NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Baş prokuror Albaniya Respublikasının Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

...

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir. 
Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Albaniya Respublikasının Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş prokurorluqdan "Şərq qapısı"-na verilən məlumata görə, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Albaniya Respublikası ilə ölkəmiz arasında daima dostluq münasibətlərinin olduğunu bildirən Baş prokuror Kamran Əliyev, iki ölkə arasında bir çox sahələr üzrə güclü əlaqələrin olduğunu, bu münasibətlərin bu ilin mart ayında ölkəmizdə rəsmi səfərdə olmuş Albaniya Respublikasının Prezidenti Bayram Beqay və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasında keçirilmiş görüş zamanı daha da möhkəmləndiyini vurğulayıb.
Kamran Əliyev prokurorluq orqanlarında həyata keçirilən islahatlar, Elektron Prokuror İnformasiya Sisteminin (EPİS) hazırlanması və tətbiqi barədə qonaqlara ətraflı məlumat verərək Azərbaycan Prokurorluq orqanlarının beynəlxalq və regional təşkilatlar, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığından danışıb.
Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçirilməsinin tarixi önəmi barədə məlumat verən Kamran Əliyev belə beynəlxalq tədbirlərin ölkələrarası münasibətlərin inkişafına böyük töhfə verəcəyinə inandığını qeyd edib.
Albaniya Respublikasının Baş prokuroru səmimi qəbula və dəvətə görə təşəkkür edərək ölkəmizdə səfərdə olmasından məmnunluğunu ifadə edib, həmçinin, 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edərək, ölkələrimizin prokurorluq orqanları ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Daha sonra iki ölkənin prokurorluq orqanları arasında transmilli cinayətlərə qarşı mübarizədə, o cümlədən aktivlərin bərpa edilməsi məsələlərində birgə səylərin səmərəliliyini artırmaq, habelə insan hüquq və azadlıqlarının müdafiəsini təmin etmək məqsədilə mövcud əməkdaşlığı gücləndirmək niyyətilə Memorandum imzalanıb.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Nəşr edilib : 01.10.2024 13:16