Türkiyə Prezidenti: Münaqişələrin davamlı həlli re...
20:51 04.07.2026
0
0
0
NAXÇIVAN :
04 Iyul 2026, Şənbə
BTQ: Avrasiyanın yeni nəqliyyat və logistika körpüsü
Qloballaşmanın sürətləndiyi müasir dövrdə beynəlxalq ticarət və iqtisadi əməkdaşlığın genişlənməsi etibarlı nəqliyyat dəhlizlərinin yaradılmasını daha da vacib edir. Təchizat zəncirlərində baş verən dəyişikliklər, yeni bazarlara çıxış imkanlarının artması və dövlətlərin iqtisadi təhlükəsizlik prioritetləri nəqliyyat infrastrukturunun strateji əhəmiyyətini daha da gücləndirir. Bu kontekstdə 2017-ci il oktyabrın 30-dan fəaliyyət göstərən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti yalnız regional bir layihə deyil, həm də Avrasiya məkanında iqtisadi və siyasi əlaqələrin inkişafına təsir göstərən mühüm geostrateji təşəbbüslərdən biri kimi çıxış edir. Azərbaycanın təşəbbüsü və maliyyə dəstəyi ilə reallaşdırılan bu layihə ötən bir neçə ildə ölkənin beynəlxalq nəqliyyat sistemində mövqeyini xeyli möhkəmləndirib. Prezident İlham Əliyevin 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasimdə çıxışı zamanı dediyi kimi: “Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”.
Ötən dövrdə beynəlxalq miqyasda baş verən siyasi və iqtisadi proseslər dövlət başçısının bu layihə ilə bağlı səsləndirdiyi fikirlərin nə qədər uzaqgörən olduğunu bir daha təsdiqləyir. Qlobal nəqliyyat marşrutlarının yenidən formalaşdığı, Avrasiya məkanında logistika rəqabətinin gücləndiyi bir şəraitdə Bakı-Tbilisi-Qars dəmir yolu strateji əhəmiyyətini daha da artırıb. Bu xətt Şərq-Qərb nəqliyyat bağlantılarının şaxələndirilməsinə, yüklərin daşınma müddətinin qısaldılmasına və region ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi isə xəttin yükdaşıma qabiliyyətini əhəmiyyətli dərəcədə artıraraq Orta Dəhlizin rəqabət qabiliyyətini gücləndirir. Bu addım Azərbaycanın tranzit potensialının genişlənməsinə, Avropa ilə Asiya arasında yükdaşımalarının sürətlənməsinə və ölkənin beynəlxalq logistika mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.
2024-cü ildə ADY tərəfindən Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. 5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edib. Layihə çərçivəsində 30,3 kilometr uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 kilometr uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib. Görülmüş işlər nəticəsində BTQ-nin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə çevrilib. Bu modernləşdirmə bir sıra mühüm strateji nəticələr vəd edir. Yükötürmə qabiliyyətinin 5 dəfə yüksəlməsi Orta Dəhliz üzrə daşımaların daha böyük həcmdə və sabit şəkildə həyata keçirilməsinə şərait yaradacaq. Texniki yenilənmələr gecikmələri azaldaraq marşrutun ümumi effektivliyini artıracaq. Eyni zamanda Çin-Mərkəzi Asiya-Avropa xəttində daha rəqabətli quru dəhliz formalaşacaq. Bütün bunlar Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək. Təbii ki, artan yük axını tranzit gəlirlərini və əlaqəli infrastruktur sahələrinin inkişafını stimullaşdıracaq.
Dəmir yolu Azərbaycanın tranzit potensialını gücləndirir
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsi yaradaraq Avropa ilə Asiya arasında yeni və etibarlı nəqliyyat marşrutunun formalaşmasına imkan verib. Təxminən, 850 kilometrlik bu xətt qədim İpək Yolunun müasir dövrdə bərpasına xidmət etməklə yanaşı, qlobal ticarət marşrutlarının şaxələndirilməsinə mühüm töhfədir. Layihənin həyata keçirilməsi yükdaşımalarının sürətini artırır, logistika xərclərini azaldır və beynəlxalq ticarətin daha səmərəli təşkilinə şərait yaradır. Dəmir yolunun Azərbaycan üçün əsas üstünlüklərindən biri ölkənin tranzit potensialının daha da gücləndirilməsidir. Coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan son illər həyata keçirdiyi nəqliyyat və logistika layihələri hesabına regionun əsas tranzit mərkəzlərindən birinə çevrilməkdədir. BTQ xətti bu strategiyanın mühüm tərkib hissəsi olmaqla ölkənin beynəlxalq yükdaşımalarında iştirakını genişləndirir, tranzit gəlirlərini artırır və qeyri-neft sektorunun inkişafına əlavə stimul verir. Bununla yanaşı, logistika mərkəzlərinin, sənaye parklarının və nəqliyyat infrastrukturunun inkişafı yeni investisiyaların cəlb edilməsinə və məşğulluğun artmasına da müsbət təsir göstərir.
Layihənin ən mühüm xüsusiyyətlərindən biri onun Orta Dəhlizin əsas komponentlərindən biri olmasıdır. Avropa ilə Asiya arasında yükdaşımalarının həyata keçirilməsində alternativ marşrutların əhəmiyyətinin artdığı bir dövrdə BTQ dəmir yolu xüsusi aktuallıq qazanıb. Xüsusilə son illərdə qlobal geosiyasi proseslər və bəzi ənənəvi nəqliyyat marşrutlarında yaranan çətinliklər Orta Dəhlizə marağı artırıb. Bu marşrut vasitəsilə Mərkəzi Asiya ölkələri, Çin və digər dövlətlər öz məhsullarını Avropa bazarlarına daha qısa müddətdə və təhlükəsiz şəkildə çatdırmaq imkanı əldə edirlər. Bu isə Azərbaycanın beynəlxalq logistika şəbəkəsində strateji rolunu daha da möhkəmləndirir.
Zəngəzur dəhlizinin açılması perspektivində hazırda icrası davam edən Naxçıvan-İğdır-Qars dəmir yolu layihəsi Cənubi Qafqazın nəqliyyat sistemində yeni strateji halqa kimi qiymətləndirilir. Bu xəttin gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə inteqrasiyası isə Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, Orta Dəhlizin imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirə bilər. Belə bir inteqrasiya Naxçıvanın beynəlxalq nəqliyyat şəbəkəsinə daha sıx qoşulmasına, Türkiyə ilə birbaşa dəmir yolu əlaqələrinin genişlənməsinə və bütövlükdə, Avrasiya məkanında yükdaşımalarının daha səmərəli təşkilinə mühüm töhfə verəcək. Bu baxımdan, Naxçıvan-İğdır-Qars xətti BTQ-nin strateji imkanlarını tamamlayan və Orta Dəhlizin inkişafına əlavə təkan verən mühüm infrastruktur layihəsi kimi dəyərləndirilə bilər.
BTQ: Azərbaycanın geosiyasi və geoiqtisadi gücünün mühüm göstəricisi
Bakı-Tbilisi-Qars dəmir yolu yalnız iqtisadi deyil, həm də mühüm geosiyasi əhəmiyyətə malikdir. Layihə Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir, regionda siyasi və iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verir. Eyni zamanda BTQ müxtəlif ölkələri vahid iqtisadi platformada birləşdirərək qarşılıqlı faydalılığı artırır və regional sabitliyin qorunmasına müsbət təsir göstərir. Bu baxımdan, layihə yalnız iştirakçı ölkələrin deyil, bütövlükdə, Avrasiya məkanının iqtisadi inkişafına xidmət edən mühüm infrastrukturlardan biri hesab edilir.
Bütün üstün cəhətləri ilə BTQ dəmir yolu Azərbaycanın həyata keçirdiyi uğurlu nəqliyyat diplomatiyasının da parlaq nümunəsidir. Son illərdə ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına xüsusi önəm verərək avtomobil yolları, dəmir yolları, hava limanları və dəniz limanlarından ibarət müasir logistika şəbəkəsi yaradıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ilə birlikdə BTQ dəmir yolu Azərbaycanın beynəlxalq yükdaşımalarının əsas qovşaqlarından birinə çevrilməsinə şərait yaradır. Bu infrastruktur layihələrinin qarşılıqlı inteqrasiyası ölkənin geoiqtisadi əhəmiyyətini daha da artırır.
Layihənin sosial-iqtisadi təsirləri də təqdirəlayiqdir. Belə ki, BTQ xətti ticarət dövriyyəsinin genişlənməsinə, sahibkarlıq fəaliyyətinin inkişafına, ixrac imkanlarının artmasına və yeni iş yerlərinin yaradılmasına töhfə verir. Eyni zamanda region ölkələri arasında turizm, mədəni əlaqələr və humanitar əməkdaşlıq üçün də yeni imkanlar açır. Bu baxımdan, layihə yalnız iqtisadi dividendlər gətirmir, həm də xalqlar arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edir. Müasir geosiyasi və geoiqtisadi reallıqlar göstərir ki, qlobal ticarət marşrutlarının təhlükəsizliyi və şaxələndirilməsi gələcək inkişafın əsas şərtlərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolu bu baxımdan etibarlı, dayanıqlı və perspektivli nəqliyyat marşrutu kimi öz əhəmiyyətini getdikcə artırır. Yükdaşımalarının həcminin artırılması istiqamətində həyata keçirilən modernləşdirmə işləri də layihənin uzunmüddətli perspektivdə rəqabət qabiliyyətini gücləndirir.
Ümumilikdə, onu vurğulamaq olar ki, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın uğurlu iqtisadi və nəqliyyat strategiyasının mühüm nəticələrindən biri kimi çıxış edir. Bu layihə qeyri-neft sektorunun inkişafına təkan verir, Orta Dəhlizin rəqabət üstünlüyünü artırır və Azərbaycanın Avrasiya məkanındakı strateji mövqeyini daha da gücləndirir. Qlobal iqtisadi münasibətlərin yeni mərhələsində BTQ artıq təkcə regional əməkdaşlıq layihəsi deyil, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunu, geoiqtisadi təsir gücünü və uzunmüddətli inkişaf hədəflərini dəstəkləyən əsas sütunlardan biridir. Modernləşdirilməsi və yükdaşıma qabiliyyətinin artırılması isə onun səmərəliliyini daha da yüksəldərək gələcək perspektivlərini genişləndirir. Bu baxımdan, əminliklə demək olar ki, bu dəmir yolu Şərqlə Qərbi birləşdirən etibarlı nəqliyyat körpüsü kimi Azərbaycanın qlobal logistika sistemindəki rolunu bundan sonra da gücləndirəcək.
Nail ƏSGƏROV
Digər xəbərlər