NAXÇIVAN :

12 Oktyabr 2026, Bazar ertəsi

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

...

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İranın daxili işlər naziri İsgəndər Momeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycanla İran arasında münasibətlərin inkişafı kontekstində fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Kəmaləddin Heydərov Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib, iki qurum arasında qarşılıqlı məlumat və təcrübə mübadiləsi, müxtəlif fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə operativ koordinasiya və digər istiqamətlərdə əməkdaşlığın qarşılıqlı faydasından danışıb, bu səfərin və aparılan müzakirələrin əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirib.
Səmimi görüşə görə təşəkkürünü bildirən İranın daxili işlər naziri İsgəndər Momeni müxtəlif vaxtlarda İranda baş vermiş irimiqyaslı fövqəladə hadisələr zamanı Azərbaycanın göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini vurğulayıb. Qonaq iki qurum arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışıb, bu səfərin əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 12.10.2026 18:55