NAXÇIVAN :

26 Aprel 2025, Şənbə

Azərbaycanın enerji strategiyasında böyük uğur hekayəsi – Cənub Qaz Dəhlizi

...

Azərbaycanın müəllifi olduğu, birbaşa iştirakı ilə reallaşan nəhəng layihələr ölkəmizin nəinki regional nüfuzunu xeyli gücləndirib, onu, ümumiyyətlə, bütün dünyada hədəflərinə sadiq mühüm təşəbbüskar, etibarlı tərəfdaş kimi tanıdaraq yeni əməkdaşlıqların formalaşması üçün mühüm perspektivlər açıb. Bu baxımdan 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və hazırda enerji resurslarının, enerji təchizatının və tədarük bazarlarının şaxələndirilməsi nəticəsində miqyası xeyli genişləndirilən enerji strategiyasının, diplomatiyasının rolunu xüsusi diqqətə çəkmək olar. Respublikamızın qətiyyəti, təşəbbüsü ilə reallaşan və bu gün Avropanın enerji təchizatında vacib paya sahib Cənub Qaz Dəhlizi ilbəil yeni interkonnektorlar, boru kəmərləri vasitəsilə öz arealını genişləndirir, sektordakı yerini möhkəmləndirir. Başqa sözlə, kiçik zamanda ərsəyə gələn böyük layihə Azərbaycanın enerji strategiyasında əsl uğur hekayətinə çevrilməkdədir. Aprelin 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Prezident İlham Əliyevin də dediyi kimi: “Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP – Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik”.
Bəli, XXI əsrin meqa layihələrindən sayılan, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi nəhəng layihələri özündə birləşdirən Cənub Qaz Dəhlizinin Avropa enerji bazarındakı çəkisi ağır, yeri və rolu olduqca mühümdür. 2015-ci ildən başlayaraq hər il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində təşkil olunan görüşlər isə beynəlxalq iqtisadi münasibətlər zəminində yeni əməkdaşlıqların qurulması baxımından mühüm siyasi platforma xarakteri daşıyır. İclaslarda görülmüş işlər və qarşıda duran məsələlərin həlli istiqamətləri müzakirə olunur, müasir dövrün çağırışlarına uyğun görüləcək əlavə tədbirlər nəzərdən keçirilir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları da bu baxımdan olduqca faydalı keçdi.
Məlum olduğu kimi, 
CQD-nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Təməli “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd edilən gün – 2014-cü ilin sen­tyabrın 20-də qoyulan, 2018-ci il mayın 29-da rəsmi açılışı olan layihənin ümumi dəyəri 33 milyard ABŞ dollarıdır. Azərbaycandan İtaliyayadək uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi 
7 ölkənin iştirakı ilə qurulub və ilbəil yeni interkonnektorlarla bu sistemə qoşulmaq təşəbbüsləri çoxalır. Təkcə 10-cu Məşvərət Şurasından bu günə, daha dəqiq desək, cəmi bir ilə yaxın müddətdə əlavə 5 ölkə layihəyə qoşulub.  Və beləliklə, Azərbaycan bu gün, ümumilikdə, 12 ölkəyə, o cümlədən də 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan 8-i Avropa İttifaqının üzvüdür. Bu mənada, təsadüfi deyildir ki, ölkəmiz Aİ rəhbərləri tərəfindən “etibarlı tərəfdaş qaz təchizatçısı” kimi tanınır. Təqdirəlayiq haldır ki, Avropa ölkələri hər zaman birgə əməkdaşlıqda daha çox maraqlı tərəf kimi çıxış edir, müxtəlif siyasi platformalarda, liderlərin, nümayəndə heyətlərinin respublikamıza işgüzar səfərləri çərçivəsində, iqtisadi əməkdaşlıq təşkilatlarının forumlarında, görüşlərdə enerji hasilatını artırmaq üçün təkliflər səsləndirirlər. Məhz bütün bu təkliflərin, təşəbbüslərin məntiqi nəticəsi olaraq 2022-ci ilin iyulun 18-də Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı, çoxtərəfli əməkdaşlığın dərinləşməsinə töhfə verən bu sənəd həm də sözügedən sahə üzrə irəliləyişin əldə edilməsində hüquqi baza rolunu oynadı. Respublikamızın bu tərəfdaşlığa verdiyi önəmin nəticəsidir ki, sənədin imzalanmasından ötən müddətdə qaz təchizatında, təxminən, 60 faizədək artım qeydə alınıb və beləliklə də, qoca qitə mavi yanacaq baxımından çətinliklə üzləşməyib. 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac etmişdirsə, bu rəqəm 
2022-ci ildə 11,4 milyard, 2023-cü ildə, təxminən, 12 milyard, 2024-cü ildə isə 13 milyard kubmetr təşkil edib. Ümumilikdə, 2024-cü ildə ölkəmiz xarici bazarlara 25 milyard kubmetr qaz ötürüb. Prezident 
İlham Əliyev Məşvərət Şurasında qaz ixracının daha da artacağını bir daha vurğuladı: “Bu memorandum Avropa Komissiyasının Prezidenti və mənim tərəfimdən 2022-ci ilin ortasında imzalandı. Avropaya qaz təchizatımız 2021-ci ildə, təxminən, 8 milyard kubmetr idi. Ötən il demək olar ki, 13 milyard kubmetr oldu. Yəni bu bizim ümumi ixracatımızın, təxminən, yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Bu gün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq biz birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik”.

Nəşr edilib : 05.04.2025 15:00