Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Ədəbiyyat, poeziya, şeir və şeiriyyət... Bu sözlərin altında elə bir tilsim yatır ki, bu tilsim gah Məmməd İbrahimov kimi cavan bir oğlanı Məmməd Araztək şair edir, gah da eşqdən sulanmış gözlər ilə milyon fikir içində yollara baxdırır... Qəribədir, görəsən həmin baxışların altında nələr yatırdı. Naxçıvandan Bakıya, Vətən sevgisindən yar sevgisinə uzanan dərin və mənalı baxışlar...
Şahbuz rayonunun Nursu kəndində doğulan balaca Məmməd, bəlkə, özü də bilmədən həyatın mancanağına qoyularaq poeziya atəşinə atılmışdı. Şairləri şair edən qəlbindəki sevgidir deyirlər... Ya xoşbəxtlikdən şair olursan, ya da xatirələrin buraxdığı acı nisgildən... Bir yanda Araz təxəllüsü, bir yanda qəlbinin bir tərəfində qalan həmin o xatirələr...
Onun poeziyasının dərinliklərində gah Vətən “oğullarının gözünün atəşi gözəl əridir”, gah da taleyin oyunundakı cütlənmiş zərlər hey atılsa da, qoşa düşmür... Hətta şair özü də şeirlərində sevginin atəşindən üsyan edərək bütün sirlərini bilən anasına belə məhəbbət sirrini deyə bilməyib, o gündən bəri qəlbini heç kimə vermədiyini deyir...
Şeirlərinə musiqilər bəstələnən şair sanki öz müəllifi olduğu sözləri dinlədikcə Məmməd Araz olduğunu unudaraq yenidən Nursu kəndinin balaca Məmmədinə qayıdır...
Nə bilmək olar... Bəlkə, hələ də Məmməd Arazın şeirlərindəki bəzi misralar Nursu kəndinin yollarında ilişib qalıb... Və nəhayət, Məmməd Arazın həyatının Bakı çağı başlayır... Coğrafiya fakültəsini bitirən şair, eyni zamanda sözün xəritəsinin incəliklərinə də bələd olmağı bacarırdı...
50-ci illər... Məmməd Arazın Azərbaycan ədəbiyyatında parlayan ulduzlar arasında sayrışmağa başladığı həmin çağ... Jurnallarda dərc olunan şeirlər, mətbəələrdə çap olunan kitablar Məmməd Araz poeziyasını hər keçən gün irəli aparmağı bacarırdı.
Azərbaycan ədəbiyyatının danılmaz simalarını yetişdirən diyarlardan biri də məhz elə Naxçıvan yurdudur... Azərbaycan ədəbiyyatı deyilərkən Şəki-Şamaxı, Qarabağ-Zəngəzur eli kimi ünvanlarla yanaşı, Naxçıvan torpağının adının çəkilməsi də məhz elə neçə-neçə Cavidlərin, Mirzə Cəlillərin, Sidqilərin və ən nəhayətində müasir-romantik poeziya aləminin qələm sahibləri olan İslam Səfərlilərin və Məmməd Arazların bu torpaqda yetişməsidir... Gedən şairlərdən bizə yadigar qalanlar təkcə buraxdıqları söz mirasıdır:
Bəlkə, bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? –
Leysan, salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!
Rafiq TƏHMƏZ
Digər xəbərlər