NAXÇIVAN :

06 Oktyabr 2026, Çərşənbə axşamı

Azərbaycan Türkiyədə İstehlakçı Şurasının 30-cu iclasında iştirak edib

...

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər çərçivəsində bu ölkənin Ticarət Nazirliyinin İstehlakçıların Müdafiəsi və Bazara Nəzarət Baş İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında iştirak ediblər.

"Şərq qapısı" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, qurumun İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı iki ölkə arasında mövcud tərəfdaşlıq münasibətlərinin istehlakçı hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdığını, aidiyyəti qurumlar arasında təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və müasir mexanizmlərin öyrənilməsinin isə bu əməkdaşlığın daha da inkişafına töhfə verdiyini bildirib.

Bundan əlavə, istehlakçı hüquqlarının müdafiəsi sahəsində Azərbaycanın təcrübəsi, ölkəmizdə müvafiq sahədə mövcud olan hüquqi mexanizmlər, müraciətlərin araşdırılması, eləcə də istehlakçıların maarifləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Nəşr edilib : 06.10.2026 11:06