NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Azərbaycanda konstitusion hüquqlara malik güclü dövlətçilik modeli yaradılıb

...

Müstəqil siyasətə, azad iradəyə, ərazi bütövlüyünə, suveren hüquqlara sahib dövlət qurmaq hər bir xalqın ən ümdə arzusu, eyni zamanda da varlığını, birliyini, gücünü göstərən başlıca amillərdir. Əks təqdirdə, illər ötdükcə yad təsirlərə məruz qalaraq öz milli-mənəvi dəyərlərindən uzaqlaşmaq, adət-ənənələrini itirmək təhlükəsi qaçılmazdır. Təqdirəlayiq haldır ki, əsrlərboyu Azərbaycan xalqı torpağına göz dikən yadelli işğalçıların zülmünə, maddi-mənəvi məhrumiyyətlərə baxmayaraq, azadlıq ideyalarından heç vaxt əl çəkməyib, öz kimliyini nümunəvi səviyyədə qoruyub saxlamağa müvəffəq olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyinə qovuşan ölkəmiz mərkəzi hakimiyyətdə baş verən daxili çəkişmələr səbəbindən varlığını itirmək təhlükəsi ilə üz-üzə qalıb. Lakin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı ildə Naxçıvandan başlanan xilaskarlıq missiyası 1993-cü ildən etibarən bütün Azərbaycanı həqiqi müstəqilliyə qovuşdurdu. Ulu Öndərin rəhbərliyi ilə qısa zamanda hüquqi-dövlət quruculuğu istiqamətində vahid konsepsiyas əsasında iş aparıldı və 1995-ci ildə ölkənin ali qanunu sayılan ilk Milli Konstitusiyamız qəbul edildi.

Həmin tarixi hadisədən artıq 30 il ötür. Azərbaycan Prezidenti cənab İlham Əliyev Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, ötən il dekabrın 28-də 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Konstitusiyanın xalqımızın həyatındakı rolu, hüquqi dövlət quruculuğundakı əhəmiyyəti vurğulanır: “Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır”.

Məlum olduğu kimi, ölkə Prezidentinin müvafiq Sərəncamı özündə iki mühüm amili birləşdirir. Konstitusiya və suverenliyi. Dövlətçiliyin əsas sütunlarını təşkil edən bu iki nüans bir-biri ilə sıx bağlıdır. Təsadüfi deyil ki, 1995-ci ildə qəbul edilən Milli Konstitusiyamızda Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq ilk əsas niyyətlər kimi bəyan edilib. Ancaq, təəssüf ki, ölkəmiz və xalqımız1990-cı ilin əvvəllərində müstəqilliyini qazansa da, uzun illər ərazi bütövlüyünü və suverenliyini tam təmin edə bilməyib. Həmvətənlərimizə qarşı törədilən insanlıq əleyhinə bəşəri cinayətlərə dairheç bir beynəlxalq məhkəmə tərəfindən ədalətli qərar çıxarılmayıb. BMT-nin qəbul etdiyi, Qarabağın işğalçılardan təmizlənməsini nəzərdə tutan 4 qətnamədə elə kağız üzərində qalıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev bu illər ərzində bütün beynəlxalq tribunalardan, siyasi platformalardan 1 milyondan çox soydaşımızın haqq və hüquqlarının təmini üçün çağırışlar edib, xaricdəki diaspor təşkilatlarımız aksiyalar keçirib, beynəlxalq hüququn, ədalətin təmini naminə bütün qüvvələr səfərbər olunub. Və nəhayət, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz əks-hücuma keçərək erməni vandallarını torpaqlarımızdan qovdu, dövlətçiliyimizin əsas atributlarından sayılan üçrəngli bayrağımız işğaldan azad olunan ərazilərdə ucaldıldı. Bu baxımdan Sərəncamda da qeyd edildiyi kimi, 2025-ci il həm də Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunan Böyük Qələbənin 5-ci ildönümü kimi əlamətdardır. Eyni zamanda həmin tarixi zəfəri müfəssəl şəkildə tamamlayan, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri həyata keçirildi ki, bununla da Konstitusiyamızda bəyan olunan əsasməsələ həllini tapdı. Ölkə başçısının müvafiq Sərəncamı ilə sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi. Məhz bütün bu tarixi prosesləri nəzərə alsaq, 2025-ci ilin ölkəmiz, xalqımız üçün olduqca əhəmiyyətli bir dönəm olacağını əminliklə deyə bilərik...

Milli Konstitusiyamızın qəbulundan ötən dövrdəali qanunda yer alan, vətəndaşların hüquqlarının təmininə, mənafelərinin qorunmasına xidmət edən bütün tədbirlər dövlətimiz tərəfindən icra olunub. Bu xüsusda Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan üçüncü fəslinin əhəmiyyətini vurğulamaq istərdik. Fəsildə insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipləri müəyyən olunub, insanların bərabərlik, yaşamaq, azadlıq, mülkiyyət, toxunulmazlıq, mənzil, nikah və digər hüquqları təsbit edilib. Qanundan irəli gələn məsələlərin həllinin nəticəsidir ki, bu gün hər bir azərbaycanlı sabitlik şəraitində, əmin-amanlıq içərisində yaşayır, gənclər qabaqcıl orta və ali təhsil müəssisələrində təhsil alır, insanların sosial-məişət şəraiti yaxşılaşdırılır. Eyni zamanda azad sahibkarlıq mühitinin formalaşdırılması, qanunamüvafiq biznes fəaliyyətinin dəstəklənməsi özəl sektorun inkişafına, ümumilikdə isə ölkə iqtisadiyyatının güclənməsinə əhəmiyyətli təsir göstərib. Ölkəmizdə fikir və söz azadlığı təmin olunub, vətəndaşlar cəmiyyətin və dövlətin həyatında fəal iştirak edirlər. Ötən illərdə keçirilən Prezident, deputat və bələdiyyə seçkiləri demokratikliyi, şəffaflığı, obyektivliyi ilə dediklərimizi bütün dünyanın gözü önündə bir daha təsdiqləyib.

Milli konstitusiyamızın ayrı-ayrı maddələrində ədliyyə, hüquq sisteminin təşkili ilə bağlı müddəalar da yer alıb, aiddiyyatı orqanların fəaliyyətlərinə dair qanunvericilik bazası, hüquqi sistem təsbit olunub. Ümumilikdə Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyənləşdirib. Ötən 30 ilə yaxın zaman çərçivəsində ölkəmizdə, eləcə də muxtar respublikamızda bütün sahələr kimi, hüquq və ədliyyə sistemində də əsaslı islahatlar aparılıb, məhkəmə qərarlarının icrası, daxil olan müraciətlərin ədalətli şəkildə araşdırılması, düzgün ekspertizaların aparılması üçün ən müasir texnologiyalardan istifadə təmin olunub. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi də fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun, müasir çağırışlara cavab verəcək şəkildə qurub. Muxtar respublikamızda bu sahənin kadr təminatı ilə bağlı xüsusilə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası ilə birgə iş aparılır, ali təhsil ocağında ekspertiza laboratoriyası quraşdırılıb, mərkəzin mütəxəssisləri tərəfindən tələbələrə nəzəri və praktiki dərslər keçilir. Ötən tədris illərində həmin ixtisasda təhsil alan tələbələrin mərkəzdə istehsalat təcrübəsinə cəlb olunması gələcəkdə yeni kadrların üzə çıxarılmasında müstəsna rol oynayacaq.

Ümumi yekun fikir olaraq onu deyə bilərik ki, ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda Milli Konstitusiyamıza uyğun ədalətli prinsiplər üzərində güclü hüquqi dövlətçilik modeli formalaşdırılıb. “Konstitusiya və Suverenlik İli” elan olunan 2025-ci ildə də bu sahədə yeni inkişaf proseslərinin əldə olunacağı, daha böyük nailiyyətlər qazanılacağı şübhəsizdir.

Rafiq CƏFƏROV

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin

Məhkəmə Ekspertizası Mərkəzinin rəisi

Nəşr edilib : 31.01.2025 15:26