NAXÇIVAN :

16 Iyul 2026, Cümə axşamı

“Azərbaycan Mədəniyyətinin Yay Məktəbi”nin iştirakçıları Qarabağın tarixi və mədəni irsi ilə tanış olublar

...

Mədəniyyət Nazirliyinin və Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan Mədəniyyətinin Yay Məktəbi” layihəsi çərçivəsində Qarabağ bölgəsinə səfər təşkil olunub.
Ağdam, Füzuli və Şuşa şəhərlərini əhatə edən səfər zamanı layihə iştirakçıları Qarabağın zəngin tarixi-mədəni irsi, işğal dövründə dağıntılara məruz qalmış dini və memarlıq abidələri, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və abadlıq işləri ilə yaxından tanış olublar.
Səfərin ilk dayanacağı Ağdam şəhəri olub. İştirakçılar burada Qarabağın qədim islam nekropollarından biri hesab edilən Qaraağacı qəbiristanlığını və Ağdam Cümə məscidini ziyarət ediblər. Ziyarət zamanı iştirakçılara abidələrin tarixi, işğal illərində məruz qaldığı dağıntılar, həmçinin onların qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə hazırda aparılan bərpa və mühafizə işləri barədə ətraflı məlumat verilib.
Daha sonra iştirakçılar Füzuli şəhərinə yollanıblar. Burada onlar Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə inşa edilərək Azərbaycan xalqına hədiyyə olunmuş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə baş çəkiblər.
Proqram çərçivəsində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə də səfər ediblər. Onlar Şuşa qalasını, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini, İsa bulağını, Cıdır düzünü, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, Mehmandarovların malikanə kompleksini, Azərbaycanın tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət edərək bu tarixi-mədəni irs nümunələrinin əhəmiyyəti, Şuşanın Azərbaycan ədəbiyyatı, musiqisi və memarlığındakı yeri, eləcə də şəhərdə həyata keçirilən bərpa və abadlıq işləri barədə müfəssəl məlumat alıblar.

Nəşr edilib : 15.07.2026 19:53