NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Azərbaycanın COP29 hədəfləri onun inkişafının və beynəlxalq nüfuzunun göstəricisidir

...

Hazırda dünyada qlobal rəqabətin kəskinləşməsi, baş verən iqtisadi problemlər gələcəyə yönəlmiş davamlı inkişaf prinsiplərinin hər kəs üçün mənimsənilməsini zəruri edir. Bu baxımdan təbii resursların tükəndiyi və ekoloji problemlərin kəskinləşdiyi bir dövrdə davamlı iqtisadi inkişafın təmin edilməsi yolunda “yaşıl iqtisadiyyat”a transformasiya, yaxud, sadəcə, yaşıl keçid məsələləri geniş maraq kəsb edir. Bunların həll olunması üçün isə iqtisadi imkanlarından və coğrafi vəziyyətindən asılı olmayaraq, bütün ölkələrin birgə fəaliyyət göstərməsi, elmi nəticələr əsasında yekun siyasi qərarlar qəbul edilməsi lazım gəlir. Sənayeləşmənin və ümumi iqtisadi inkişafın səbəb olduğu karbon qazı tullantılarının azaldılması ilə iqlim dəyişikliyinin mənfi nəticələrinin aradan qaldırılması, bu baxımdan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrdən biri olan Azərbaycan Respublikasının da qarşısına qoyduğu vəzifələrdən biridir. Bu istiqamətdə keçirilən növbəti mühüm beynəlxalq tədbirə – COP29-a ev sahibliyi edəcək ölkəmizdə 2024-cü ilin də “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması da bəşəriyyətin gələcəyi qarşısında bu mühüm və mötəbər missiyanın məsuliyyətini dərindən dərk olunması deməkdir.

Davamlı inkişaf hədəflərini daim diqqətdə saxlayan Azərbaycan Respublikasının qlobal iqlim dəyişikliyinə qarşı verdiyi töhfələr ölkəmizdə həyata keçirilən “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamıdır. Bu strategiya, eyni zamanda insan rifahını artırmaqla bərabər sosial ədaləti də təmin edən bir anlayışdır. Başqa sözlə, “yaşıl iqtisadiyyat” daha çox karbon dioksidə səbəb olan iri sənayeləşmiş ölkələrinin vətəndaşları ilə bərabər tullantılardan hamı kimi əziyyət çəkən digər nisbətən zəif ölkələrin vətəndaşları arasında ədaləti də bərpa edən bir konsepsiyadır. Lakin qeyd etməliyik ki, hələ ötən əsrin ikinci yarısından başlayaraq bu fikir beynəlxalq aləmdə qəbul olunaraq gündəmə daxil olduğu halda, az karbon tullantılı, resurslardan səmərəli istifadə edən və sosial cəhətdən inklüziv iqtisadiyyatın qurulması problemi azalmaq əvəzinə, tam əksinə, daha da kəskinləşməkdədir. Buna görə də Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə yaşıl transformasiya üçün addımlar atılması bu məsələdə əsas məsuliyyət daşıyan inkişaf etmiş ölkələrə nümunə olmaqla ciddi siyasi iradə, güclü lider qətiyyəti və gələcəyə yönəlmiş məqsədöyönlü fəaliyyət kimi dünyanın da diqqətindədir. Hələ sovet dövründə torpaqları neftlə çirklənmiş, erməni işğalı dövründə Qarabağ və Şərqi Zəngəzur torpaqları ekosiddən əziyyət çəkmiş, Araz çayı hövzəsi Ermənistan tərəfindən çirkləndirilmiş Azərbaycanın enerji istehsalında və istehlakında ənənəvilərdən alternativlərə üstünlük verilməsi, ağıllı yaşayış məntəqələrinin yaradılması, müasir texnologiyaya əsaslanan maşın və avadanlıqların məişətdə və istehsalda tətbiqi, bu mənada, dünya tərəfindən təqdirlə qarşılanır. Bundan əlavə, dünyanın aparıcı karbohidrogen enerji istehsalçısı ölkələrindən biri olmaqla Azərbaycan artıq 30 ildir ki, beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edir və ətraf mühitin qorunması ilə bağlı müxtəlif işlər həyata keçirir. Ölkəmizin erməni işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin, həmçinin Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” regionu elan olunması və buradakı nəhəng bərpa olunan alternativ enerji potensialının reallaşdırılması bu baxımdan bir neft ölkəsi üçün olduqca təqdirəlayiqdir.

Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Doğrudur, ölkəmiz özünün mövcud sənaye potensialına görə atmosferə atılan və dolayısı ilə də qlobal iqlim dəyişikliyinə səbəb olan istixana qazlarının dünya üzrə faizlə miqdarında çox az paya malikdir. Bununla yanaşı, ölkəmiz bu məsələdə dünya ölkələri arasında davam edən sərt müzakirələrə baxmayaraq, belə ciddi problemlərin həlli üçün öz töhfəsini verməyə çalışır. Belə ki, ölkəmizdə 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 faizə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək məqsədi elan olunub. “Yaşıl enerji”yə keçiddə regional lider kimi Azərbaycan, həmçinin 2050-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını, həmçinin Naxçıvan bölgəsini “sıfır emissiya” zonasına çevirmək niyyətindədir.

 COP29-un ev sahibi kimi ölkəmizdə illər öncədən “yaşıl enerji”yə maraq vardır. Belə ki, hazırda Azərbaycanda 230 meqavat gücündə günəş enerjisi stansiyası fəaliyyət göstərir və ümumi gücü 1 qiqavat olan üç günəş və külək enerjisi stansiyalarının təməli qoyulub. Ölkəmizin orta perspektivdə 10 qiqavata qədər “yaşıl enerji” istehsalının planlaşdırması, elektrikli nəqliyyat vasitələrinə keçidə ciddi diqqət yetirilməsi bu marağın bir hissəsidir. Bu, ölkəmiz üçün bir prestij məsələsi olaraq həm də risklərlə dolu olan hazırkı dünya enerji bazarındakı etibarlı əməkdaşlığını gələcəkdə də davam etdirəcəyinin bir qarantı kimi də çıxış edir. Artıq dünya görür ki, Azərbaycan Avropaya ixrac edəcəyi “yaşıl enerji” vasitəsilə iqlim dəyişikliyi kimi qlobal bir problemin gələcəkdə də həll olunmasına öz töhfəsini verməyə davam edəcək.

Qlobal iqlim dəyişikliyi problemi ilə əlaqədar beynəlxalq tədbirlərin ev sahibi olan ölkəmiz bütün region üçün vacib olan davamlı olan sülhün bərqərar olunması və hər cür qlobal təhlükələrin qarşısının alınması baxımından da inisiativ mövqeyi ilə də dünyanın diqqətindədir. Bu baxımdan bütün Cənubi Qafqaz və ətraf regionlar üçün böyük təhlükə sayılan köhnə sovet texnologiyasına sahib Metsamor Atom Elektrik Stansiyasını zaman-zaman beynəlxalq təşkilatların diqqətinə çatdıran Azərbaycan başlatdığı, “yaşıl enerji”yə keçid marafonu ilə bu potensial təhlükədən də region xalqlarının birdəfəlik can qurtara bilməsində  öncül olacaq. Dövlət başçımız cənab İlham Əliyevin müsahibələrinin birində dediyi kimi: Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.

Əli CABBAROV

Nəşr edilib : 05.07.2024 14:00