Azərbaycan Respublikası Prezidentinin Fərmanı
16:34 30.06.2026
0
0
0
NAXÇIVAN :
30 Iyun 2026, Çərşənbə axşamı
İyunun 29-30-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Ankarada “Azərbaycanın xarici siyasəti” mövzusunda seminar keçirilib.
BMTM-dən bildirilib ki, seminar Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ramazan Erdağ və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin açılış nitqləri ilə başlayıb.
Çıxışlarda Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətlərinin regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb. Natiqlər iki ölkənin xarici siyasət məsələlərində sıx əməkdaşlıq etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığını, beynəlxalq platformalarda bir-birinin mövqeyini ardıcıl şəkildə dəstəklədiyini, həmçinin dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimad və şəxsi münasibətlərin bu əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini deyiblər.
Seminar çərçivəsində Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, regional və qlobal aktorlarla ikitərəfli münasibətləri, beynəlxalq təşkilatlarla əməkdaşlığı və ölkənin təhlükəsizlik siyasətinə həsr olunmuş sessiyalar keçirilib.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın xarici siyasətinin nəzəri əsasları, xarici siyasət əlaqələri, ictimai diplomatiya və yumşaq güc amillərinin rolu barədə geniş təqdimatla çıxış edib. O, həmçinin Azərbaycan-Rusiya münasibətlərinin əsas istiqamətləri barədə fikirlərini bölüşüb.
İdarə Heyətinin üzvü Cavid Vəliyev Azərbaycan-Türkiyə, Azərbaycan-İran və Azərbaycanın Yaxın Şərq ölkələri ilə münasibətlərinin müxtəlif aspektlərini əhatə edən məruzələrlə çıxış edib.
BMTM-in aparıcı məsləhətçisi Fuad Abdullayev isə Azərbaycanın təhlükəsizlik siyasəti və Azərbaycan-Ermənistan və Azərbaycan-Gürcüstan münasibətlərinin aktual məsələləri ilə bağlı sualları cavablandırıb.
Seminarda Azərbaycanın digər analitik mərkəzlərini təmsil edən ekspertlər də müxtəlif mövzular üzrə təqdimatlar edərək müzakirələrə töhfə veriblər.
Qeyd edək ki, seminar BMTM-in Azərbaycan və Türkiyə arasında akademik əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı məlumatlılığın artırılması və nəzəri bilik mübadiləsinin təşviqinə yönəlmiş strateji fəaliyyətinin tərkib hissəsidir. Bu istiqamətdə BMTM təkcə ötən ilin dekabrında Ankara Sosial Elmlər Universiteti (ASBÜ), Türk Dövlətləri Gənclik Topluluğu, Hacı Bayram Veli Universiteti, İsmayıl Qaspıralı Xarici Siyasət İnstitutu, Qazi Universiteti və Türkiyə Siyasi və Strateji Araşdırmalar Vəqfi (TÜRPAV) ilə birgə müxtəlif elmi tədbirlər və müzakirələr təşkil edib.
Bununla yanaşı, Azərbaycan və Türkiyənin aparıcı beyin mərkəzləri arasında institusional əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə mütəmadi dəyirmi masa müzakirələri keçirilir. Bu əməkdaşlığın mühüm mərhələlərindən biri BMTM-in təşkilatçılığı ilə Şuşada keçirilmiş Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu olub. Forumda hər iki ölkədən ümumilikdə 14 analitik mərkəzin nümayəndələri iştirak edərək regional və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə ediblər.
Digər xəbərlər