Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
NAXÇIVAN :
05 Dekabr 2024, Cümə axşamı
Dekabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyadan bildiriblər ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanın daha bir mühüm ictimai-siyasi proses ərəfəsində olduğunu qeyd edib. “Məlum olduğu kimi, 2025-ci il yanvarın 29-da ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Siyasi sistemin aparıcı qüvvəsi olan YAP indiyədək bütün seçkilərə yüksək səviyyədə hazırlaşıb və inamlı qələbələrə imza atıb. Xalqın etimadını layiqincə doğruldan YAP növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatılır”, - deyən Tahir Budaqov bələdiyyə seçkilərinin keçiriləcəyi 118 seçki dairəsinin hər biri üzrə YAP-ın öz namizədlərini irəli sürəcəyini diqqətə çatdırıb.
Sonra iclasın gündəliyində olan məsələlər haqqında məlumat verilib.
İclasda ilk olaraq “Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı” müzakirə edilərək təsdiq olunub.
Daha sonra Yeni Azərbaycan Partiyasının 19 nəfərdən ibarət Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub.
İdarə Heyətinin qərarı ilə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi, həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər təyin edilib.
İclasda çıxış edən YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri Arif Rəhimzadə, Hikmət Məmmədov, Mübariz Qurbanlı və Aynur Sofiyeva seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən danışıblar.
İclasa yekun vuran Tahir Budaqov əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərinin də mütəşəkkil həyata keçirilməsi üçün partiyanın bütün resurslarının cəlb olunacağına əminliyini ifadə edib və bu prosesdə iştirak edəcək partiya üzvlərinə müvəffəqiyyətlər arzulayıb.
Digər xəbərlər