Qazaxıstan İƏT-də sədrliyi qəbul edəcək
21:28 03.12.2024
0
0
0
NAXÇIVAN :
03 Dekabr 2024, Çərşənbə axşamı
Naxçıvan şəhərinin simvoluna çevrilən tikililərin biri də romantizm ədəbi-bədii cərəyanının danılmaz simalarından biri olan dahi Hüseyn Cavidin məzarı üzərində inşa olunmuş sərdabətipli məqbərədir. Hər gün yüzlərlə insan bu məqbərənin yanından gah tələsik şəkildə işə, gah da sakitcə dərsə doğru yol alır. Məqbərənin ətrafında salınmış kiçik park bəzən kitabsevərlərin öz hissləri ilə iç-içə olduğu nağıllar aləminə, bəzən isə dostlarınız və ailə üzvləriniz ilə yeni xatirələri bir araya topladığınız kiçik bir kitaba çevrilir. Şərqin Şeksprinin “İblis” əsərində bəhs etdiyi oddan-alovdan yaranmış aləmlər sanki dahi sənətkarın bəyaz məzarının simasında sönmüş və sükuta qərq olmuşdur. Bəlkə də sənətkar yazdığı əsərlərdən ibrət almayaraq müharibələr içində olan bu dünyadan bezmişdi. Nə bilmək olar... Bu səssizlik özündə nələri gizlədir görəsən? Repressiya dövründə müdafiə etdiyi fikirləri, Bakıda həbsdə olarkən yaşadığı nisgili, yoxsa özü ilə birlikdə Vətənindən uzaqlaşacaq sənət dostlarını? Bu bəyaz məqbərə sanki öz simasında neçə illərdir, Vətənə həsrət qalan bir sənətkarın kədərini təcəssüm etdirir... Bəlkə də, Cavid əfəndinin cansız vücudunun yatıb-uyuduğu yer bir vaxt onun məşhur əsərlərini düşünüb əli çənəsində fikrə getdiyi məkanlar idi... Elə məqbərənin arxa hissəsində də şairin həyatının bir hissəsinin keçdiyi ev-muzeyi yerləşir. Bəlkə də “Ana” dramındakı Qanpoladın ölümü, Səlma ananın oğlunun qatilini bağışlaması və başqa əsərlərin sirli gedişatı bu məqbərənin ətrafındakı sükutda gizlənir. Xudmani və xatirələrlə dolu bir ev...
“Şeyda”, “Xəyyam”, “Topal Teymur” və daha nələr-nələr... Sibirin ucsuz-bucaqsız ərazisində yaşamağa məcbur edilmiş Hüseyn Cavidin məzarının 59 nömrəli taxtadan düzəldilmiş baş daşını Naxçıvan şəhərinin bəyaz və ehtişamlı məqbərəsinə çevirən o tarixi gedişat nə idi görəsən?.. Tarix 1956-cı ili göstərir... Dahi şair və dramaturq Cavid əfəndi Azərbaycan SSRİ Ali Məhkəməsinin hökmü ilə bəraət alır, lakin həmin vaxtlar soyuq Sibirdə şairin nəşinin tapılması müşkül məsələyə çevrilir... Ulu Öndər Heydər Əliyevin böyük səyləri nəticəsində Moskvada aparılan müzakirələr və razılaşmalardan sonra 1982-ci ildə Hüseyn Cavidin nəşinin axtarılıb tapılması işi Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova tapşırılır... Həmin illərdən danışarkən Həmid Cəfərov deyirdi: “Qərarın icrası məsuliyyətli və çətin olsa da, məhz onun arxasında Heydər Əliyevin adı durduğu üçün heç bir müşküllükdən söhbət gedə bilməzdi. Əksinə, Ulu Öndərimizin adı, şərəfli bir işə dəstək durması Cavidin mənəvi övladları olaraq bizə qol-qanad verirdi. Çünki bu qərarın icra olunmasına bilavasitə Heydər Əliyevin özü rəhbərlik edirdi”.
Sibirə səfər etməmişdən qabaq Hüseyn Cavidin İrkutsk vilayətinin Tayşet rayonunda yerləşən ahıllar xəstəxanasında dünyasını dəyişməsi, daha sonra isə Şevçenko kəndindəki məzarlıqda dəfn olunduğu aşkar edilir... Sibirə səfərə yollananlar arasında muxtar respublikanın daxili işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev və o zaman SSRİ-nin ən cavan deputatı olan Zakir Nəsirov da var idi...
Soyuq Sibirin donmuş torpaqlarında romantizm atəşi ilə yanan bir ədibin, bəlkə də, tək istəyi doğma torpağı Azərbaycanda, daha da dəqiq desək, Naxçıvan torpağında dəfn olunmaq idi...
Həmin ahıllar xəstəxanasının dağıdılması, Şevçenko kəndinin itib-batması yaranan ümidləri get-gedə sarsıdırdı... Lakin 30 dərəcə şaxta altında öz iradəsindən dönməyən heyət, nəhayət, dahi dramaturqun 59 nömrəli məzarını tapırlar... Plana görə Hüseyn Cavidin nəşi Şevçenko-Tayşet-İrkutsk-Moskva-İrəvan-Naxçıvan marşrutu ilə doğma torpağına gətiriləcəkdi... Lakin Ulu Öndər Heydər Əliyevin qəti əmri ilə Hüseyn Cavidin nəşi Moskvadan birbaşa Bakıya gətirilməli idi. Qərar ciddi idi, Bakıdan gedən sənətkar Bakıya da gətirilməli idi... Nəhayət, təqvim 26 oktyabr 1982-ci ili göstərir... Dahi şair Moskvadan birbaşa Bakı şəhərinə, oradan isə doğulduğu Naxçıvana gətirilir...
İlk vaxtlar Hüseyn Cavidin məzarı üzərində bəyaz rəngdə olan, şəhərin simvoluna çevrilən bu məqbərəni görmək mümkün deyildi... Məzar tənha bir şəkildə yaşadığı evin qarşısında dayanırdı... 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və memar Rasim Əliyevin verdiyi layihə əsasında məzarın ətrafında yerləşən tikililər sökülmüş və məqbərənin inşasına başlanmışdır...
Məqbərənin xaricindən baxıldıqda açıq-aşkar sarı və qırmızı rəngli ulduz ornamentləri işləndiyini görürük... İçəriyə daxil olduğumuz zaman ornamentlərdən düşən Günəş şüaları məqbərənin gözəlliyinə başqa bir gözəllik qatır...
Məqbərənin içərisində məzarları göstərən böyük şüşə pəncərənin tuşu ilə isə heykəltaraş Ömər Eldarovun imzasını özündə birləşdirən Hüseyn Cavidin büstü yerləşir... Sanki büstün simasında bədbəxtlik və xoşbəxliyi özündə birləşdirən cizgilər əks olunub...
Məqbərənin arxa hissəsinə baxdıqda isə məzarlara enən ikinci bir qapını, qapının üzərində isə memar Rasim Əliyevin və heykəltaraş Ömər Eldarovun adlarının əks olunduğunu görürük.
Kim deyə bilərdi ki məqbərə Hüseyn Cavidlə birlikdə həyat yoldaşı Müşkünaz xanımın məzarını Bakıdan, oğlu Ərtoğrolun məzarını isə Naxçıvan şəhərinin başqa bölgəsindən və daha sonra qızı Turan xanımın da cansız vücudunu böyük pəncərədən göstərəcək... Həyat, həqiqətən də, qəribədir...
Gün ərzində yanından ötüb keçdiyimiz bu məqbərənin nə qəribə taleyi var imiş. Quruca mərmərin taleyi çətin ki, olsun... Lakin o bəyaz mərmərə həmin nisgili və ehtişamı qatan məhz həmin bəyaz mərmərdən Naxçıvan şəhərinə boylanan Şərqin Şekspiri Hüseyn Caviddir...
Rafiq TƏHMƏZOV
Digər xəbərlər