Naxçıvan Hərbi Kollecində “Heydər Əliyev irsi: Dün...
18:19 09.05.2026
0
0
0
NAXÇIVAN :
09 May 2026, Şənbə
Azərbaycanda orta ixtisas təhsili pilləsini uğurla başa vuran minlərlə gənc üçün subbakalavr statusu sadəcə bir diplom deyil, həm də ali təhsilə gedən yolda mühüm bir keçid fürsətidir. Son illərdə qanunvericilikdə edilən dəyişikliklər bu statusa sahib olan şəxslərə imtahansız bakalavr pilləsinə qəbul olmaq imkanı versə də, prosesin incəlikləri və seçim meyarları hələ də bir çox suallar doğurur.
Mövzu ilə bağlı ilk olaraq Dövlət İmtahan Mərkəzinin Naxçıvan regional bölməsinin müdiri, əməkdar müəllim Sabir Məmmədov subbakalavrların qəbul prosesində diqqət etməli olduğu məqamları qeyd edərək, bildirir ki: “Subbakalavr – orta ixtisas təhsili müəssisələrini (kollecləri) və ya yüksək texniki peşə təhsili səviyyəsini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərdir. Bu təhsil pilləsi həm müstəqil peşə fəaliyyəti üçün zəmin yaradır, həm də ali təhsilə davam etmək üçün real imkan təqdim edir. Subbakalavr peşə-ixtisas dərəcəsi alan və təhsil sənədində bu barədə müvafiq qeyd olan orta ixtisas təhsili müəssisələrinin məzunları ali təhsil müəssisələrinə imtahansız qəbul oluna bilərlər. Qəbul imtahansız olsa da, bu müsabiqəsiz demək deyil. Subbakalavrlar kollecdəki qiymətlərinin ortalaması əsasında bir-biri ilə rəqabət aparırlar. Balı yüksək olan şəxs universitetə daha asan yerləşir. Subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq üçün əvvəlcə Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində şəxsi kabinet yaratmalı, daha sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə edərək DİM-in internet səhifəsinə daxil olub “Subbakalavrların elektron ərizəsi” formasını təsdiq etməlidirlər. Proses zamanı tələb olunan məlumatlar “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur. Müsabiqədə iştirak ödənişsizdir. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalvrlar isə ödənişli olan qabiliyyət imtahanında iştirak etməlidirlər. XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalvrlar seçə bilərlər. Subbakalavrlar həm ödənişli, həm də dövlət sifarişli (pulsuz) yerlər üçün müraciət etmək hüququna malikdirlər”.

Mövzuyla bağlı fikirlərini bölüşən Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov bildirdi ki; “Müasir dövrdə təhsil sistemi əmək bazarının tələblərinə uyğun çevik və praktik biliklərə malik mütəxəssislərin hazırlanmasını əsas prioritet kimi müəyyən etmişdir. Bu baxımdan orta ixtisas təhsili və onun nəticəsi olan subbakalavr dərəcəsi mühüm əhəmiyyət daşıyır. Subbakalavr təhsili xüsusilə texniki və tətbiqi ixtisaslar üzrə bu model əmək bazarının ehtiyaclarına uyğun, peşəkar və rəqabətqabiliyyətli kadrların hazırlanmasına xidmət edir. Subbakalavrların ali təhsil müəssisələrinə qəbulu qüvvədə olan normativ sənədlərə uyğun şəkildə həyata keçirilir. Subbakalavr məzunu yalnız təhsil aldığı ixtisasa uyğun və ya ona yaxın istiqamət üzrə ali məktəbə müraciət edə bilər. Bu uyğunluq ali təhsil proqramının məzmununa və əvvəlki təhsil istiqamətinə əsasən müəyyən edilir. Subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq üçün elektron qaydada müraciət edirlər. Bunun üçün əvvəlcə şəxsi kabinet yaradılır və sistem vasitəsilə “Subbakalavrların elektron ərizəsi” forması təsdiqlənir. Məlumatlar dövlət elektron bazasından avtomatik şəkildə əldə olunur ki, bu da prosesin şəffaf və operativ aparılmasını təmin edir. Naxçıvan Dövlət Texniki Kolleci bu istiqamətdə keyfiyyətli təhsil, güclü praktik baza və müasir yanaşma ilə regionda mühüm rol oynayır. Naxçıvan Dövlət Texniki Kolleci regionun aparıcı orta ixtisas təhsil müəssisələrindən biri olaraq uzun illərdir ki, müxtəlif sahələr üzrə peşəkar kadr hazırlığı həyata keçirir. Kollecdə texniki, iqtisadiyyat və aqrar yönümlü ixtisaslar mövcuddur. Naxçıvan Dövlət Texniki Kollecində həyata keçirilən tədris proqramları müasir standartlara uyğun tərtib olunmuş, istehsalat təcrübəsi və praktik məşğələlər geniş şəkildə təşkil edilmişdir. Bu yanaşma tələbələrin yalnız nəzəri bilik əldə etməsinə deyil, eyni zamanda real iş mühitində bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır. Nəticədə Subbakalavr təhsili gənclər üçün həm peşə sahibi olmaq, həm də gələcəkdə ali təhsilə davam etmək baxımından əlverişli və çevik bir modeldir”.

Mövzu ilə bağlı fikirlərini bildirən Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, NDU nəzdində Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva isə qeyd edir ki, “Subbakalavr – orta ixtisas (kollec) təhsilini bitirən məzuna verilən ixtisas dərəcəsidir. Subbakalavrlar ali məktəbə qəbul olaraq bakalavr təhsilini davam etdirə bilərlər. Musiqi kolleclərində təhsil alan tələbələr üçillik tədris müddətində fundamental ifaçılıq vərdişlərinə, musiqi-nəzəri biliklərə və ansambl mədəniyyətinə yiyələnirlər. Bu mərhələdə qazanılan subbakalavr dərəcəsi tələbənin artıq peşəkar mühitə daxil olduğunu təsdiq edir. Lakin musiqi sənətinin elmi-nəzəri və fəlsəfi aspektlərinin dərindən mənimsənilməsi üçün ali təhsil (bakalavriat) mərhələsi zəruridir. Hesab edirəm ki, subbakalavrların ali təhsilə yönəldilməsi ölkənin mədəniyyət siyasətinin prioritet istiqamətlərindən biridir. Kolleci bitirən subbakalavr artıq müəyyən bir alət (və ya ixtisas) üzrə texniki və bədii hazırlıq səviyyəsinə malikdir. Subbakalavrların ali məktəbə gedişi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilmiş “ixtisas uyğunluğu cədvəli” əsasında aparılır. Məsələn, “İnstrumental ifaçılıq” üzrə kollec bitirən məzun, öz sahəsinə uyğun bakalavr proqramlarına imtahansız (müsabiqə yolu ilə) müraciət edə bilər. Elmi-pedaqoji baxımdan bu, tələbənin 3 il ərzində göstərdiyi akademik stabilliyin qiymətləndirilməsidir.
Bu baxımdan Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecini subbakalavr ixtisasları üzrə bitirən tələbələr istər Azərbaycanda, istərsə də xarici ölkələrdə təhsillərini ali dərəcədə davam etdirə bilərlər. Yüksək göstəricisi olan subbakalavrlar ali təhsil və musiqi müəssisələrinə (məsələn, Naxçıvan Dövlət Universiteti, Bakı Musiqi Akademiyasına, Azərbaycan Milli Konservatoriyası) qəbul şansı qazanırlar. Musiqi sənəti sahəsində kollecdən universitetə keçid edənlər üçün ən mühüm mərhələ qabiliyyət imtahanlarıdır. Subbakalavr öz ifaçılıq və ya nəzəri bilik səviyyəsini ali məktəbin professor-müəllim heyəti qarşısında nümayiş etdirir. Bu, orta ixtisas təhsilində qazanılmış texniki bazanın ali təhsilin tələblərinə cavab verib-vermədiyini müəyyən edən əsas filtrdir”.
Subbakalavr dərəcəsi sadəcə kollec təhsilinin sonu deyil, ali təhsilə və peşəkar gələcəyə açılan yeni bir başlanğıcdır. Bu imkandan yararlanan hər bir gənc öz bilik və bacarıqlarını universitet auditoriyalarına daşımaqla həm öz taleyini, həm də ölkəmizin elmi potensialını zənginləşdirmiş olur. Unutmayaq ki, təhsildə atılan hər bir doğru addım uğurlu gələcəyin ən böyük zəmanətidir.
Səmayə RƏSULOVA
Digər xəbərlər