NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

Azərbaycan klassiklərinin Türkiyədə nəşr edilmiş kitablarının təqdimatı olub

...

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr edilmiş kitablarının təqdimatı olub.

Akademiyadan bildirilib ki, İzzəddin Həsənoğlunun “Kitab-ı Siretün-nebi” kitabını və Mirzə Ələkbər Sabirin “Hophopnamə”sini Seyfəddin Altaylı çapa hazırlayıb.

Təqdimat mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu kitabların tarixi və elmi əhəmiyyətindən danışıb. Qeyd olunub ki, M.Ə.Sabirin kitabı Türkiyədə 1950-ci illərdə çap edilib. Seyfəddin Altaylının “Hophopnamə”ni yenidən nəşr etdirməsi “Molla Nəsrəddin” ədəbi məktəbinə böyük hörmətdir.

Avrasiya Yazarlar Birliyinin rəhbəri Ufuk Tuzman çıxışında “Hophopnamə”nin mahiyyətini yüksək qiymətləndirib. O, Azərbaycana səfəri zamanı Sabirin yurdu Şamaxıda olduğunu da diqqətə çatdırıb.

Ufuk Tuzman bildirib ki, Avrasiya Yazarlar Birliyinin 540 kitabı çap olunub, onun da əllisi Azərbaycan ədəbiyyatına aiddir. Özünün rəhbərlik etdiyi müddətdə isə 40 kitab işıq üzü görüb.

O, Avrasiya Yazarlar Birliyinin türk toplumları arasında apardığı maarifləndirmə işləri haqqında da məlumat verib.

Tədbirdə çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi professor Qəzənfər Paşayev, elmi katib dosent Aygün Bağırlı nəşrlərin elmi əhəmiyyətinə nəzər salıblar.

Həmçinin Bakı Avrasiya Universitetinin müəllimi dosent Seyfəddin Altaylı nəşrlərin xarakterik xüsusiyyətləri, kitabların hazırlanma prosesinin incəlikləri haqqında ətraflı məlumat verib.

Nəşr edilib : 29.11.2024 16:28