Naxçıvanda ilk dəfə innovativ texnologiyaların tət...
10:30 06.12.2025
0
0
0
NAXÇIVAN :
06 Dekabr 2025, Şənbə
Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifələrindən biri də Naxçıvanda çəkilmiş tarixi filmlərlə bağlıdır. Bu qədim torpaq təkcə öz abidələri, təbiəti və mənəvi mühiti ilə deyil, həm də kino sənətinə bəxş etdiyi nadir çəkiliş məkanları ilə seçilir. Naxçıvanın dağları, qalaları, tarixi kəndləri əsrlərin yaddaşını özündə yaşadır və məhz buna görə də böyük tarixi şəxsiyyətlərin ekran həyatı bu torpaqda daha inandırıcı və təsirli görünür. Kino tariximizdə xüsusi yeri olan “Babək” və “Nəsimi” filmləri də bunun bariz nümunəsidir.
“Babək” filmi Azərbaycanın kino sənətində ən çox yadda qalan tarixi ekran əsərlərindən biri olub. Eldar Quliyevin rejissorluğu ilə ərsəyə gələn bu filmin çəkilişləri Naxçıvanın Culfa bölgəsində, Əlincə qalası ətrafında aparılıb. Bu qədim qalanın möhtəşəm görünüşü Babəkin mübarizə ruhunu tamaşaçıya birbaşa çatdırmaq üçün ideal məkan rolunu oynayıb. Filmin hazırlanması üçün böyük miqyaslı dekorasiyalar qurulub, yüzlərlə kütləvi səhnə iştirakçısı cəlb olunub. Yerli əhalinin epizodik rollarda çıxış etməsi isə filmin həm kütləvilik, həm də reallıq təsirini gücləndirib. O dövrün ən bahalı filmlərindən sayılan “Babək” Azərbaycan tamaşaçısında milli qürur hissi oyatmaqla yanaşı, Naxçıvanın tarixi məkanlarını da əbədiləşdirib.
Tarixi filmlərin digər möhtəşəm nümunəsi isə Həsən Seyidbəylinin rejissorluğu ilə ekranlaşdırılan “Nəsimi” filmidir. Şair və filosof İmadəddin Nəsiminin həyatını, ideyalarını və faciəsini əks etdirən bu film estetik dəyəri, bədii gücü ilə Azərbaycan kinosunda xüsusi yer tutur. Çəkilişlərin bir hissəsi Naxçıvanın Əlincə qalası, Xanəgah kəndi və Əlincəçay vadisində aparılıb. Bu yerlər təkcə dekor rolunu oynamayıb, həm də filmin emosional gücünü artırıb. Qədim dağlar və qalanın divarları Nəsiminin həyat yolunun dramatizmini, onun azadlıq və haqq uğrunda mübarizəsini tamaşaçıya daha təsirli göstərib. Məşhur edam səhnəsi də Naxçıvanda lentə alınıb və bu epizod həm aktyor oyunu, həm də tarixi atmosfer baxımından çox uğurlu alınıb.
Hər iki filmin çəkilişində yerli əhalinin iştirakı ayrıca bir məqamdır. Naxçıvan sakinləri bu filmlərdə, sadəcə, tamaşaçı deyil, həm də birbaşa iştirakçı olublar. Onlar döyüşçü, kəndli, tacir və digər obrazlarda çıxış etməklə tarixi hadisələrin canlandırılmasına töhfə veriblər. Bəzi səhnələrin çəkilişi zamanı hətta real həyəcan və duyğular yaşanıb. Məsələn, “Nəsimi” filmində dərisinin soyulması səhnəsini izləyən kənd sakinlərinin bu hadisəni gerçək zənn etməsi xalqın həm hadisəyə emosional bağlılığını, həm də filmin təsir gücünü göstərirdi.
Bu filmlərin əhəmiyyəti təkcə bədii cəhətləri ilə məhdudlaşmır. Onlar Azərbaycanın tarixi şəxsiyyətlərini tanıtmaqla yanaşı, milli kimliyimizin formalaşmasına da xidmət edib. Babək və Nəsimi kimi qəhrəmanların obrazları gənc nəsildə azadlıq, mübarizə, ədalət və inam ideyalarını gücləndirib. “Babək” və “Nəsimi” filmləri bir daha sübut etdi ki, tarixi kino ilə milli ruhu oyatmaq mümkündür. Bu filmlər həm də Naxçıvanın tarixi abidələrinin təbliğində mühüm rol oynayıb, bu diyarın qədim mədəniyyət ocağı olduğunu bir daha göstərib.
Bu gün Naxçıvan yenə də kino üçün cəlbedici məkana çevrilmək potensialına malikdir. Qədim qalalar, möhtəşəm dağ mənzərələri, tarixi kəndlər, eyni zamanda doğma diyarımızın inkişaf tempini ortaya qoymaq üçün yeni filmlər təbii dekor rolunu oynaya bilər. Gələcəkdə Naxçıvanın zəngin tarixi irsindən bəhrələnən yeni bədii ekran əsərlərinin çəkilməsi həm milli kinematoqrafiyamız, həm də mədəniyyətimizin təbliği üçün vacibdir.
Naxçıvan, sadəcə, bir bölgə deyil, minilliklərin sınağından çıxmış bir mədəniyyət xəzinəsidir. Əlincə qalası, qədim məscidlər, türbələr, kilsələr və təbiətin yaratdığı möcüzəvi mənzərələr bir çox rejissor üçün canlı tarix kitabçasıdır. Bu torpaqda çəkiləcək hər bir film təkcə bədii əsər deyil, həm də gələcək nəsillərə ötürüləcək vizual sənəd, milli yaddaşın qorunması üçün mühüm vasitədir.
Üstəlik, müasir texnologiyalar və beynəlxalq kino bazarına çıxış imkanları Naxçıvanda çəkiləcək filmlərin dünya auditoriyasına təqdim olunmasına şərait yaradır. Əgər vaxtilə “Nəsimi” və “Babək” filmləri Azərbaycanın sərhədlərini aşaraq digər ölkələrdə də maraqla qarşılanıbsa, bu gün çəkiləcək yeni ekran əsərləri beynəlxalq festivallarda iştirak edə, ölkəmizin mədəni simasını daha da gücləndirə bilər.
Naxçıvan həm də kino turizmi üçün geniş imkanlar açır. Dünyanın bir çox yerində insanlar tarixi filmlərin çəkildiyi məkanlara xüsusi maraq göstərirlər. Əgər “Babək”in çəkildiyi Əlincə qalası, yaxud “Nəsimi”nin lentə alındığı Xanəgah kəndi haqqında daha çox film çəkilsə, bu yerlərə gələn turistlərin sayı da artar. Beləliklə, kino yalnız mədəniyyətin deyil, həm də iqtisadiyyatın inkişafına töhfə verər.
Bu səbəbdən Naxçıvan tarixi mövzulu filmlər üçün açıq səhnədir. İmadəddin Nəsiminin, Babəkin, Cəlil Məmmədquluzadənin, hətta daha qədim dövrlərin qəhrəmanlarının obrazlarını bu torpaqda canlandırmaq həm tamaşaçı üçün təsirli olar, həm də xalqımızın kimlik yaddaşını möhkəmləndirər. Yeni nəsil rejissorların və gənc aktyorların bu prosesə qoşulması isə Azərbaycan kinosunun inkişafına yeni nəfəs gətirə bilər.
Elnurə CƏFƏROVA
Digər xəbərlər