NAXÇIVAN :

14 Mart 2025, Cümə

"Azərbaycan-Türkiyə qardaşlığının yeni reallığı - İğdır-Naxçıvan qaz kəməri"

...

Tarixən Böyük İpək yolunun ayrılmaz parçası olan, qədim karvan yollarının üzərində yerləşən Naxçıvan yaxın coğrafiyada məskunlaşan, xüsusilə də türk kökənli xalqların mədəni dialoq mərkəzi, zəngin svilizasiya qovşağı kimi tanınıb. Müasir dövrdə də dil, din yaxınlığı olan respublikaların birliyinə, bərabərliyinə xidmət edən oğuz yurdu dövlətimizin Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar fonunda iqtisadi əlaqələr sistemindəki əvvəlki şöhrətini yenidən bərpa etməyin astanasındadır. Bu xüsusda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqram”nda nəzərdə tutulan layihələrin reallaşdırılması mühüm əhəmiyyət daşıyır. Proqramda yer alan, 2023-cü il sentyabrın 25-də iki qardaş ölkə – Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən təməli qoyulan və bu il martın 5-də liderlərin iştirakı iləvideobağlantı formatında açılışı olan İğdır-Naxçıvan qaz boru kəməri muxtar respublikanın dayanıqlı enerji təminatında vacib rol oynamaqla yanaşı, gələcəkdə regional iqtisadi əlaqələr sisteminin genişlənməsinə, yeni əməkdaşlıqların formalaşmasına da təkan verəcək. Bu baxımdan sözügedən layihə həm də ölkə başçısının “Naxçıvanla bağlı böyük planlarımız var” ideyası istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, mühüm addım kimi olduqca dəyərlidir.

Naxçıvanın müasir inkişafına əhəmiyyətli təkan verəcək İğdır-Naxçıvan qaz kəməri barədə danışan zaman muxtar respublikanın keçdiyi tarixi keşməkeşli yola, blokadaya düşmə səbəbinə,qıtlıqdan, enerji çatışmazlığından əziyyət çəkdiyi illərə nəzər salmasaq olmaz. Məlum olduğu üzrə 1920-ci ildə  Xalq Cümhuriyyətinin süqutundan beş ay sonra sovet hakimiyyətinin Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirməsi nəticəsində Azərbaycanın onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozuldu. Ötən əsrin 90-cı illərində isə Qarabağın erməni işğalına düşməsi ilə muxtar respublika məqsədli şəkildə blokadaya salındı, bir tərəfdən aclıq, səfalət, digər yandan torpaqlarının işğal təhlükəsi Naxçıvanda sözün əsl mənasında çıxılmaz vəziyyət yaratdı. Məhz belə bir ağır məqamda uzaqgörən siyasətçi Ümummilli Liderimizin tarixi qərarları, mütərəqqi addımları sayəsində güclənən milli həmrəylik və Türkiyə-Azərbaycan qardaşlığı muxtar respublikanı bəlalardan qurtardı.

Ümummilli Liderin qardaş ölkəyə səfərindən iki ay sonra, daha dəqiq desək, 1992-ci il mayın 28-də arzuların, ümidlərin çiçək açdığı Sədərək-Dilucu“Ümid” körpüsü istifadəyə verildi. İnsanların maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına yol açan bu addım, eyni zamanda həmin dövrdə Sədərək və Şahtaxtı gömrük-keçid məntəqələrinin fəaliyyətə başlaması Naxçıvanın Türkiyənin yaxın vilayətləri ilə iqtisadi, ticarət əlaqələrinin genişlənməsinə, beynəlxalq daşımalara qoşularaq nəqliyyat imkanlarının artmasına da təkan verdi.Bu il martın 5-də Ankarada İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində çıxışı zaman Prezident cənab İlham Əliyev də ilk olaraq məhz bu mühüm məqamlara toxundu, Naxçıvanın Ulu Öndərin tarixi xidmətləri, Türkiyənin qardaş dəstəyi sayəsində rifah yoluna qədəm qoyduğunu vurğuladı: “Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular. Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir”.

          Blokada şəraitində yaşayan Naxçıvan üçün geniş perspektivlər vəd edən İğdır-Naxçıvan qaz kəməri layihəsi isə hələ 16 il bundan öncə ali səviyyədə gündəmə gətirildi. Daha dəqiq desək, 2008-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevlə həmin vaxt Türkiyənin Baş naziri olmuşRəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində müzakirə edilmiş məsələlərdən biri də muxtar respublikaya Türkiyədən qaz xəttinin çəkilməsi idi. Səfərlə bağlı jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın Türkiyəyə təbii qazın ixracının artmasındansonra bu ölkə vasitəsilə Naxçıvana da qaz ötürüləcəyini qeyd etmişdi: “Bildiyiniz kimi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsindən və Azərbaycan qazının Türkiyə bazarlarına daxil olmasından sonra, xüsusilə gələcəkdə bu qazın həcminin artımından sonra Türkiyənin Naxçıvanla həmsərhəd olan bölgələrinə də təbii qazın verilməsi nəzərdə tutulur. Əlbəttə ki, bu layihənin təbii davamı olaraq, Naxçıvanın bu xəttə birləşməsi də mümkündür. Bu məsələ müzakirə olundu və müvafiq tapşırıqlar verilmişdir”.

2010-cu ildə əldə olunan razılaşmaya rəğmən həmin zaman müəyyən iqtisadi amillərdən, xüsusilə də qardaş ölkənin təbii qaza olan ehtiyacı, bir mənbədən daha çox asılılıqdan irəli gələrək qiymətin yüksəkliyi layihənin gerçəkləşməsini mümkünsüz etdi. Ancaq son illərdə Bakı-Tbilisi-Ərzurum və TANAP vasitəsilə Azərbaycanın Türkiyənin qaz bazarında payının artması Naxçıvana mavi yanacağın nəqli üçün də əlverişli şərait yaratdı. Prezident İlham Əliyev martın 5-də Ankarada İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində də BTQ-nin türk dünyasını birləşdirmək baxımından böyük üstünlüyə malik olduğunu diqqətə çatdırdı. Sitat:“Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir”.

İğdır-Naxçıvan qaz boru kəmərinin istifadəyə verilməsi digər tərəfdən Azərbaycanın qalib ölkə olaraq nüfuzunu artırması və beləliklə də bölgədə yaratdığı yeni reallıqlarla bilavasitə əlaqəlidir. Hadisələrin gedişatı da bu fikri xeyli qüvvətləndirir. Belə ki, sözügedən kəmərin tikintisi üçün ilkin real anlaşma 2020-ci ilin dekabrın 15-də Ankarada əldə edildi. Həmin vaxtdan təxminən bir ay öncə ölkəmiz Vətən müharibəsində misilsiz zəfər qazanmışdı. Layihənin icrası Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkətinə həvalə edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə bu kəmərin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrıldı.2023-cü ilin sentyabr ayında ölkəmiz dövlət suverenliyini tam təmin etdikdən 5 gün sonra isə həmin kəmərin təməli atıldı. Və martın 5-də Ankarada videoformatda hər iki ölkə Prezidenti 5 il öncə əldə olunan real anlaşmanın praktik nəticəsinə şahidlik etdilər. Bu mənada atılan addımlar zaman və hadisələrin gedişatı baxımından təsadüfi deyil. Sözügedən proseslər ölkə başçısının Vətən müharibəsi zamanı dediyi tarixi fikirlərini bir daha xatırladır: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”...

Xatırladaq ki, Türkiyənin İğdır Vilayətindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna qədər olan boru kəmərinin uzunluğu 97,5 kilometrdir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometr təşkil edir. Layihə çərçivəsində Dilucu məntəqəsində tikilən qazpaylayıcı stansiya 20 min kvadratmetr sahəni əhatə edir ki, bu da boru kəməri ilə qaz axını balansını təmin etməyə, mavi yanacağı Naxçıvana ən təhlükəsiz şəkildə daxil olmağa imkan yaradır. Eyni zamanda, boru kəməri ilə gündə 2, ildə isə 730 milyon kubmetr qaz ötürmək mümkün olacaq ki, bu da Naxçıvanın təbii qaza tələbatını tam ödəyəcək. Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanbu kəməriniki ölkəninenerji sahəsindədaha əvvəlki birgə strateji təşəbbüslərini tamamlayacağını, xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcəyini vurğuladı.

Ümumilikdə onu demək olar ki,Azərbaycan-Türkiyə qardaşlığının regionda yaratdığı yeni reallıqlar fonunda mühüm layihə sayılan İğdır-Naxçıvan qaz boru kəməri nəinki muxtar respublikanın mavi yanacağa olan tələbatını səmərəli şəkildə tam ödəyəcək, eyni zamanda gələcəkdə yeni nəqliyyat xətləri açıldığı təqdirdə Avropaya da çıxış imkanı yaradacaq. Bu mötəbər tarixi hadisə bir daha ölkələrimiz arasındakı dostluğun sarsılmazlığını, qardaşlıq bağının möhkəmlənməsində Naxçıvanın mühüm rolu olduğununümayiş etdirir. Və təqdirəlayiq haldır ki, 2021-ci ildə Şuşa bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksələn əlaqələrimiz hazırda nəinki bu iki qardaş respublikalara, sərhədlərimizi aşaraq bütün regiona, türk dünyasına, Avrasiyaya əhəmiyyətli töhfələr verir.Kəmərin videobağlantı formatında açılışında ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir”.     

Nail ƏSGƏROV

 

Nəşr edilib : 05.03.2025 18:45