NAXÇIVAN :

02 Iyul 2026, Cümə axşamı

Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

...

İyulun 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Agentliyinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, görüşdə müdafiə naziri ölkələrimiz arasında həyata keçirilən birgə hərbi sənaye layihələrinin ordularımızın müdafiə qüdrətini daha da artıracağından əminliyini ifadə edib.

Göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirən M.M.Şeker bu cür görüşlərin qardaş ölkə ilə mövcud hərbi əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.

Səfər çərçivəsində nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə də görüşüb.

Görüşdə xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığın yüksələn xətlə inkişafına böyük təsir göstərdiyi qeyd olunub.

Keçirilən hər iki görüşdə tərəflər ölkələrimiz arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o cümlədən peyk texnologiyaları, radioelektron mübarizə, insansız sistem və digər sahələrdə süni intellektin tətbiqinə dair ətraflı fikir mübadiləsi aparıb.

Nəşr edilib : 02.07.2026 16:35