Bozumbayev: Rusiya və Azərbaycan aviaqəzanın krimi...
22:12 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
Qədim dövlətçilik tarixinə malik olan türklər əsrlər boyu öz döyüşkənliyi və vətənsevərliyi ilə seçiliblər. Tarixin tozlu səhifələri türk xalqının qəhrəmanlıqları ilə zəngindir. Belə möhtəşəm günlərdən birini də 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında ölkənin cənub-qərbini yunan işğalından azad edərək tarixə yazıb.
Qurtuluş savaşında İstanbulun fəthi qədər möhtəşəm bir mübarizəyə şahid oldu bütün dünya. Böyük hücum Türkiyə Qurtuluş savaşının həm hərbi, həm də siyasi baxımdan ən mühüm dönüş nöqtələrindən biri idi. Türk ordusunun yunan işğalına qarşı qələbəsi Türkiyənin istiqlal və suverenlik mübarizəsini dəstəkləyən təməl daşlardan birini təşkil etdi.
Cümhuriyyətə aparan yol çox çətin və mürəkkəb olub.
1920-ci ilin avqustunda Birinci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Qərb dövlətləri (Britaniya, Fransa, ABŞ) tərəfindən masaya qoyulan təslimçi sazişə imza atmalı olmuşdu. Həmin sazişə görə, Osmanlı imperatorluğu 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən indiki Türkiyənin böyük bir hissəsini itirirdi...
Mustafa Kamal Paşanın rəhbərliyi ilə Qurtuluş savaşına qalxan Türkiyə xalqı İstanbuldakı sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşıladı, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi onu təsdiqləməkdən imtina etdi. Türk millətinin və Türkiyə dövlətçiliyinin var olduğunu dünyaya və Qərb müttəfiqlərinə qəbul etdirmək üçün isə, hər şeydən öncə, hərb meydanında zəfər lazım idi.
1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş etdirmişdi. 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük hücum”) zəfərinin təməli də Sakarya savaşında qoyulmuşdu.
1922-ci il avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Mustafa Kamal Paşanın əmri ilə düşmən üzərinə hücuma keçdi. İki gün içərisində yunan ordusunun beş diviziyası darmadağın edildi. 30 avqustda artıq yunan qoşunları müdafiə qabiliyyətini itirmişdi. Əskişəhər və Afyonu tamamilə nəzarətə götürən türk hərbi birlikləri yunan qoşunlarını bütün cəbhə boyunca qovaraq sentyabrın 6-7-də Balıkəsir və Aydını azad etdi, sentyabrın 9-da isə yunanların müdafiə xəttini yararaq İzmirə daxil oldu.
İki həftə içində türk ordusu 100 kilometr enində cəbhə boyunca 500-600 kilometr irəliləmiş, yunan qoşunlarının qalıqları Aralıq dənizinə çataraq gəmilərlə bölgəni tərk etməyə başlamışdılar. Bu zəfər naminə 13 min türk əsgəri canını fəda etmişdi...
Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd edilib. Rəsmi olaraq Zəfər bayramı 1936-cı ilin may ayında elan olunub.
30 avqust zəfəri türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açdı. Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyinə atıldı. İrəlidə bütün vətən torpağında suverenliyi bərqərar etmək missiyası dururdu. Bir il sonra 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan etdi.
Bir ananın iki oğlu
Dünyada çox az xalq tapılar ki, onlar bir-birinin Vətəninə ana deyib onun azadlığı uğrunda canından və malından keçə. Azərbaycan və Türkiyə öz qardaşlığı ilə dünyada yeganə örnəkdir. Tarixin tozlu səhifələrini vərəqləyəndə Azərbaycan və Türkiyə mədəni əlaqələrinin tarixi və milli-mənəvi köklərinin bir-birilə qırılmaz tellərlə bağlılığını görürük. Etnik, tarixi, milli-mənəvi və ictimai-siyasi təməllərə söykənən bu qardaşlıq bağları çox qədim və zəngin ənənələr üzərində qurulub. Tarixboyu bir çox taleyüklü məsələlərin həllində də bu xalqlar çətin, ağır vəziyyətlərdə bir-birinə yardım edib, arxa-dayaq olublar.
Birinci Dünya müharibəsi zamanı yüzlərlə azərbaycanlı könüllü olaraq Türkiyəyə yollandı, Osmanlı ordusunda düşmənə qarşı mübarizə apardılar. Çanaqqala zəfərinin qazanılmasında onlarla azərbaycanlının da payı vardır. 1919-cu ildə qardaş ölkədə milli mücadilə hərəkatının genişləndiyi xəbərini alan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi dərhal türk xalqına dəstək planını həyata keçirib. Cümhuriyyətin Baş naziri Nəsib bəy Yusifbəyli 1,5 milyon fransız frankı məbləğində pul yardımı çekini və neft qəbzlərini Türkiyəyə göndərib. Bundan başqa, Anadoluda 1922-ci ildə milli mücadilənin başlandığını eşidən ana-bacılarımız qulaqlarındakı sırğaları, barmaqlarındakı üzükləri çıxararaq Türkiyəyə göndəriblər. Kazım Qarabəkir paşa “İstiqlal hərbimiz” adlı əsərində yazır ki, Nəsib bəy Yusifbəyli Anadoluya vurduğu teleqramda Rauf bəy Orbayın Türkiyədən Azərbaycana gəlməsini və nə qədər tələb olunursa, silah verməyə hazır olduqlarını bildirmişdi. Bütün bunlar azərbaycanlıların dostluqda, qardaşlıqda sədaqətliliyinin və qardaş Türkiyəyə böyük sevgisinin təzahürü idi. Bu gün də qardaş ölkədə şəhadət şərbəti içən azərbaycanlı oğulların igidlik dastanı gələcək nəsillərə sevə-sevə öyrədilir.
Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində eyni sevgini, dəstəyi qardaş Türkiyə xalqından görüb. Ənvər paşa, Nuru paşa, Kazım Qarabəkir paşa və Azərbaycanı öz vətəni kimi sevən neçə-neçə türk sərkərdənin adını müstəqillik qazandıqdan sonra eşitdik çoxumuz. Onlar 1918-1920-ci illərdə erməni daşnaklarının ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Naxçıvanda törətdikləri qırğınlara biganə qalmayıb, müqavimət qüvvələrimizin köməyinə gəliblər.
“İgid, şəhid olduğu yerdə dəfn edilər”, – deyərlər. Neçə-neçə türk övladı da qədim yurdumuzda şəhadət zirvəsinə ucalıb, burada dəfn olunub. Onların əziz xatirəsini yetmişillik sovetlər dönəmində xalqımızın yaddaşından silməyə çalışsalar da, zaman öz sözünü dedi. Müstəqillik qazandıqdan sonra Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə türk şəhidlərinin adları bir daha xatırlandı, onların şərəfinə abidələr ucaldıldı. Bu gün Naxçıvan şəhərində ucalan türk şəhidləri abidəsi, Sədərək rayonunda Şəhidlər xiyabanının yaxınlığında yerləşən Əli çavuşun məzarı üzərində ucalan abidə qəhrəmanlıq nümunəsi, qardaşlıq simvoludur.
Bu gün də Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından mətanətlə çıxmış qardaşlıq, dostluq bağları sıx birləşdirir. Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və Ulu Öndərimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” müdrik kəlamları yolumuza nur saçır.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər