NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Beşinci sosial paket əhalinin yaşayış səviyyəsinə əhəmiyyətli təsir göstərəcək

...

Azərbaycan dövlətinin daxili siyasətinin ən mühüm istiqamətlərindən biri olan sosial müdafiə və sosial təminat sahəsində aparılan dərin islahatlar vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması və yaşayış səviyyəsinin yüksəldilməsinə etibarlı təminat yaradır.“Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik” ideyası ölkəmizi regionda əhəmiyyətli siyasi-iqtisadi gücə çevirən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin əsas ana xətti olaraq insanları firavan həyata qovuşdurmaqdadır. Aparılan məqsədyönlü sosial siyasətin nəticəsidir ki, 2003-cü ildən bu günədək dövlətimizin başçısı tərəfindən imzalanan fərman və sərəncamlar 15-dən çox yeni aylıq sosial ödəniş növünün təsis edilməsinə, habelə pensiya təminatında humanist yanaşmaların tətbiqi sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb. 2018-2023-cü illərdə isə 4 milyondan çox vətəndaşı əhatə edən, 7 milyard manatlıq 4 sosial islahat paketi icra olunub, minimum əməkhaqqı 2,7 dəfə, pensiya məbləği isə 2,5 dəfə artırılıb.
Ötən il dekabrın 23-də Prezident cənab İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam da bu siyasətin məntiqi nəticəsidir. Bu Sərəncamın verilməsi Azərbaycan vətəndaşlarının, o cümlədən bütün həssas kateqoriyadan olan insanların sosial rifahının yaxşılaşmasına müsbət təsirini göstərəcək. Ümumiyyətlə, Prezidentin sosial sahədə imzaladığı sərəncamların əsas mahiyyəti Azərbaycanı inkişaf etmiş sosial dövlətə çevirmək və Azərbaycan əhalisinin sosial rifah halını dünyanın qabaqcıl ölkələrinin sosial rifah halına çatdırmaqdan ibarətdir. 
Prezidentin yeni Sərəncamı ilə 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manat, əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılıb. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.Yeni sosial islahatlar paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Eyni zamanda Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında qərarlarında dəyişiklik edərək əməkhaqqılara yeni artımları təsdiqləyib. Verilən son rəsmi açıqlamalara görə, minimum əməkhaqqının artırılması, pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min, ümumi sosial paket isə 3 milyon vətəndaşı əhatə edəcək. Ümumiyyətlə, 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və göründüyü kimi və bu il də artım dinamikası davam edir.
Xüsusilə vurğulamaq lazımdır ki, minimum əməkhaqqının artırılması həm dövlət, həm özəl, həm də bələdiyyə sektorunda çalışan, Vahid Tarif Cədvəli üzrə maaş alan hər bir ölkə vətəndaşının sosial rifah halının yaxşılaşdırılmasına səbəb olacaq. Minimum əməkhaqqının 20 faiz civarında artırılması bəzi kateqoriyadan olan vətəndaşların əməkhaqqının 80 manat artımına gətirib çıxaracaq. Bu da 2025-ci il üçün proqnozlaşdırılan və üzləşdiyimiz inflyasiyadan iki dəfəyə yaxın çox məbləğdir. Ümumilikdə, bu islahatlar çərçivəsində 700 min və daha çox vətəndaş əməkhaqqı, təxminən, 1,1 milyon nəfər pensiya, 1,2 milyon nəfər isə sosial müavinət və təqaüd artımlarından faydalanacaq. Eyni zamanda ünvanlı dövlət sosial yardımın minimum məbləğinin artırılması həmin sosial yardıma cəlb olunan ailələrin sayının, həm də ailədə hər nəfərə düşən müavinətin məbləğinin artmasına səbəb olacaq.
Nəticə olaraq yeni sosial paket əhalinin sosial rifahının yaxşılaşmasına, aztəminatlı ailələrin sosial rifahının güclənməsinə və həyat səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərəcəkdir.

Məmməd MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Nəşr edilib : 18.01.2025 12:00