NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

...

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub.
"Şərq qapısı" xəbər verir ki, tədbirin açılış mərasimində forumun həmtəsisçisi Marko Qayiç, Sloveniya Prezidentinin həyat yoldaşı Aleş Musar, Litvanın birinci xanımı Diana Nausediene, Sloveniyanın dövlət qurumlarının yüksəksəviyyəli nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov çıxış edib. Bled Su Forumunun Mütəxəssislər Şurasının üzvü qismində edilən çıxışda tədbir iştirakçıları su təhlükəsizliyinin təmin olunması, suyun səmərəli istifadə edilməsi sahəsində Azərbaycan hökumətinin prioritetləri və həyata keçirilən tədbirlər, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” barədə ətraflı məlumatlandırılıblar.
IDEA İctimai Birliyinin Xəzər dənizi üzrə tədqiqatlar eksperti Elnur Səfərov forum çərçivəsində keçirilən “Su-iqlim dəyişikliyi arasında əlaqə və su sahəsində davamlılıq naminə əməkdaşlıq” mövzusunda panel müzakirələrə onlayn qoşulub. O, Xəzər dənizinin üzləşdiyi çətinliklər, eyni zamanda, iqlim dəyişikliyi, dənizin səviyyəsinin dəyişməsi, çirklənmə və regionda biomüxtəlifliyə artan qarşılıqlı təsirlər barədə fikirlərini tədbir iştirakçıları ilə paylaşıb.
Xarici işlər Nazirliyinin şöbə müdiri Zaur Qədiməliyevin “COP Su Bəyannaməsinin icrası: Bilik, infrastruktur və innovasiyalar” mövzusunda panel müzakirələrdə çıxışında İqlim Fəaliyyəti naminə Su haqqında COP29 Bəyannaməsi, “İqlim Fəaliyyəti naminə Bakı Su Dialoqu” daxil olmaqla COP29 zamanı əldə olunmuş nailiyyətlər və nəticələr barədə ətraflı məlumat təqdim edilib.
Tədbir çərçivəsində Kəlbəcərin təbii xəzinəsi “İstisu” mineral suyunun təqdimatı və dequstasiyası təşkil olunub. Kəlbəcərin təbii termal su mənbəyindən çıxan minerallarla zəngin “İstisu” tədbir iştirakçılarının və somelyelərin böyük marağına səbəb olub.
Bled Su Forumu çərçivəsində, həmçinin Azərbaycanın iqamətgahı Vyana şəhəri olmaqla Sloveniyadakı səfirliyinin təşəbbüsü ilə tədbir iştirakçılarının Bled şəhərinin ən mənzərəli yüksəkliklərindən biri olan Straja təpəsinə yürüşü təşkil edilib. Simvolik olaraq “Azərbaycan ilə Straja təpəsinə yürüş” adlandırılan tədbir zamanı iştirakçılar arasında COP29-un nəticələri, su və iqlim dəyişikliyi arasında əlaqə kimi mövzular, eyni zamanda, ekoloji problemlərlə bağlı interaktiv müzakirələr aparılıb.

Nəşr edilib : 08.06.2026 18:50