NAXÇIVAN :

20 Noyabr 2026, Cümə

Bakıda Azərbaycan və İraq türkmanları arasında əlaqələrin inkişafına həsr olunan beynəlxalq konfrans

...

Noyabrın 19-da Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) birgə təşkilatçılığı ilə “Azərbaycan və İraq türkmanları arasında ictimai əlaqələr: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

"Şərq qapısı" xəbər verir ki, konfransın əsas xarici qonaqları sırasında İraqda yaşayan türkmanları təmsil edən elm və ictimaiyyət nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, eləcə də “Azərbaycan və İraq türkmanları arasında mədəni münasibətlər üzrə Koordinasiya Şurası”nın üzvləri yer alıblar.

Konfransda BMTMM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev müasir dövrdə Azərbaycan və İraq türkmanları arasında ictimai-mədəni əlaqələrin inkişaf mərhələlərindən bəhs edib. O, İraq türkmanlarının ortaq tarix, dil və mədəni bağlarına əsasən Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilməli olduğunu diqqətə çatdırıb.

“Koordinasiya Şurası”nın sədri, Bağdad Universitetinin professoru, səfir Mahmud Xəlil Cayırlı Azərbaycan və İraq türkmanları arasında ictimai əlaqələrin inkişafında ortaq dil amilinin əhəmiyyətinə, eləcə də İraqda türkman dilinin qarşılaşdığı problemlərə toxunub.

ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov isə İraq türkmanları ilə həyata keçirilən birgə təşəbbüslər, bu təşəbbüslərin nəticələri və gələcək fəaliyyət planları barədə ətraflı məlumat verib.

Tədbirin əsas spikeri qismində çıxış edən Azərbaycan Respublikası xarici işlər nazirinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov İraq türkmanlarının tarixi baxımdan Azərbaycan mədəniyyət coğrafiyasının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. O, İraq türkmanlarının Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Əfşarlar kimi tarixi dövlətlərin formalaşmasında mühüm rol oynayan tarixi-mədəni irsin daşıyıcıları olduğunu qeyd edib. Eyni zamanda, onların bu gün də Azərbaycan xalqının mədəni kimliyinin bir parçası və mənəvi qardaşı olaraq qaldığını diqqətə çatdıraraq, gələcəkdə Azərbaycan-İraq türkmanları münasibətlərinin də məhz bu ortaq tarixi və mədəni bağlılıq əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tematik mövzular üzrə davam etdirilən müzakirələrdə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Cavid Vəliyev Azərbaycan-İraq türkmanları münasibətlərində vətəndaş cəmiyyəti institutlarının rolundan bəhs edib.

x x x

Konfransın ikinci hissəsində İraqın Təl-Afər şəhərinin meri Xəlil Habiş “Azərbaycan və İraq türkmanları: ortaq tarix və taledən qardaşlaşmış şəhərlərədək”, AMEA Şərqşünaslıq İnstitutu direktorunun müavini Elnur Mustafayev “Milli kimlik, dil və tarixi varislik: qloballaşma və çağırışlar”, İraq Gənclər və İdman Nazirliyi baş direktorunun müavini Muhəmməd Macul Şəkur Əl-Bayati isə “Azərbaycan və İraq türkmanları arasında gənclər siyasəti və ictimai əməkdaşlıq imkanları” mövzularında çıxış ediblər.

Bununla yanaşı, panellər çərçivəsində keçirilən müzakirələrdə İraq parlamentinin IV çağırış deputatı, Ninəva regionu Bələdiyyə Komitəsinin sədri Leylal Muhəmməd Əli Yunis, “İraq Türkman Cəbhəsi”nin bölgə sədri Qasim Muhəmməd əl-Bayati və digər iştirakçılar çıxış ediblər. Çıxışlar zamanı Azərbaycan ilə İraq türkmanları arasında münasibətlər müxtəlif aspektlərdən təhlil olunub, əməkdaşlığın genişləndirilməsi, ortaq təşəbbüslərin inkişafı və perspektivlərlə bağlı bir sıra təkliflər səsləndirilib.

x x x

Tədbir çərçivəsində bir neçə mühüm nəşr və rəqəmsal layihənin təqdimatı da keçirilib.

“İraq türkman dilinin qrammatikası” kitabı İraq türkman dilinin akademik səviyyədə hazırlanmış ilk qrammatika əsəri kimi təqdim olunub. Azərbaycan və İraq türkman alimlərinin birgə iştirakı ilə Azərbaycan dilinin bazasında hazırlanaraq nəşr edilən kitab türkman dilinin elmi əsaslarla öyrənilməsi və tədrisi baxımından mühüm əhəmiyyət daşıyır.

“Türkman dili” tədris vəsaiti isə Azərbaycan və İraq türkman alimlərinin iştirakı ilə hazırlanmış, türkman dilində nəşr olunan ilk tədris vəsaiti kimi diqqət çəkib. İraq orta məktəblərinin I–IV sinif şagirdləri üçün nəzərdə tutulan vəsaitin əsas məqsədi türkman dilinin gənc nəsillərə öyrədilməsi və tədrisinin inkişafına töhfə verməkdir.

Tədbirdə, həmçinin “turkoman.org” və “turkomanheritage.org” portalları təqdim olunub. Bu platformalar son bir əsrdə türkman dili, ədəbiyyatı və tarixi ilə bağlı həm türkman, həm də digər dillərdə nəşr edilmiş kitabların və dövri mətbuat nümunələrinin rəqəmsallaşdırılması, qorunması, araşdırılması və gələcək nəsillərə ötürülməsi məqsədilə yaradılıb.

Qeyd edək ki, hər üç layihə Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) dəstəyi ilə həyata keçirilib.

Nəşr edilib : 19.11.2026 14:35