NAXÇIVAN :

19 Iyul 2026, Bazar

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

...

Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2025-ci il noyabrın 4-də Əlcəzair şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli 548 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş”in icrasını və iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri

2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Komissiya Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq əlaqələrinin tənzimlənməsi və daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Əlcəzair Xalq Demokratik Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2026-cı il

Nəşr edilib : 08.07.2026 15:34