NAXÇIVAN :

20 Sentyabr 2026, Bazar

Azərbaycanın 32 illik strateji yolu: “Əsrin müqaviləsi”ndən qlobal enerji layihələrinə

...

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının mühüm mərhələlərindən biri – 1994-cü il sentyabr­ın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın müasir tarixində dərin məzmun kəsb edən siyasi-iqtisadi hadisə kimi yadda qalıb. Bu saziş yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi açan uzaqgörən strategiya oldu. Çünki söhbət yalnız Xəzərin Azərbaycan sektorundakı zəngin neft yataqlarının işlənilməsindən getmirdi. Əsas məsələ ölkənin malik olduğu təbii sərvətləri milli inkişafın uzunmüddətli və dayanıqlı mənbəyinə çevirmək, Azərbaycanı beynəlxalq enerji sisteminin fəal iştirakçısı kimi formalaşdırmaq idi. Prezident İlham Əliyevin də dediyi kimi: “1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması təkcə kommersiya layihəsi deyildi. Bu bizim üçün həyatda qalmaq layihəsi idi. Bu bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi”. 

Bəli, 1994-cü ildə əsası qoyulan neft strategiyasını yalnız neft sənayesinin inkişaf proqramı kimi qiymətləndirmək doğru olmazdı. Sonrakı proseslər göstərdi ki, həmin strategiya iqtisadiyyatın dirçəldilməsi, xarici sərmayələrin cəlb edilməsi, ixrac marşrutlarının şaxələndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və Azərbaycanın geosiyasi mövqeyinin möhkəmləndirilməsini özündə birləşdirən kompleks dövlət siyasətinə çevrildi.
Həmin dövrün reallıqları bu qərarın miqyasını daha aydın göstərir. Müstəqilliyin ilk illərində Azərbaycan dərin iqtisadi və siyasi böhranla üz-üzə idi. Belə bir şəraitdə dünyanın aparıcı enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması asan məsələ deyildi. Lakin Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs nəticəsində ölkədə sabitlik təmin edildi, xarici investorlar üçün hüquqi və iqtisadi zəmanətlər formalaşdırıldı və 1994-cü il sentyabrın 20-də “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalandı. 7,4 milyard dollar dəyərində olan “Əsrin müqaviləsi”ndə 7 ölkəni təmsil edən 11 beynəlxalq neft şirkəti iştirak edirdi. Sonrakı qiymətləndirmələrə əsasən AÇG üzrə çıxarıla bilən neft ehtiyatları, təxminən, 1 milyard ton həcmində müəyyənləşdirildi.

İlk neftdən böyük ixrac dəhlizlərinə

Strategiyanın uğuru üçün neftin hasil edilməsi qədər onun dünya bazarlarına etibarlı şəkildə çatdırılması da vacib idi. Bu səbəbdən növbəti mərhələdə ixrac marşrutlarının şaxələndirilməsi əsas prioritetlərdən birinə çevrildi. 1997-ci il noyabrın 7-də “Çıraq” yatağından ilk neftin hasil olunması strategiyanın artıq real nəticələr verməyə başladığını göstərdi. Ardınca Bakı-Novorossiysk və Bakı-Supsa marşrutlarının istifadəyə verilməsi Azərbaycan neftinin müxtəlif istiqamətlər üzrə ixracına imkan yaratdı. 
Lakin Azərbaycan üçün əsas hədəf neft ixracında daha böyük və müstəqil marşrutun yaradılması idi. Bu baxımdan, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin reallaşdırılması neft strategiyasının ən mühüm mərhələlərindən biri oldu. BTC-nin təməli 2002-ci ildə qoyuldu, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanıldı. Bununla Azərbaycanın enerji ixracında yeni mərhələ yarandı. Xəzər neftinin Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxarılması Azərbaycan neftinin ixracı üçün daha uzunmüddətli və şaxələndirilmiş marşrut formalaşdırdı. Bakı-Tbilisi-Ceyhan Azərbaycanı Gürcüstan və Türkiyə ilə birləşdirən, Xəzər hövzəsini Aralıq dənizi ilə əlaqələndirən və Şərq-Qərb enerji dəhlizinin əsas elementlərindən birinə çevrilən nəhəng infrastruktur layihəsi oldu. 

Neft strategiyasından qaz strategiyasına

1994-cü ildə başlanmış prosesin mühüm xüsusiyyətlərindən biri onun zaman keçdikcə yalnız neftlə məhdudlaşmaması idi. 1996-cı ildə “Şahdəniz” yatağı üzrə hasilatın pay bölgüsü sazişinin imzalanması Azərbaycanın enerji strategiyasının növbəti böyük istiqamətini müəyyənləşdirdi. Əgər “Əsrin müqaviləsi” Azərbaycanın neft potensialını dünya bazarlarına çıxarmaq üçün əsas yaratmışdısa, “Şahdəniz” ölkənin qaz potensialının beynəlxalq enerji sisteminə inteqrasiyasına imkan verdi.
2007-ci il iyulun 3-də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan artıq yalnız neft ixrac edən ölkə deyil, həm də regional qaz təchizatçısı kimi mövqeyini gücləndirdi. Beləliklə, 1994-cü ildə başlayan enerji siyasəti yeni məzmun qazandı: neftdən əldə olunan imkanlar qaz sektorunun inkişafına, qaz ehtiyatları isə Azərbaycanın regi­onal və beynəlxalq enerji rolunun daha da güclənməsinə xidmət etdi.
Bu ardıcıllıq təsadüfi deyildi. Azərbaycanın enerji siyasətində hər yeni layihə əvvəlki mərhələnin yaratdığı imkanların üzərində qurulurdu. “Əsrin müqaviləsi” investisiya və hasilat üçün baza yaratdı, ixrac kəmərləri həmin hasilatı bazarlara çıxardı, “Şahdəniz” isə Azərbaycanın qaz potensialını növbəti strateji mərhələyə daşıdı.

Enerji xəritəsində yeni mərhələ – Cənub Qaz Dəhlizi

Azərbaycanın enerji strategiyasının ən mühüm nəticələrindən biri Cənub Qaz Dəhlizinin yaradılması oldu. 2014-cü il sentyabrın 20-də – “Əsrin müqaviləsi”nin 20 illiyi günündə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Layihəyə “Şahdəniz-2”, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP daxil idi. 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Azərbaycan qazının Avropaya kommersiya nəqlinə başlanıldı. Beləliklə, 1994-cü ildə Xəzərin Azərbaycan sektorunda başlayan proses 26 il sonra Azərbaycan qazının Avropa bazarlarına çıxarılması ilə yeni strateji nəticəyə çevrildi.
Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan artıq yalnız enerji resurslarına malik ölkə statusu ilə kifayətlənmədi. Ölkə enerji resurslarının hasilatçısı olmaqdan çıxaraq onların nəqli üçün infrastruktur yaradan, tranzit imkanlarını genişləndirən və istehlakçı ölkələrlə uzunmüddətli tərəfdaşlıq münasibətləri quran dövlətə çevrildi. Cənub Qaz Dəhlizi Azərbaycanı Gürcüstan, Türkiyə və Avropa ölkələri ilə birləşdirən çoxşaxəli əməkdaşlıq platformasına çevirdi. Bu gün respublikamız həmin layihə üzrə 16 ölkəyə mavi yanacaq ixrac edir ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Təsadüfi deyil ki, Aİ Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. 

Neft gəlirlərinin dövlətin inkişafına çevrilməsi

Neft strategiyasının digər mühüm istiqaməti enerji gəlirlərinin idarə olunması idi. 1999-cu ildə Azərbaycan Dövlət Neft Fondunun yaradılması bu baxımdan prinsipial əhəmiyyət daşıdı. Məsələ yalnız neft gəlirlərinin toplanması deyil, təbii sərvətlərdən əldə olunan gəlirlərin makroiqtisadi sabitliyə, sosial layihələrə, infrastrukturun yenilənməsinə və gələcək nəsillərin rifahına xidmət etməsini təmin etmək idi.
Bu siyasətin nəticəsində neft sektorundan formalaşan maliyyə imkanlarının bir hissəsi iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldildi. İnfrastruktur layihələrinin genişləndirilməsi, regionların inkişafı, nəqliyyat şəbəkəsinin yenilənməsi, sosial obyektlərin tikintisi və insan kapitalına investisiyalar enerji gəlirlərinin ölkənin ümumi inkişafına transformasiya edilməsinin nümunələrinə çevrildi.
2025-ci ilin yekunları bu maliyyə imkanlarının uzunmüddətli xarakterini göstərir. Dövlət Neft Fondunun aktivləri 2025-ci ilin sonunda 73,5 milyard ABŞ dollarına çatıb. Həmin il fondun dövlət büdcəsinə transferi 14 milyard 481 milyon manat təşkil edib.
Energetika Nazirliyinin 2025-ci ilin yekunlarına dair məlumatına əsasən ötən il ölkədə qaz-kondensatla birlikdə 27,7 milyon ton neft hasil edilib. Bunun 16,2 milyon tonu AÇG-nin, 7,1 milyon tonu SOCAR-ın, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. İl ərzində 23,1 milyon ton neft ixrac olunub. Ötən il Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Bunun 27,9 milyard kubmetri “Şahdəniz”in, 14,1 milyard kubmetri AÇG-nin, 1,6 milyard kubmetri “Abşeron”un, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
2025-ci ildə qaz ixracının həcmi 25,2 milyard kubmetr olub. Bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetri isə Suriyaya ixrac edilib. 1990-cı illərin ortalarında iqtisadi böhran yaşayan Azərbaycanın bu gün Avropanın enerji bazarında təchizatçı ölkələrdən birinə çevrilməsi neft strategiyasının miqyasını xarakterizə edən ən mühüm faktlardan biridir.
Ümumilikdə, AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 2026-cı il yanvarın 1-dək, təxminən, 670,3 milyon ton neft, 508,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 668,3 milyon ton neft və 191,2 milyard kubmetr qaz ixrac olunub.

Strategiyanın davamlılığı

Neft strategiyasının ən mühüm xüsusiyyətlərindən biri isə onun uzunmüddətli olmasıdır. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin müddətinin 2017-ci ildə 2050-ci ilədək uzadılması bunun göstəricilərindən biridir. Bu qərar AÇG-də hasilatın davam etdirilməsi və Azərbaycanın enerji sektorunda beynəlxalq tərəfdaşlığın uzunmüddətli əsasda qorunması baxımından mühüm mərhələ oldu. Bu mənada, 1994-cü ildən 2026-cı ilə qədər olan dövrə nəzər saldıqda bir inkişaf xətti aydın görünür: əvvəlcə neft yataqlarının işlənilməsi üçün sərmayə cəlb edildi, sonra ixrac kəmərləri quruldu, qaz yataqları işə salındı, regional enerji dəhlizləri formalaşdırıldı və enerji gəlirləri dövlət   inkişafına yönəldildi. 
Bu gün isə enerji strategiyasının gündəliyi daha da genişlənir. Ənənəvi neft-qaz layihələri ilə yanaşı, bərpa olunan enerji mənbələri, “yaşıl enerji” dəhlizləri və elektrik enerjisinin ixracı kimi istiqamətlər ön plana çıxır. Bu isə göstərir ki, 1994-cü ildə formalaşdırılan strateji yanaşmanın mahiyyəti dəyişmir: Azərbaycanın enerji potensialından milli maraqlara və uzunmüddətli iqtisadi inkişafa uyğun istifadə etmək.
1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti yalnız Azərbaycana gətirdiyi investisiyalarla ölçülə bilməz. Bu sənəd müstəqil Azərbaycanın enerji siyasətinin institusional və iqtisadi əsaslarını formalaşdırdı, ölkənin dünya enerji bazarına çıxışını təmin etdi və sonrakı iri layihələr üçün etibarlı baza yaratdı. Bu gün həmin strategiyanın nəticələri yalnız neft platformalarında, boru kəmərlərində və ixrac rəqəmlərində deyil, Azərbaycanın iqtisadi və geosiyasi mövqeyində də qorunur. 
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP və Cənub Qaz Dəhlizi kimi layihələr bir-birindən ayrı təşəbbüslər deyil, 1994-cü ildə əsası qoyulan böyük enerji strategiyasının müxtəlif mərhələləridir. Ən başlıcası isə odur ki, Azərbaycan təbii sərvətini, sadəcə, ixrac etməklə kifayətlənməyib. Neft və qazdan əldə olunan imkanları iqtisadi gücə, iqtisadi gücü isə müstəqil siyasət yürütmək imkanlarına çevirməyə çalışıb və bunu mükəmməl şəkildə bacarıb. Bu baxımdan, 20 sen­tyabr – Neftçilər Günü həm Azərbaycanın neft sənayesinin çoxəsrlik tarixini, həm də müstəqillik dövrünün ən mühüm strateji qərarlarından birinin ildönümünü ifadə edir. 1994-cü ildə qoyulan təməl üzərində qurulan enerji strategiyası artıq üç onillikdən çoxdur ki, Azərbaycanın iqtisadi inkişafında, beynəlxalq enerji əməkdaşlığında və regional mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır. Bu yolun əsas dərsi isə aydındır: təbii sərvətin özü deyil, ondan necə və hansı strateji məqsədlərlə istifadə edilməsi dövlətin gələcəyini müəyyənləşdirir. 

Nail ƏSGƏROV
 

Nəşr edilib : 20.09.2026 09:04