NAXÇIVAN :

13 Sentyabr 2026, Bazar

Azərbaycanın turizm siyasətində yeni mərhələ

...

Yeni Dövlət Proqramında Naxçıvana da xüsusi diqqət var

Müasir cəmiyyətin sosial-iqtisadi inkişafında və insanların asudə vaxtının səmərəli keçirilməsində mühüm fəaliyyət sahəsi olan turizm, eyni zamanda dövlətin sosial siyasətinin də reallaşdırılmasının, regional inkişafın və beynəlxalq münasibətlərin tənzimlənməsinin ən yaxşı vasitələrindən biridir. Turizm ehtiyatları və qonaqpərvərlik elementləri ilə zəngin olan Azərbaycanın dünya turizm sənayesində tutduğu yer ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi, qeyri-neft sektorunun şaxələndirilməsi və dayanıqlılıq prinsipləri baxımından bu sahənin daim dövlət diqqətində saxlanılmasını zəruri edir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” da bu baxımdan qarşıdakı illərdə turizm sahəsində strateji çərçivənin inkişaf etdirilməsi, zəruri tədbirlərin həyata keçirilməsi və digər təxirəsalınmaz işlərin reallaşdırılması baxımından mühüm dövlət sənədidir. Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasında da turizmin növbəti mərhələdə daha da inkişaf etdirilməsi ilə bağlı mühüm müddəalar yer alır. 
Hazırda turizm dünyada neft və avtomobil istehsalından sonra üçüncü yerdə gələn nəhəng iqtisadi sahələrdən biridir. Qlobal rəqabət şəraitində turizm özünəməxsus trendləri izləməklə ölkələrin ümumi daxili məhsulunda və ixrac potensialında mühüm paya malik olmaqla yanaşı, digər sektorlara, xüsusən rəqəmsal iqtisadiyyata da ciddi təsir göstərir. Bu təsir yeni istehlakçı davranışlarının formalaşmasına, yeni turizm növlərinin yaranmasına, səyahətlər zamanı rəqəmsal alətlərdən, o cümlədən süni intellektdən istifadəyə maksimum səmərəlilik və təhlükəsizliyə nail olunmasına imkan yaradır. Eyni zamanda turizm dayanıqlı inkişaf və “yaşıl iqtisadiyyat”a keçidi sürətləndirən amil kimi hökumətlərin idarəetmə strategiyalarına da təsir göstərir.
Bu mənada, turizm sahəsində tənzimləmə, turizm biznesinin təşviqi, bu sahədə kadr hazırlığı və qanunvericilik bazasının təkmilləşdirilməsi hədəfləri Azərbaycanda diqqət mərkəzindədir və  indiyə qədər qəbul olunmuş Dövlət proqramlarında da öz əksini tapıb. Qeyd olunan məqsədlərə çatmaq üçün isə dövlət əhəmiyyətli sənədlərdəki müddəaların günün tələbləri baxımından düzgün şərh olunması və cəmiyyətə çatdırılması turizm sahəsi üzrə ekspertlərin və medianın qarşısında mühüm vəzifə kimi dayanır. 
Hazırda qarşıya qoyulmuş dayanıqlı inkişaf hədəfləri çərçivəsində turizmdən gözlənilən effektlər genişdir və bir sıra ciddi problemlərin həllinə yönəlmiş siyasətlə uzlaşır. Bu siyasət isə qlobal trendlərə cavab verməklə iqtisadi artım, dayanıqlı inkişaf, böhranlara davamlılıq, inklüzivlik və sosial məsuliyyət, ətraf mühitin mühafizəsi, tarixi-mədəni irsin qorunması və təbliği, turist məmnuniyyəti, texnoloji və regional inkişaf, beynəlxalq əməkdaşlıq və qlobal rəqabətlilik kimi istiqamətləri əhatə edir. Turizmin iqtisadiyyatın çoxşaxəliliyinə verdiyi dəstək və regional inkişafda rolu, bu mənada, ölkənin turizm subregionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında və işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında xüsusi aktuallıq kəsb edir. Sözügedən istiqamətlər Dövlət Proqramında da öz əksini tapıb. Dövlət Proqramında 2026-2030-cu illər üçün ölkəmizdə turizm idarəetməsi, tənzimləmə tədbirlərinin keyfiyyəti, regionlarda turizmin inkişafı və icmalar, brendinq və marketinq, turizm məhsulları və təcrübələri, rəqəmsallaşma və innovasiya, turizm statistikası və məlumat əsaslı təhlil, investisiya və dövlət-özəl tərəfdaşlığı, eləcə də insan resurslarının inkişafı prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu müddəalar, o cümlədən brendinq, marketinq, rəqəmsallaşma və insan resurslarının inkişafı bu sahədəki problemlərin həll olunması, cəmiyyətin bütün sahələrində olduğu kimi, turizm və rekreasiya servisləri sahəsində də yeni innovativ əsaslara keçilməsi, ölkəmizin turizm üzrə qlobal rəqabətə layiq olacağı səviyyəyə çatmaqda mühüm bir vəsilə olacaq. 
Hazırda bütün dünya ölkələri sürətli rəqəmsal dönüş  mərhələsinə qədəm qoyub. Rəqəmsal platformalar, xüsusən süni intellekt əsaslı idarəetmə modelləri müxtəlif sahələrdə, o cümlədən turizmin planlaşdırılması və biznes modellərinin tətbiqində mühüm əhəmiyyət daşıyır. Dövlət, özəl sektor və icma maraqlarının təmin olunmasında bu imkanlardan səmərəli istifadə turizmin gələcək inkişafının əsas şərtlərindən birinə çevrilir. Ölkəmizin, o cümlədən Naxçıvan Muxtar Respublikasının turizm ehtiyatlarının rəqəmsal platformalarda təbliği, turizmdə mümkün ola biləcək onlayn xidmətlərin təşkili, hədəf bazarlarda mövqe qazanmaq, Azərbaycan brendi altında təqdim olunan turizm məhsulunun zənginləşdirilməsi və xüsusilə qonaqpərvərlik elementlərimizin turistlərə düzgün çatdırılması Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrdəndir. Turizmin iqtisadiyyatda çoxaldıcı effekti və cəmiyyətin müxtəlif sahələrinə dinamik təsiri müvafiq dövlət qurumlarının birgə, koordinasiyalı fəaliyyətini tələb edir. Bu isə mümkün risklərin minimumlaşdırılması və neytrallaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini zəruri edir. Dövlət Proqramında da bu məsələlərə konkret yanaşmalar müəyyənləşdirilib. Ölkəmizdə, xüsusilə turizm bölgələrində turizm destinasiyalarının formalaşdırılması, təbii, tarixi-mədəni resurslardan, sağlamlıq, qastronomiya və digər istiqamətlərdə turizm məhsulunun yaradılması üçün aiddiyyəti qurumların vəzifələri də sənəddə öz əksini tapıb. Bu baxımdan, Dövlət Proqramının yaxın gələcəkdə gözlənilən nəticələrin əldə olunmasına mühüm təkan verəcəyi şübhəsizdir. 
Naxçıvan Muxtar Respublikası ölkəmizin turizm ehtiyatları ilə zəngin regionlarından biridir. Ziyarət, müalicə, tanışlıq və ekoturizm məqsədilə səyahət edən turistlər üçün Naxçıvan maraqlı destinasiyadır. Bundan əlavə, Naxçıvanın dağ kəndlərində yaradılan istirahət məkanları həm aktiv, həm də passiv turlar üçün yerli turistləri də özünə cəlb edir. Naxçıvan şəhəri, Şahbuz, Ordubad, Babək, Culfa və Şərur rayonlarında mövcud olan turizm resursları əhəmiyyətinə görə tur­proqramlarda yer tutub, tanışlıq məqsədilə regionumuza səyahət edən turistlərə bir neçə günlük mənalı səyahət vəd edir. Naxçıvandakı bir çox təbiət və tarixi-mədəni ehtiyatlar əhəmiyyətinə görə dünya mirasına daxil edilərək mühafizə edilir. Azərbaycan memarlıq sənətinin şah əsəri olan Möminə xatun türbəsinin dünya standartlarına uyğun şəkildə restavrasiya olunması, Ordubadın qədim hissəsinin, bu rayondakı Göygölün və Gəmiqayanın dövlət səviyyəsində qorunması Naxçıvandakı turizm ehtiyatlarına, onların cazibə gücünə verilən dəyərin ifadəsidir. Dövlət Proqramında “Regionlara turist səfərlərinin təşviq edilməsi” istiqamətində “Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi”, Naxçıvana turist səfərlərinin artırılması üçün Bakı-Naxçıvan-Bakı istiqamətində turoperatorlar tərəfindən çarter uçuşlarının həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsi və turist paketinin satışı ilə birlikdə aviabiletlərin sifarişini təmin edən satış modelinin hazırlanması nəzərdə tutulur. Bu yanaşma Naxçıvanın gələcək nəqliyyat imkanlarının turizm məhsuluna çevrilməsi baxımından xüsusi perspektiv yaradaraq Naxçıvana səyahətlərin təşkilində turizm şirkətləri, aviaşirkət, yerləşmə müəssisəsi və digər xidmət təminatçılarının daha koordinasiyalı fəaliyyət göstərməsi üçün mexanizm formalaşdıracaq. 
Dövlət Proqramının uğurlu icrası ilə Naxçıvan üçün ən aktual məsələlərdən biri kimi turistlərə səyahətin əlçatanlığını və turist səfərlərinin təşkilinin yaxşılaşdırılmasını da gündəmə gətirir. Bundan əlavə, proqramda Naxçıvan Muxtar Respublikası baxımından da həllivacib olan nəqliyyat və əlçatanlıq problemi, mövsümilik, kadr və xidmət keyfiyyəti məsələləri, eləcə də rəqəmsallaşmanın zəifliyi kimi məqamları da nəzərə almaq mümkündür. Belə ki, bir çoxlarının  təsəvvüründə turizmin inkişafı yalnız regiona gələn turistlərin sayının artması ilə məhdudlaşır. Halbuki turizmin inkişafı bundan daha geniş anlayışdır. Dövlət Proqramının 2030-cu il üçün müəyyən etdiyi göstəricilər də bunu təsdiqləyir. Turizm üçün xarakterik sahələrdə yaradılan əlavə dəyərin, təxminən, 40 faiz real artması, xarici turist xərcləri üzrə daxilolmaların, təxminən, iki dəfə artırılması, xarici turistlərin sayının isə orta hesabla illik 8,1 faiz artması nəzərdə tutulur.   
Bütün bunlar onu göstərir ki, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” növbəti dövr üçün daha çox gəlir yaradan, uzunmüddətli, rəqəmsal bazaya əsaslanan, keyfiyyətli,  dayanıqlı və bütün regionlara, o cümlədən Naxçıvana və işğaldan azad olunmuş regionlarımıza yayılan turizm sisteminin formalaşdırılmasında mühüm strateji yol xəritəsi olacaq.

Əli CABBAROV
 

Nəşr edilib : 13.09.2026 15:42