NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Azərbaycan MDB ölkələrinə turizm sahəsində şəbəkələşmə platformasının yaradılması təşəbbüsünə qoşulmağı təklif edib

...

Azərbaycan MDB ölkələrinə turizm sahəsində "Tourism Educational Network" kimi şəbəkələşmə platformasının yaradılması təşəbbüsünə qoşulmağı təklif edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Rusiyanın Sankt-Peterburq şəhərində "Beynəlxalq Peterburq turist forumu - Travel Hub 2024" çərçivəsində keçirilən “Müstəqil Dövlətlər Birliyinin turizm sahəsində vahid hüquqi məkanının yaradılması: çağırışlar, müsbət təcrübə və perspektivlər” mövzusunda dəyirmi masada deyib.

K. Quluzadə, bu yeniliyin sənayenin mütəxəssislərini birləşdirərək, turizm sahəsi üzrə müasir tələblərə cavab verən kadrların hazırlığına və təhsil prosesinə töhfə verəcəyini bildirib.

O, Azərbaycanla digər ölkələr arasında mövcud viza rejimləri, region ölkələri ilə birgə turizm marşrutlarının yaradılması və kadr hazırlığı kimi məsələlər haqqında məlumat verib. K. Quluzadə, həmçinin Avrasiya Dağ Kurortları Alyansı və Türk Dövlətləri Xizək Kurortları İttifaqı kimi birliklərin, İpək yolu üzrə turizm marşrutlarının, Xəzər dənizində kruiz səfərlərinin təşkilinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb.

Tədbirdə üzv ölkələrin dövlət orqanlarından və beynəlxalq təşkilatlardan rəsmi nümayəndələr, turizm sənayesinin təmsilçiləri, o cümlədən beynəlxalq hüquq və turizm üzrə ekspertlər iştirak edib.

Tədbirdə region ölkləri üzrə turizm əlaqələrinin inkişafı, beynəlxalq marşrutların yaradılması, təhlükəsizlik və xidmət keyfiyyəti, vahid turizm məkanının formalaşdırılması kimi məsələlərə dair müzakirələr aparılıb.

Nəşr edilib : 06.12.2024 14:49