NAXÇIVAN :

07 Yanvar 2025, Çərşənbə axşamı

Azərbaycanın və Polşanın xarici işlər nazirləri Şərq Tərəfdaşlığının perspektivlərini müzakirə ediblər

...

Yanvarın 5-də Polşanın xarici işlər naziri Radoslav Şikorski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Polşa xarici işlər naziri “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. Polşa tərəfinin faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün texniki dəstəyin göstərilməsinə hazır olduğu bildirilib.
Ceyhun Bayramov başsağlığına və göstərilən həmrəyliyə görə təşəkkür edib.
Daha sonra, növbəti altı ay ərzində Polşanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi zamanı prioritet məsələlər, bu çərçivədə Azərbaycan-Aİ münasibətləri, Şərq Tərəfdaşlığının perspektivləri ətraflı müzakirə olunub.
Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazirlər telefon danışığı zamanı, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nəşr edilib : 05.01.2025 21:07