Sabah Azərbaycanda intensiv yağış yağacaq
13:00 06.10.2026
0
0
0
NAXÇIVAN :
06 Oktyabr 2026, Çərşənbə axşamı
5 Oktyabr – Ümumdünya Yaşayış Məskənləri Günü, Ümumdünya Memarlıq Günü və Beynəlxalq Müəllimlər Günü münasibətilə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Bolqarıstandakı səfirliyimizin və Bakı Slavyan Universitetinin bu ali təhsil ocağında fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə “Tələbələrin gözü ilə Azərbaycan və Bolqarıstanın memarlıq irsi” adlı fotosərginin açılışı olub.
"Şərq qapısı" xəbər verir ki, sərgidə Azərbaycan və Bolqarıstan şəhərlərinin memarlığını, mədəni irsini və şəhər həyatını gənclərin fərdi baxış bucağından əks etdirən fotoşəkillər təqdim olunub. Tədbir Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin anadan olmasının 900 illik yubileyi çərçivəsində təşkil ediliob.
Tədbirdə Bolqarıstan Prezidentinin mədəniyyət və təhsil məsələləri üzrə katibi Milena Dimitrova, Universitetinin prorektoru dosent Simeon Qroysman, Bakı Slavyan Universitetinin bu ali məktəbdə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska, professor-müəllim heyəti və tələbələr, eləcə də media nümayəndələri iştirak ediblər.
Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov çıxışı zamanı vurğulayıb ki, şəhərlər yalnız binalardan və küçələrdən ibarət deyil, onlar insanları, tarixi, mədəniyyəti və gələcəyi birləşdirən məkanlardır. Bu gələcəyin formalaşdırılmasında isə gənclər və müəllimlər mühüm rol oynayırlar. Azərbaycan və Bolqarıstanın qardaşlaşmış şəhərləri – Gəncə-Varna, Sumqayıt-Burgas, Şuşa-Veliko Tırnovo, Şəki-Qabrovo və Naxçıvan-Veliko Tırnovo arasında əməkdaşlığın şəhərlərarası əlaqələrdən daha geniş məzmun kəsb edərək insanlararası dostluğun və gənclər arasında dialoqun möhkəmləndirilməsinə xidmət etdiyi də qeyd olunub.
Səfir Azərbaycanın zəngin şəhərsalma və memarlıq irsi, Bakı və ölkəmizin digər şəhərlərində həyata keçirilən urban transformasiya prosesləri, eləcə də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələri barədə iştirakçılara məlumat verib. O, son altı il ərzində işğaldan azad edilmiş ərazilərimizdə, bir tərəfdən, mina təhlükəsinin aradan qaldırılması istiqamətində mühüm işlərin görüldüyünü, digər tərəfdən isə genişmiqyaslı infrastruktur, iqtisadi və sosial layihələrin həyata keçirildiyini xüsusilə vurğulayıb. Onlarla şəhərin və yüzlərlə kəndin yenidən qurulması istiqamətində genişmiqyaslı işlərin davam etdirildiyi bildirilib.
Əcəmi Naxçıvaninin 900 illik yubileyi ilə əlaqədar onun Azərbaycan memarlıq irsinin inkişafındakı mühüm rolu və yaratdığı zəngin irs barədə də məlumat verilib.
Daha sonra diplomat sərginin təşkilinə verdiyi töhfəyə görə Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə, xüsusilə Mərkəzin direktoru Sofiya Şıqayeva-Mitreskayaya təşəkkür edib və universitetin müəllimlərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.
Prorektor Simeon Qroysman çıxışında qeyd edib ki, Bolqarıstanın ən gözəl binalarından biri olan Sofiya Universitetində təşkil edilən bu sərgi ziyarətçilərə Azərbaycan və Bolqarıstanın diqqətəlayiq memarlıq nümunələrinə nəzər salmaq, eyni zamanda, hər iki ölkənin qədim tarixi və zəngin mədəni irsi haqqında düşünmək imkanı yaradır. O vurğulayıb ki, Azərbaycan və Bolqarıstan mədəniyyətləri özünəməxsus xüsusiyyətləri ilə fərqlənsələr də, onları bir-birinə bağlayan çoxsaylı mədəni tellər mövcuddur.
Mərkəzin direktoru Sofiya Şıqayeva-Mitreskaya isə qeyd edib ki, layihənin əsas ideyalarından biri Azərbaycan və Bolqarıstan şəhərlərinin memarlıq irsini yalnız fotoşəkillər vasitəsilə nümayiş etdirmək deyil, həm də onu məhz tələbələrin gözü ilə təqdim etməkdir. O bildirib ki, bu məqsədlə təşəbbüsə hər iki ölkənin bir sıra universitetləri cəlb edilib və həmin ali məktəblərin tələbələri sərgidə nümayiş olunan fotoşəkillərin müəllifləri olublar. Mərkəzin direktoru xüsusi olaraq vurğulayıb ki, layihə “hər kəs öz ölkəsini təqdim edir” prinsipi ilə məhdudlaşmayıb. Tələbələr bir-birinin ölkəsində yerləşən memarlıq abidələrini fotoobyektivə alaraq onları öz baxış bucaqlarından təqdim ediblər. Onun sözlərinə görə, layihənin əsas məqsədlərindən biri tələbələrin mədəni təşəbbüslərin yalnız izləyicisi deyil, həm də mədəni dialoqun fəal iştirakçısı və yaradıcı qüvvəsi olmasına şərait yaratmaq, gəncləri bir-birinin mədəniyyətini daha yaxından tanımağa təşviq etməkdir.
Tədbirin sonunda Azərbaycanın şəhərsalma və memarlıq inkişafını əks etdirən video nümayiş etdirilib.
Fotosərginin Azərbaycan və Bolqarıstan arasında mədəniyyət, təhsil, şəhərsalma və gənclər sahələrində əməkdaşlığın, eləcə də insanlararası əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyi vurğulanıb.
Digər xəbərlər