifliyini əyani şəkildə nümayiş etdirir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğu, “Atəşgah məbədi”, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu kimi nümunələr həm ölkə daxilində, həm də beynəlxalq miqyasda tanınmış irs obyektləridir. Bu sahədə institusional mexanizmlərin yaradılması da diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması bu istiqamətdə həyata keçirilən işlərin daha səmərəli və sistemli şəkildə təşkilinə imkan verir.
Müasir dövrdə mədəni irsin qorunması və təbliği yalnız milli prioritet deyil, həm də beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” bu baxımdan xüsusi qeyd olunmalıdır. Sənəddə əksini tapan “Turizmin inkişafı” bölməsi Naxçıvanın zəngin tarixi-memarlıq irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində yeni mərhələnin başlanğıcını qoyub. Proqramda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin artırılması, həmçinin tarixi abidələrinin YUNESKO-nun maddi mədəni irs siyahısına salınması üçün zəruri tədbirlər həyata keçiriləcəkdir. Bu isə o deməkdir ki, qədim diyarın mədəni irs nümunələri təkcə yerli səviyyədə deyil, qlobal miqyasda da tanınacaq və qorunacaq. Tarix boyunca Şərq mədəniyyətinin mühüm mərkəzlərindən biri olmuş Naxçıvan ərazisi zəngin memarlıq və arxeoloji abidələrlə doludur. Möminə Xatın türbəsi, Yusif Küseyir oğlu türbəsi, Əlincəqala, Qarabağlar Türbə Kompleksi kimi nadir irs nümunələri bu torpağın minillik mədəni yaddaşını yaşadan canlı şahidlərdir. Bu abidələrin beynəlxalq səviyyədə qeydiyyata alınması həm Naxçıvanın turizm potensialının genişlənməsinə, həm də mədəni diplomatiyanın güclənməsinə töhfə verəcəkdir. Dövlət Proqramında nəzərdə tutulan bu təşəbbüslər yalnız irsin qorunmasına yönəlmir, eyni zamanda yerli əhalinin rifahına, regionun iqtisadi dirçəlişinə və Naxçıvanın dünya miqyasında tanıdılmasına xidmət edir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq, müasir turizm infrastrukturlarının yaradılması, abidələrin elmi əsaslarla öyrənilməsi və tanıdılması prosesin əsas istiqamətləri kimi müəyyən edilib. Göründüyü kimi, mədəni irsin qorunması artıq təkcə keçmişə hörmət deyil, həm də gələcəyə strateji baxışın təzahürüdür. Naxçıvanın tarixi-memarlıq abidələrinin YUNESKO-nun siyahısına daxil edilməsi istiqamətində atılan addımlar bu unikal diyarın tarixinin bəşəri səviyyədə tanıdılması yolunda mühüm mərhələdir.
Bu istiqamətdə atılan mühüm addımlardan biri də 21 fevral 2024-cü il tarixdə imzalanmış Sərəncamla “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılmasıdır. Bu, Ordubad şəhərinin zəngin tarixi-memarlıq irsinin kompleks şəkildə mühafizəsi, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyətə malikdir. Ordubad öz qədim yaşayış məskənləri, məscidləri, karvansaraları, milli memarlıq üslubunda tikilmiş yaşayış evləri ilə Naxçıvanın qədimlik simvoludur. Qoruğun yaradılması həm də Ordubadın regional və beynəlxalq turizm xəritəsində mühüm yer tutmasına şərait yaradacaq. Həyata keçirilən bu kompleks tədbirlər bir daha sübut edir ki, mədəni irsin qorunması təkcə keçmişə bağlılıq deyil, həm də gələcəyə strateji sərmayədir. Dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqət və ardıcıl siyasət nəticəsində Naxçıvan Muxtar Respublikasının tarixi və mədəni dəyərləri daha geniş miqyasda tanınacaq, YUNESKO-nun Ümumdünya İrs Siyahısında öz layiqli yerini tutacaqdır.
Bəşəriyyətin ortaq dəyərlərinin qorunması baxımından mədəni irsin mühafizəsi müasir dövrün ən aktual məsələlərindən biri kimi çıxış edir. Bu sahədə mövcud olan çoxsaylı beynəlxalq konvensiyalar, regional və qlobal əməkdaşlıq mexanizmləri, xüsusilə YUNESKO çərçivəsində qəbul edilən sənədlər ölkələrin milli səviyyədə konkret və sistemli tədbirlər həyata keçirməsinə təkan verir. Azərbaycanın bu sahədə qazandığı uğurlar, heç şübhəsiz, Heydər Əliyev Fondunun və onun prezidenti, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinin nəticəsidir. Mehriban Əliyevanın təşəbbüsləri nəticəsində milli mədəniyyətimizin nadir nümunələri dünya ictimaiyyətinə təqdim olunmuş, Azərbaycan irsinin ümumbəşəri dəyər kimi qəbul edilməsinə mühüm töhfə verilmişdir. Bu istiqamətdə fəaliyyətinə “Keçmişini bilməyən, gələcəyini görə bilməz” aforizmini həyat amalı seçmiş Mehriban Əliyeva tarix və mədəniyyətə münasibətdə müasir yanaşmanın əsasını qoymuşdur. Məhz onun rəhbərliyi və fəal təşəbbüsü ilə Azərbaycan muğam sənəti, tar ifaçılığı sənəti, aşıq sənəti, Novruz bayramı, kəlağayı (Buta simvolizmi), İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu kimi unikal mədəniyyət nümunələri YUNESKO-nun qeyri-maddi və maddi mədəni irs siyahısına daxil edilmişdir. Mehriban Əliyevanın təşəbbüsləri sayəsində mədəni irsə münasibət cəmiyyətin bütün təbəqələrində fərqli müstəviyə keçmiş, maarifləndirmə, mədəni diplomatiya və irsə sahib çıxmaq ənənəsi daha da güclənmişdir. Bu fəaliyyət Azərbaycanın qlobal mədəniyyət xəritəsində öz yerini möhkəmləndirməklə yanaşı, milli kimliyimizin, tarixi yaddaşımızın və bəşəri dəyərlərimizin təntənəsidir.
Tarixi abidələrin təbliği və onlara olan yanaşma cəmiyyətin öz mədəni kimliyinə münasibətini müəyyənləşdirir. Bu mənada, Naxçıvan Dövlət Universitetində “Mədəni irs” fənninin tədrisi əhəmiyyətli addımlardan biridir. Bu fənn gənclərin mədəni irsə elmi və praktiki yanaşma baxımından düzgün mövqe sərgiləməsini, tarix və mədəniyyət abidələrinin qorunmasında fəal mövqe tutmasını təmin etməyə yönəlmişdir. Fənnin əsas hədəfi tələbələrdə bu sahəyə dair müasir nəzəri biliklər və normativ çərçivələr haqqında anlayış formalaşdırmaqla yanaşı, onları təcrübə müstəvisində tətbiq etməyə hazır mütəxəssis kimi yetişdirməkdir. Xüsusilə Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrin mədəni irsin mühafizəsinə dair dünya və ölkə təcrübəsini mənimsəməsi, bu istiqamətdə innovativ texnologiyalar, metodika və yanaşmalarla tanış olması gələcəkdə onların sahəyə peşəkar töhfə verməsi baxımından vacibdir. Tələbələr təkcə nəzəri biliklərlə deyil, həm də konkret əməli bacarıqlarla təmin olunmaqla real mühafizə və təbliğ fəaliyyətinə inteqrasiya edilə bilirlər. Bu cür yanaşmalar bir daha göstərir ki, mədəni irsin qorunması, sadəcə, keçmişə bağlılıq deyil, həm də gələcəyin düşüncəli, milli şüurlu və vətənpərvər vətəndaşlarının yetişdirilməsinə yönəlmiş strateji istiqamətdir. Təhsil ocaqlarında bu istiqamətdə atılan addımlar isə milli-mənəvi irsin yaşadılması və davam etdirilməsi baxımından misilsiz əhəmiyyətə malikdir.
Dünya mədəni irsinin qorunmasına həsr olunmuş əlamətdar günlərdən biri də hər il 18 aprel tarixdə qeyd edilən Beynəlxalq Abidə və Tarixi Yerlərin Mühafizəsi Günüdür. Bu gün 1983-cü ildə YUNESKO yanında fəaliyyət göstərən Beynəlxalq Abidə və Görməli Yerlərin Mühafizəsi Şurası (İKOMOS) tərəfindən təsis edilmişdir. Bayramın əsas məqsədi dünya mədəni irsinin mühafizəsi, bərpası və təmiri məsələlərinə ictimai diqqəti artırmaq, bu istiqamətdə maarifləndirməni gücləndirməkdir. Bu təşəbbüsün ideoloji təməli ondan ibarətdir ki, tarixi və mədəni əhəmiyyət daşıyan yerlər yalnız onların yerləşdiyi ölkə üçün deyil, bütün bəşəriyyət üçün dəyər kəsb edir. Mədəni irs nümunələri ortaq tariximizin, mədəni müxtəlifliyimizin və mənəvi dəyərlərimizin ifadəsidir. Bu günün mahiyyəti insanlarda öz tarixi irsinə dərin hörmət hissinin formalaşdırılması, gənclərə Vətən sevgisi aşılanması və doğulub boya-başa çatdıqları məkanların keçmişini öyrənmək istəyi yaratmaqla bağlıdır. 18 aprel tarixinin qeyd olunması, eyni zamanda cəmiyyətin diqqətini abidələrin qorunmasına, onlara qayğı ilə yanaşmağa, milli və bəşəri irsə sahib çıxmağa yönəldir. Bu da göstərir ki, mədəni irsin qorunması təkcə dövlət qurumlarının deyil, cəmiyyətin hər bir üzvünün borcudur.
Zenfira SEYİDOVA
Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi,
Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin baş müəllimi
Digər xəbərlər