Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cə...
14:43 05.02.2025
0
0
0
NAXÇIVAN :
05 Fevral 2025, Çərşənbə
Dünya geosiyasi mənzərəsinə, beynəlxalq əlaqələrə ciddi təsir göstərən, eyni zamanda daha çox iqtisadi münasibətlərə verdiyi töhfələrlə xüsusi imic qazanan Davos İqtisadi Forumunun sayca 55-cisi də ölkəmiz üçün olduqca məhsuldar və faydalı keçdi. Dövlətimizin başçısı forum çərçivəsində qarşı tərəflərin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid, Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs, Ukrayna Prezidenti Volodimir Zelenski və digər dövlət rəsmiləri, o cümlədən bir çox beynəlxalq şirkətlərin rəhbəri ilə görüşdü. Dialoqlarda ikitərəfli əlaqələrin gələcək inkişafı, iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin gücləndirilməsi barədə fikir mübadilələri aparıldı, qarşılıqlı maraqdoğuran məsələlər müzakirə edildi. Həmçinin Azərbaycan lideri çoxmilyonluq izləyici kütləsinə malik Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verərək ölkəmizin beynəlxalq münasibətlər zəminində siyasi, iqtisadi rolunu, qarşıdakı hədəf və prinsiplərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Dünyanın reytinqi yüksək olan aparıcı beynəlxalq iqtisadi forumu hesab edilən Davos 1971-ci ildə İsveçrədə biznesmen, professor Klaus Şvab tərəfindən təsis olunub, dövlət və hökumət başçılarının, yüksəkvəzifəli biznesmenlərin, elm və din xadimlərinin iştirakı ilə keçirilən geniş tərkibli illik iclasıdır. Forum əksər hallarda İsveçrənin Davos şəhərində təşkil olunduğu üçün məhz belə adlandırılır.
DİF-Azərbaycan əlaqələrinin tarixi ötən əsrin 90-cı illərinə təsadüf edir və Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1995-ci il yanvarın 27-31-də dahi şəxsiyyət həmin forumda iştirak edərək münasibətlərin təməlini qoyub və bu gün Prezident cənab İlham Əliyev mövcud ənənəni uğurla davam etdirir. 2007-ci ildən bəri hər il ölkə başçısının Davos İqtisadi Forumuna dəvət alması, Azərbaycanın forumda uğurla təmsil olunması Cənubi Qafqaz liderinin regional siyasi, iqtisadi gücünün, beynəlxalq əməkdaşlıqlardakı etibar imicinin göstəricisidir. Qazanılan yüksək etimadın nəticəsidir ki, 2013-cü il aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçıları Bakıya gəliblər. “Dayanıqlı dinamizm” devizi altında paytaxt şəhərimizdə keçirilən forum çərçivəsində iqtisadi vəziyyəti proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə ediblər. Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab Bakıdakı həmin forumu yüksək qiymətləndirib: “Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsi bizim üçün bir qürurdur. Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir. Ümumiyyətlə, son illər ərzində ölkədə çox böyük iqtisadi artım göstəriciləri qeydə alınmışdır. Bu, ilk növbədə, ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində çox qabaqcıl bir ölkədir”.
Azərbaycan-DİF maraqları böyük mənada kəsişir
Yanvarın 20-də “Ağıllı əsr üçün əməkdaşlıq” mövzusu üzrə öz işinə başlayan 55-ci Davos İqtisadi Forumu da dünya gündəmi, siyasi elita və iqtisadi ekspertlərdə böyük maraq yaradıb. 100-dən çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısının iştirakı ilə forumda qlobal çağırışlar və onların həlli imkanları araşdırılıb. Dünya iqtisadiyyatında yeni texnologiyaların tətbiqi, insan kapitalının inkişafına investisiya qoyuluşu, iş yerlərinin yaradılması, ekoloji təmiz texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyi, sosial və iqtisadi dayanıqlıq əsas müzakirə mövzularıdır...
Diqqət yetirsək, görərik ki, forumda müzakirəyə çıxarılan məsələlər Azərbaycanın illərdir, apardığı xarici və daxili siyasi xəttin, reallaşdırdığı layihələrin, proqramların başlıca hədəflərindəndir. Bu xüsusda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə diqqəti çəkmək olar. Dövlət sənədində “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat”, “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət”, “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” prioritetləri yer alıb ki, bu da yeni dünya düzəninin formalaşması prosesində Azərbaycan-DİF maraqlarının böyük mənada kəsişməsi deməkdir. Digər tərəfdən, Davos İqtisadi Forumu Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsini də əsas iqtisadi məqsədlərdən biri kimi müəyyənləşdirib. Bu cəhətdən də ölkəmizin rolu məxsusi və danılmazdır. Belə ki, ötən dövrdə “Cənub Qaz Dəhlizi” ideyası üzərində vacib addımlar atan Azərbaycan Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum, TANAP (Trans-Anadolu təbii qaz boru kəməri), TAP (Trans-Adriatik təbii qaz boru kəməri) qaz layihələri ilə indiki mürəkkəb dövrdə də Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verməkdə davam edir. Təqdirəlayiq haldır ki, Davosda da təmsil olunan Avropa ölkələrinin bir neçəsi Azərbaycanla birgə əməkdaşlığa can atan əsas tərəf kimi özünü göstərir, müxtəlif platformalar vasitəsilə enerji hasilatını artırmaq üçün təşəbbüslərlə çıxış edir. 2022-ci ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun, eləcə də ondan qabaq və sonra bir sıra ölkələrlə qarşı tərəflərin təklifləri əsasında iqtisadiyyat, enerji, nəqliyyat sahələri üzrə əməkdaşlığa dair sənədlərin imzalanması da belə deməyə əsas verir. Azərbaycan tərəfindən bu təşəbbüslərin davamlı dəstəklənməsi qurulan əlaqələrin qısa zamanda əhəmiyyətli nəticələr verməsinə səbəb olub. Belə ki, 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac etmişdirsə, hazırda bu miqdar 12 milyarda çatdırılıb və növbəti iki ildə bu həcm 14 milyard kubmetr, 2026-cı ildən sonra isə daha böyük miqdar hədəflənib. Əldə edilən razılaşmaya əsasən 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, beynəlxalq kəmərlər vasitəsilə qaz tədarükünün bu artım tempi, neft hasilatının çoxalması, eləcə də digər güclü iqtisadi amillər ölkəmizin müstəqil xarici iqtisadi siyasətinə etibarın artmasına və ilbəil Davos İqtisadi Forumunda mövqelərinin daha da güclənməsinə gətirib çıxarır...
Forum iqtisadiyyatımıza yeni sərmayədarların qazanılmasına imkanlar açır
Forumun müzakirə mövzularından biri də günümüzün əsas qlobal məsələsinə çevrilən iqlim dəyişikliklərinin təsirlərinə qarşı mübarizə, eyni zamanda iqtisadiyyatda, sənayedə ekoloji təmiz texnologiyaların tətbiqidir ki, həmin istiqamətlər üzrə Azərbaycan son illərdə ciddi addımlar atır. Bu baxımdan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlanan 5-ci prioritetin icrasının təmini ilə bağlı görülən işləri qeyd etmək olar. Yeni yaradılan sənaye müəssisələrində “yaşıl texnologiya”ların tətbiqini, Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsinə müvafiq atılan addımları, həmçinin BMT-nin statistik məlumatına əsasən dünya üzrə məşğulluğun 70 faizini təşkil edən KOB-ların fəaliyyətini də məhz Davos İqtisadi Forumuna töhfə kimi dəyərləndirmək olar. Eyni zamanda ölkəmizin “yaşıl gündəliy”i əsasında icra edilən layihələrin məntiqi nəticəsi olaraq ötən il rəsmi Bakının beynəlxalq mötəbər tədbir sayılan COP29-a yüksək səviyyədə ev sahibliyi etməsi, sessiyanın yekununda nəticəyönümlü qərarların qəbulu və beləliklə də iqlim diplomatiyasında dönüş nöqtəsinin əldə olunması da DİF-də müzakirə olunan məsələlərin həlli baxımından olduqca önəmlidir...
Ümumilikdə, onu qeyd etmək olar ki, ölkə başçısı cənab İlham Əliyevin hər il Davos İqtisadi Forumu zamanı müxtəlif mövzulu panel iclaslarda iştirakı, çox sayda ikitərəfli görüşlərin təşkili Azərbaycanın həm siyasi arenada, həm də iqtisadi münasibətlərdə qazandığı uğurun nəticəsi, nüfuzun göstəricisidir. Eyni zamanda bu ənənə ötən illərdə dövlət başçımızın forum çərçivəsində səsləndirdiyi fikirlərə, irəli sürdüyü təşəbbüslərə göstərilən hörmətin, etimadın, verilən dəyərin ifadəsidir. Azərbaycanın Davos İqtisadi Forumuna bəxş etdiyi töhfələrlə yanaşı, DİF-in də respublikamız üçün faydaları kifayət qədərdir. Bu beynəlxalq tədbir ölkə iqtisadiyyatına yeni xarici sərmayədarların qazanılması, eyni zamanda dünyadakı bəzi anti-Azərbaycan qüvvələrə qarşı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca önəmli yerə və rola malikdir. Bütün bu və digər üstün amilləri nəzərə alaraq əminliklə deyə bilərik ki, 55-ci Davos İqtisadi Forumu da ölkəmizin beynəlxalq aləmdə, iqtisadi münasibətlər sistemində nüfuzunun artmasına mühüm töhfələr verəcək.
Nail ƏSGƏROV
Digər xəbərlər