Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cə...
14:43 05.02.2025
0
0
0
NAXÇIVAN :
05 Fevral 2025, Çərşənbə
Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapan, 1999-cu ilin dekabrında ilk seçkilərin keçirilməsi ilə yaradılan bələdiyyə institutunun inkişafı, fəaliyyəti üçün ötən dövrdə zəruri hüquqi baza formalaşdırılıb, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, bu sahədə zəngin təcrübə qazanılıb. Dövrün tələbinə uyğun bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılmasının, təkmilləşdirmənin aparılmasının zəruriliyi nəzərə alınaraq yeni qanunvericilik bazası formalaşdırılıb və ötən il noyabrın 25-də Azərbaycan Prezidenti cənab İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib. Həmçinin “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul olunub. Həmin normativ-hüquqi aktlara əsasən Naxçıvanda da birləşdirmə yolu ilə yeni bələdiyyələr yaradılıb və seçkilərin nəticələrinə uyğun proses tam gerçəkləşdiriləcək. Bu baxımdan budəfəki bələdiyyə seçkilərini yeni dəyişikliklərin fonunda “Konstitusiya və Suverenlik İli”nə mühüm töhfə kimi də dəyərləndirmək olar. Ümumiyyətlə, yeni qanunvericilik bələdiyyələrin fəaliyyətini hansı əsaslarla tənzimləyəcək, seçkidən sonrakı mərhələdə bu sahədə dəyişikliklər nələrdən ibarət olacaq? Elə bu və digər suallarımızı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Xəyal Eyvazova ünvanladıq:
– Xoş gördük, Xəyal müəllim. Bildiyimiz kimi, ilk milli Konstitusiyamız əsasında yaradılan, 25 ildən artıq bir yol qət edən yerli özünüidarəetmə orqanı-bələdiyyələrlə bağlı vəziyyət zaman-zaman müzakirə mövzusu olub. Günümüzdə də bu məsələ öz aktuallığını qoruyur. Bu baxımdan istərdim ilk olaraq bu yerli təsisatın işinin təşkili ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəalara qısaca aydınlıq gətirək.
– Yerli özünüidarə sisteminin təkmilləşdirilməsi və inkişafı ölkədə vətəndaş cəmiyyətinin formalaşması, demokratik, hüquqi dövlətin möhkəmlənməsi baxımından çox vacibdir. Bu göstəricilər bütün demokratik ölkələr kimi müstəqil Azərbaycan Respublikası üçün də xarakterikdir. Ümummilli Lider Heydər Əliyev cəmiyyətin demokratikləşməsi və səmərəli idarə edilməsində yerli özünüidarəetmənin rolunu yüksək qiymətləndirirdi. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının dördüncü bölməsinin, bütövlükdə, yerli özünüidarəetməyə həsr edilməsi bunun bariz ifadəsidir. Konstitusiyada yerli özünüidarənin təşkili forması, bələdiyyələrin işinin təşkili və bələdiyyələrin səlahiyyətləri göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasında yerli özünüidarəni bələdiyyələr həyata keçirir və bu təsisatlar seçki əsasında yaradılır. Bələdiyyələr öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsilə həyata keçirir. İclasları bələdiyyənin sədri çağırır. Konstitusiya ilə nəzərdə tutulmuş qaydada bələdiyyə iclaslarında bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi, bələdiyyənin reqlamentinin təsdiq edilməsi, bələdiyyə sədri və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi, yerli vergilərin və ödənişlərin müəyyən edilməsi, yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam, yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf və yerli ekoloji proqramların qəbulu və icrası məsələləri müzakirə olunur. Eyni zamanda Konstitusiyada nəzərdə tutulmuş qaydada bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.
– Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi yerli özünüidarəetmə orqanları ilə işi necə qurub, ötən dövrdə hansı təşkilati, maarifləndirici tədbirlər həyata keçirilib?
– Bələdiyyələrin işinin təşkilinə kömək və onlara metodoloji yardımın göstərilməsinin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi dövlət başçısının müvafiq fərmanları ilə Ədliyyə Nazirliyinə həvalə olunub və bu vəzifələrin icrası nazirliyin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən həyata keçirilir. Mərkəz tərəfindən bələdiyyələrə metodoloji yardımın göstərilməsi, onların maarifləndirilməsi məqsədilə il ərzində çoxlu sayda seminarlar keçirilib, bu tədbirlərdə xeyli bələdiyyə üzvü və qulluqçusu iştirak edib. Eyni zamanda bələdiyyə aktlarının hüquqi ekspertizası və müraciətlər üzrə araşdırma zamanı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 30-a yaxın tövsiyə və kargüzarlıq sahəsi ilə bağlı bir çox nümunələr hazırlanaraq göndərilib. Həmin tövsiyələr yerli büdcənin müzakirəsi, aktların inzibati nəzarət orqanına vaxtında təqdim edilməsi, bələdiyyə torpaqlarının idarə olunması, torpaq sahələrinin mülkiyyətə (icarəyə) ayrılması zamanı qiymətlərin bazar qiymətlərinə uyğunlaşdırılması, yerli vergi və ödənişlərin yığılması və digər məsələlərlə bağlı olub. Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilib, yol verilmiş nöqsanların, qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha yol verilməməsinin zəruriliyi göstərilib.
– Məlum olduğu kimi, ötən il noyabrın 25-də dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqləndi. Eyni zamanda “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul olundu və yanvarın 29-da keçiriləcək seçkilər yeni qanunların tətbiqi üçün geniş imkanlar açacaq. Bu baxımdan dəyişiklər barədə nə deyə bilərsiniz?
– Son illər ölkəmizdə həyata keçirilmiş genişmiqyaslı islahatlar və sosial-iqtisadi inkişafda əldə edilən nailiyyətlər bələdiyyələrin fəaliyyətlərinin müasir səviyyədə qurulmasını zəruri edib. Yerli özünüidarəetmə fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə maliyyə-iqtisadi, kadr potensialı, ərazinin coğrafi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla mövcud və yeni yaradılacaq bələdiyyələr üçün qanunvericilikdə aşağı hədd kimi əhali sayını 3000 nəfər, ev təsərrüfatlarının sayını isə 1000 vahid müəyyən edən müddəalar “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanunlarında əksini tapıb. Hesab edirik ki, bu sahədə aparılan islahatlar yerli özünüidarəetmədə müəyyən xərcləri azaldacaq və bu qurumların maliyyə-iqtisadi potensialını kifayət qədər genişləndirəcək. Bu da bələdiyyə üzvlərinin və qulluqçularının sosial təminatlarının yaxşılaşmasına, vətəndaşların bələdiyyə seçkilərinə və bələdiyyə qulluğuna marağının artırılmasına gətirib çıxaracaq və yüksəkixtisaslı kadrları bələdiyyə qulluğuna cəlb etməklə idarəetmədə müasir informasiya texnologiyalarının tətbiqi imkanlarını artırmaq mümkün olacaq. Nəticədə, bələdiyyə idarəetməsinin keyfiyyəti və səmərəsi yüksələcək, şəffaflıq və hesabatlılıq tam təmin ediləcək.
– Bələdiyyələrlə birbaşa əlaqəli təşkilat kimi seçkilərin nəticələrinə uyğun dəyişikliklərdən irəli gələn gələcək fəaliyyət istiqamətlərini necə görürsünüz?
– Yerli əhəmiyyətli məsələlərin tam həllinə nail olunması, vətəndaşların sosial problemlərinin həll edilməsi, sosialyönümlü layihələrin həyata keçirilməsi üçün bələdiyyələr zəruri maliyyə imkanlarına malik olmalıdırlar. Reallıqda isə əksər bələdiyyələrin mövcud büdcələri nəinki layihələrin həyata keçirilməsinə imkan verir, hətta cari fəaliyyətinin təşkilini belə ödəmir. Bu mənada, ən ciddi problemlərdən biri də vəsaitin yığılması və büdcənin formalaşması ilə bağlıdır. Yaranan çətinlik qanunvericiliklə bağlı deyil, əsas səbəb bir çox bələdiyyənin bu məsələyə soyuq münasibətilə əlaqədardır. Ona görə də bələdiyyə sədrləri öz vəzifələrinin icrasına ciddi əməl etməli, bələdiyyənin inkişafına çalışmalıdır. Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması işinin səmərəli təşkili məqsədilə mərkəzin əməkdaşları tərəfindən mütəmadi olaraq yerlərdə yerli vergi və ödənişlərin toplanması, vergi ödəyicilərinin uçotunun düzgün aparılması, vergi ödəməkdən yayınanlarla bağlı qanunamüvafiq tədbirlərin görülməsi, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması sahəsində bələdiyyələrə müvafiq köməkliklər göstərmək və eyni zamanda bu sahədə olan çatışmazlıqları araşdıraraq nəticəsi barədə ümumiləşdirmələr aparılması istiqamətində işlər həyata keçirilir. İnanırıq ki, bu sahədə görüləcək işlər nəticəsində bələdiyyə fəaliyyətində qanunçuluğun təmin edilməsi, qanun pozuntularının qarşısının alınması, bələdiyyə büdcəsinin yerli vergi və ödənişlər hesabına formalaşması işində müsbət nəticələr əldə olunacaq. Bu əsasda bələdiyyələr vətəndaşların bir sıra yerli əhəmiyyətli problemlərinin həlində öz imkanlarını daha da artıracaq. Bələdiyyə sədrləri əhali arasında vergilərin ödənilməsi ilə bağlı geniş maarifləndirmə və təbliğat işi aparmalı, seçiciləri qarşısında hesabat yığıncaqlarını daim keçirməli, vergilərdən əldə olunacaq gəlirlərin vətəndaşları narahat edən yerli problemlərin həllinə yönəldiləcəyini bildirməlidirlər. Bir sözlə, sakinlərlə sıx əlaqə qurmadan, onlara vergi ödəmək mədəniyyəti aşılamadan, bələdiyyənin fəaliyyətini təbliğ etmədən vergiləri tam həcmdə yığmaq mümkün olmayacaq. Hər bir kəs bələdiyyə fəaliyyətinin formalaşmasında iştirak etməli və bələdiyyədə şəffaflığın və hesabatlılığın artırılmasında ictimai nəzarətin gücləndirilməsinə dəstək göstərməlidir.
– Suallarımızı ətraflı cavablandırdığınız üçün təşəkkür edirik!
Nail ƏSGƏROV
Digər xəbərlər