Экспорт автономной республики вырос на 38,5 процен...
13:02 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Uzun illərdir ki, könüllü fəaliyyətlərlə məşğulam və bu müddət ərzində, əsasən, öz bölgəmdə keçirilən layihə və düşərgələrdə iştirak edirdim. Könüllülük mənim üçün, sadəcə, vaxt ayırdığım bir fəaliyyət deyil, eyni zamanda özümü tanıdığım, insanlarla ünsiyyət qurmağı öyrəndiyim və cəmiyyətə fayda verməyin dəyərini anladığım bir yol olub. Bu baxımdan “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Quba Olimpiya İdman Kompleksində keçirilən “Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” mənim üçün xüsusi önəm daşıyan düşərgələrdən biri oldu. Çünki bu, bölgəmdən kənarda qatıldığım ilk könüllülük düşərgəsi idi. Düşərgədə mənimlə yanaşı, könüllü yoldaşlarım da iştirak edirdi. Biz yeddi nəfər olaraq Gənclər Fondunun Naxçıvan filialını təmsil etmək üçün Qubaya yola çıxdıq. Bu yola çıxış həm həyəcanlı, həm də unudulmaz bir təcrübə oldu.
Düşərgənin ilk günü Quba rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdik. Bu ziyarət mənim üçün, sadəcə, bir proqram hissəsi deyil, eyni zamanda dəyərlərimizi xatırladan və məsuliyyət hissini gücləndirən bir an oldu. Düşərgə çərçivəsində keçirilən təlimlər könüllü gənclərin həm şəxsi, həm də sosial bacarıqlarının inkişafına yönəlmişdi. Təlimlər zamanı komanda işi, interaktiv müzakirələr, praktiki tapşırıqlar və real situasiyalar üzərində iş aparıldı. Qrup çalışmaları vasitəsilə könüllülər birgə qərarvermə, effektiv ünsiyyət, liderlik və məsuliyyət bölgüsü sahəsində mühüm təcrübə qazandılar. Bu fəaliyyətlər bizə göstərdi ki, könüllülük təkcə yardım etmək deyil, eyni zamanda düşünmək, planlamaq və birlikdə hərəkət etmək bacarığıdır. Təlimlərdən əlavə keçirilən oyunlar və masterklaslar düşərgəni daha rəngarəng və yaddaqalan edirdi. Bu fəaliyyətlər zamanı həm əylənir, həm də özümüzü kəşf edirdik. Əyləncə ilə öyrənmənin bir araya gəldiyi anlar düşərgənin ən gözəl məqamlarından oldu.
Düşərgənin ən maraqlı hissələrindən biri isə “Təcrübə sərgisi” idi. Bu sərgidə Beynəlxalq Könüllülər Mərkəzinə üzv olan ölkələrdən gəlmiş iştirakçılar öz ölkələrindəki könüllülük fəaliyyəti haqqında məlumat verdilər. Türkiyə və Mərkəzi Asiya ölkələrindən olan könüllülərlə tanış olmaq, onların mədəniyyətini və düşüncə tərzini yaxından görmək, yeni dostluqlar qazanmaq mənim üçün çox xoş oldu. Bu sərgidən bizə verilən kiçik hədiyyələr isə bir ömürlük xatirəyə çevrildi.
Bu düşərgə mənim üçün təkcə yeni bilik və bacarıqlar qazandığım bir platforma deyil, eyni zamanda yeni dostluqlar qurduğum, fərqli mədəniyyətləri tanıdığım və könüllülüyün əsl mahiyyətini daha dərindən anladığım bir məktəb oldu.
Səmayə RƏSULOVA
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi
Digər xəbərlər