NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

Azərbaycan-İtaliya strateji tərəfdaşlığı: siyasi dialoqdan enerji təhlükəsizliyi və çoxşaxəli əməkdaşlığa

...

Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət və çevik diplomatiya nəticəsində Azərbaycan bu gün qitələri birləşdirən, uzaq coğrafiyaları yaxınlaşdıran nümunəvi, etibarlı tərəfdaş kimi çıxış edir. Ölkəmiz həm ikitərəfli, həm də çoxtərəfli formatlarda siyasi, iqtisadi və ticarət əməkdaşlığının genişlənməsinə, beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfələr verir. Bu baxımdan, Azərbaycan-İtaliya münasibətləri xüsusi əhəmiyyət daşıyan və gələcək üçün böyük perspektiv vəd edən strateji əməkdaşlıq nümunəsidir. İkitərəfli əlaqələr siyasi dialoq, enerji təhlükəsizliyi, yüksək həcmli ticarət dövriyyəsi, qarşılıqlı investisiyalar, sənaye və texnologiya əməkdaşlığı, eləcə də mədəni-humanitar inteqrasiya kimi bir-birini tamamlayan istiqamətlər üzrə inkişaf edir. Azərbaycan-İtaliya münasibətləri təkcə iki ölkənin maraqlarına xidmət etmir, eyni zamanda Avropa ilə Cənubi Qafqaz arasında etibarlı tərəfdaşlıq körpüsü rolunu oynayaraq regional və qlobal sabitliyə mühüm töhfə verir. Məhz bu çoxşaxəli və dərinməzmunlu əməkdaşlığın fonunda mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri, səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən təkbətək və geniş tərkibdə görüşlər xüsusi əhəmiyyət daşıyır. Bu səfər bir tərəfdən strateji tərəfdaşlığın real nəticələr üzərində qurulduğunu nümayiş etdirir, digər tərəfdən də enerji, investisiya, hərbi-texniki və yeni iqtisadi istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar açır.

Tarixi əsaslar və strateji inkişaf yolu

Zəngin ənənələrə malik Azərbaycan-İtaliya münasibətləri ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra diplomatik əlaqələr zəminində böyük inkişaf yolu keçib. Cənubi Qafqaz ölkələri arasında ilk dəfə 1997-ci ildə İtaliyanın Azərbaycanda, 2003-cü ildə isə Azərbaycanın İtaliyada səfirliyi açılıb. Son illərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, bir sözlə, bütün sahələrdə əməkdaşlıqlar öz əhatə dairəsini daha da genişləndirib, çəkisini artırıb. Çoxtərəfli əlaqələrin, çoxölçülü strateji münasibətlərin, eyni zamanda bəslənilən rəğbətin, etimadın nəticəsidir ki, İtaliya dövlət səviyyəsində “Azərbaycan ili” elan edən ölkə kimi tarixə düşüb, bu çərçivədə 2020-ci ildə silsilə layihələr reallaşdırılıb. İtaliya 44 günlük Vətən müharibəsi dövründə ayrı-ayrı rəsmi orqanlarında, mediada respublikamızın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti, dəstəyi açıq bəyan edən az sayda Avropa ölkələrindəndir.

Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq iki mühüm siyasi sənədə – 2014 və 2020-ci illərdə imzalanmış bəyannamələrə əsaslanır. Bu sənədlər münasibətlərin hüquqi-siyasi çərçivəsini müəyyən edir və tərəflərin uzunmüddətli əməkdaşlıq iradəsini təsdiqləyir. Xüsusilə 2020-ci il fevralın 20-də imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə” əməkdaşlığı daha sistemli və konkret istiqamətlər üzrə inkişaf etdirməyə yönəldib. Sənədlərdə əksini tapan prinsiplərin – qarşılıqlı hörmət, suverenliyə dəstək, iqtisadi tərəfdaşlıq və təhlükəsizlik sahəsində əməkdaşlığın bu gün real siyasətdə və praktik layihələrdə öz təsdiqini tapması münasibətlərin formal deyil, real məzmun daşıdığını göstərir. Siyasi münasibətlərin yüksək səviyyədə olması konkret diplomatik jestlər və qarşılıqlı hörmət nümunələri ilə də müşayiət olunur. Bu baxımdan, İtaliya Baş nazirinin Ermənistana səfər proqramını bitirdikdən dərhal sonra Bakıya gəlməsi respublikamızın regional çəkisinə və ikitərəfli münasibətlərə verilən önəmin göstəricisi kimi qiymətləndirilir. Bu həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun növbəti təsdiqidir. Mayın 5-də Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında da ilk olaraq məhz bu məqama toxundu, səfəri ölkəmizə olan hörmətin və xoş münasibətin bariz təzahürü kimi dəyərləndirdi. Sitat: “Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür”.

Əməkdaşlığın iqtisadi sütunları enerji, ticarət və investisiyalar

İqtisadi və ticarət sahəsində konkret rəqəmlər Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin miqyasını aydın şəkildə ortaya qoyur. İtaliya uzun müddətdir, Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ötən il, təxminən, 12 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsi bu reallığı bir daha təsdiqləyir. Müqayisə üçün bildirək ki, 2024-cü ildə bu göstərici 11,4 milyard ABŞ dolları təşkil edib. Ümumilikdə, bu artım dinamikası Azərbaycan iqtisadiyyatının Avropa ilə inteqrasiyasında İtaliyanın xüsusi yer tutduğunu göstərir. Enerji əməkdaşlığı isə bu tərəfdaşlığın əsas sütunu olaraq qalır. Azərbaycan İtaliyanın enerji təchizatında mühüm mövqeyə malik olmaqla neft və qaz üzrə ikinci əsas təchizatçı kimi çıxış edir. Azərbaycanın ümumi qaz ixracı strukturunda İtaliya bazarının xüsusi çəkisi isə bu strateji əməkdaşlığın miqyasını və əhəmiyyətini aydın şəkildə nümayiş etdirir. Nümunə üçün qeyd etmək olar ki, ötən il ixrac olunan 25 milyard kubmetr qazın 9,5 milyard kubmetri məhz İtaliyaya yönəldilib. Bu, İtaliyanın Azərbaycan üçün əsas enerji bazarı olduğunu təsdiqləyir. Enerji sahəsində əməkdaşlığın texniki əsasını isə Cənub Qaz Dəhlizi və onun əsas komponentlərindən biri olan Trans-Adriatik Boru Kəməri (TAP) təşkil edir. Hazırda tərəflər bu kəmərin ötürücülük qabiliyyətinin artırılması üzərində müzakirələr aparır ki, bu da gələcəkdə enerji əməkdaşlığının daha da genişlənəcəyini göstərir.

Ölkələr arasında yeni və perspektivli istiqamətlərdən biri kimi hərbi-texniki əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Baş nazirin səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə birgə layihələrin həyata keçirilməsi, istehsal proseslərinin lokallaşdırılması və İtaliya texnologiyalarının Azərbaycan maliyyə resursları ilə sintezi məsələləri geniş müzakirə olunub. Bu yanaşma tərəflər arasında əməkdaşlığın daha innovativ və praktiki mərhələyə keçəcəyini göstərir. Beləliklə, İtaliya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi modeli strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksələcəyini və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın dərinləşəcəyini təsdiqləyir.

Azərbaycanla İtaliya arasında investisiya əməkdaşlığı da mühüm faktlara əsaslanır. Azərbaycan Dövlət Neft Fondunun son bir neçə ildə İtaliya iqtisadiyyatına, təxminən, 3 milyard ABŞ dolları həcmində sərmayə yatırması münasibətlərin qarşılıqlı xarakter daşıdığını göstərir. Bu artıq yalnız ixrac-idxal münasibətləri deyil, həm də kapital və maliyyə inteqrasiyası səviyyəsində əməkdaşlıq deməkdir. İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti də xüsusi vurğulanmalıdır. Hazırda 130-a yaxın İtaliya şirkəti ölkəmizdə fəaliyyət göstərir ki, bu da İtaliya iş adamlarının Azərbaycan bazarına olan inamını əks etdirir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətlərinin 23 layihədə iştirakı onların bu prosesdə aparıcı mövqedə dayandığını göstərir. Bu həm iqtisadi əməkdaşlıq, həm də post-müharibə dövrünün bərpa prosesində beynəlxalq tərəfdaşlığın real nümunəsidir.

Humanitar və təhsil sahəsində əməkdaşlıq isə Azərbaycan-İtaliya münasibətlərinin uzunmüddətli perspektivini təmin edən əsas amillərdəndir. Ötən il Bakı şəhərində fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universiteti bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Artıq yüzlərlə tələbənin burada təhsil alması gələcəkdə iki ölkə arasında peşəkar və mədəni körpü rolunu oynayacaq yeni nəsil mütəxəssislərin formalaşmasına xidmət edir. Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında da təhsil sahəsində əməkdaşlığı diqqətə çəkdi, İtaliya-Azərbaycan Universitetində təhsil alan tələbələrin gələcəkdə hər iki ölkə arasında təbii elçi rolunu oynayacaqlarını vurğuladı: “Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir”.

İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin səfəri çərçivəsində müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan-İtaliya münasibətləri ikitərəfli əlaqələr üzərində inkişaf edərək çoxölçülü strateji tərəfdaşlıq modelinə çevrilib. Siyasi dialoq, enerji əməkdaşlığı, yüksək ticarət dövriyyəsi, qarşılıqlı investisiyalar, sənaye layihələri, hərbi-texniki əməkdaşlıq və təhsil sahəsində inteqrasiya bu modelin əsas sütunlarını təşkil edir. Bütün bu faktorlar münasibətlərin təkcə bu gün üçün deyil, gələcək onilliklər baxımından da möhkəm və dayanıqlı əsaslara söykəndiyini göstərir.

Nail ƏSGƏROV

Nəşr edilib : 05.05.2026 11:17