NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

“Bərəkət Qida Məhsulları” MMC-də əməkdaşlar üçün əməyin mühafizəsi təlimi keçirilib

...

Sentyabrın 15-də “Bərəkət Qida Məhsulları” MMC-də əməkdaşların iş mühitində təhlükəsizliyinin təmin edilməsi və əməyin mühafizəsi biliklərinin artırılması məqsədilə maarifləndirici təlim təşkil olunub. Təlim “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi və “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının birgə təşəbbüsü ilə reallaşıb.

Proqram çərçivəsində iştirakçılara iş yerlərində əməyin mühafizəsinin təşkili, texniki təhlükəsizlik qaydalarının tətbiqi, istehsalat risklərinin azaldılması və attestasiyanın düzgün aparılması ilə bağlı əhəmiyyətli məlumatlar təqdim olunub. Təlim zamanı “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov əməyin mühafizəsinin müasir iş mühitində rolundan danışaraq bu istiqamətdə qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyini diqqətə çatdırıb. Mərkəzin əməkdaşı Mahmud Rzalı iş yerlərində rast gəlinən risk faktorları və onların aradan qaldırılması yollarına dair praktiki nümunələr təqdim edib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Güllü Sadiqli isə müəssisələrdə əməyin mühafizəsi qaydalarının tətbiqi mexanizmləri və dövlət nəzarətinin əsas istiqamətləri barədə geniş məlumat verib.
İştirakçılarla praktiki nümunələr əsasında iş situasiyaları təhlil olunub, interaktiv müzakirələr aparılıb və həll yolları müştərək şəkildə müəyyənləşdirilib. Naxçıvan Təlim Mərkəzi və “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin Naxçıvan filialı regionda əməyin mühafizəsi və təhlükəsiz iş mühitinin təşviqi istiqamətində mütəmadi olaraq bu kimi tədbirlər həyata keçirir. Belə təşəbbüslər əmək mədəniyyətinin inkişafına, istehsalat risklərinin minimuma endirilməsinə və təhlükəsizliyin prioritetə çevrilməsinə mühüm töhfə verir.

Nəşr edilib : 15.09.2025 16:52