NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Baş prokuror İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

...

Bu gün Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndələri Mishaal Al-Ahmadi və Yacoub Aloueimine ilə görüşüb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Görüşdə baş prokuror Kamran Əliyev bildirib ki, müstəqil ölkə kimi özünü dünyada təsdiqləyən, bölgədə və dünyada etibarlı tərəfdaş olaraq qəbul edilən Azərbaycan keçmiş sovet respublikaları arasında İslam Konfrans Təşkilatına (indiki İƏT) üzvlük barədə müraciət edən ilk ölkə olub və 1991-ci ilin dekabrında təşkilata üzv seçilib. Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında elm, mədəniyyət, sosial, iqtisadiyyat və digər sahələrdəki əməkdaşlığın dəstəklənməsi missiyası daşıyan İslam Əməkdaşlıq Təşkilatının işinə hər zaman dəstək verib.

Kamran Əliyev qeyd edib ki, Azərbaycan İƏT çərçivəsində İslam dünyasının problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul olunmasında birmənalı və dəyişməz mövqe nümayiş etdirir, təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir. İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olan Azərbaycan təşkilatın müxtəlif qurumları - ICESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə də sıx əməkdaşlıq edir.

Baş prokuror 2022-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən yüksək səviyyəli görüşündə iştirakını xatırladaraq həmin görüşün əhəmiyyətini vurğulayıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Kamran Əliyev bu mühüm tədbirin iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə əhəmiyyətli bir mərhələ olacağını qeyd edib.

İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi Mishaal Al-Ahmadi səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useyminin salamını və Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə təbrikini çatdırıb.

Bildirib ki, müsəlman ölkələrinin birliyinə, İslam həmrəyliyinə mühüm töhfələr verən Azərbaycan və İƏT arasında əlaqələr gələcəkdə də uğurla inkişaf edəcək.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Nəşr edilib : 01.10.2024 15:45