"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş şa...
18:13 26.04.2025
0
0
0
NAXÇIVAN :
26 Aprel 2025, Şənbə
Vətən savaşı qələbə ilə başa çatdıqdan, üçtərəfli bəyanatın imzalanmasından sonra bütün dünya Cənubi Qafqazda yeni eranın da başlanması üçün əsaslı bir zəmin yaranacağını düşünürdü. Regionda uzun zaman qapalı qalmış iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını şərtləndirən üçtərəfli bəyanat Cənubi Qafqazda bu zamanadək heç vaxt mümkün görünməyən sülh və əməkdaşlıq mühitinin artıq reallaşdırılmasına doğru atılmış əhəmiyyətli bir addım kimi qiymətləndirildi. Prezident İlham Əliyev sülh müqaviləsinin də tezliklə imzalanacağına əminliyini bildirərək vurğulayıb: “Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq”.
Qəbuledilən bir gerçəkdir ki, Azərbaycan Qafqazda separatçı bir rejimi çökdürdü və regionda davamlı sülhə nail olmaq üçün önəmli addımlar atır. Dünyaya sülh mesajları verir. Lakin 30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan qonşu dövlət sülhün tezləşmə prosesinə mane olmaq üçün əlindən gələni edir. Müharibədən öncəki dövrlərdə belə düşmən dövlətin baş nazirinə beynəlxalq görüşlərdə cənab İlham Əliyev tarix dərsi keçdi və tutarlı cavablar verdi. Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüş forumun diqqətçəkən məqamlarından biri oldu. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər. Xarici işlər nazirlərinin görüşündə Azərbaycan xarici işlər naziri sülhün təmin olunması üçün dövlətimizin atdığı addımlardan danışaraq bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan Konstitusiyasında qonşu dövlətə torpaq iddiası yer almır. Ermənistan öz konstitusiyasını dəyişməsə, sülh müqaviləsini imzalamaq mənasız görünür. Minsk qrupunun ləğvi və konstitusiyada dəyişiklik olunmasının vacibliyini vurğulayan xarici işlər naziri qeyd edib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsi çox vacibdir, 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda bu barədə nəqliyyat əlaqəsinin açılması ilə bağlı konkret maddə mövcuddur. Azərbaycanda unikal vəziyyət var. Və bu ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru nəqliyyat əlaqəsi yoxdur.
Xarici işlər naziri qeyd edib ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən dəmir yolu sovetlər birliyi vaxtından mövcuddur və bu dəmir yolu Azərbaycan dəmir yolu sisteminin bir hissəsi olub və Azərbaycan dövləti tərəfindən idarə edilib. Nəqliyyat əlaqəsinin olmaması ucbatından Naxçıvan illərdir, blokada vəziyyətində yaşayır. Ona görə də Azərbaycandan Azərbaycana nəqliyyat əlaqəsi bizim üçün çox vacibdir.
Bu debatı izləyəndə qeyri-ixtiyari Naxçıvanın ilk dəfə blokadaya salındığı illər, cəbhə kəndlərində yaşadığım günlər gəldi ağlıma. Çörəklə, soyuqla imtahan olunduğumuz günlər, çıraq işığına belə həsrət qaldığımız gecələr, yaşadığımız kəndlərə düşən alazanlara tuş gəlməmək üçün zirzəmidə yaşadığımız anlar... 2004-cü ildən sonra yaşadığım kənddən gözlə görünən ərazilərdə Ağdam rayonunun işğalda olan kəndlərində var-gəl edən erməni texnikaları canlandı gözlərim önündə. Və ataların “Haqq nazilər, amma üzülməz” misalı gəldi ağlıma. Bəli, haqq nazildi 30 il, amma üzülmədi. Xalqına arxalanan Sərkərdə öz məğlubedilməz ordusu ilə cəmi 44 gündə düşməni diz çökdürdü və tarixin axışını dəyişdi. Bu gün bütün dünya səviyyəli toplantılarda Azərbaycanı təmsil edən hər bir nümayəndə başı dik, alnıaçıqdır. Çünki biz haqlıyıq, çünki biz qalibik.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər