NAXÇIVAN :

08 Oktyabr 2024, Çərşənbə axşamı

Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb

...

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olan Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) rektoru Çaba Guricanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, görüşdə iki ölkə arasında aqrar sahədə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Görüş zamanı kənd təsərrüfatı sahəsində elmi tədqiqatlar, aqrar təhsil, Azərbaycan Dövlət Aqrar Universiteti ilə ikili diplom proqramlarının həyata keçirilməsi, aqrar sahədə mütəxəssislərin yetişdirilməsi, gənc kadrların təcrübə proqramlarında iştirakının genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Macarıstanda səfəri zamanı keçirilən görüşlərdə aqrar sahədə gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı razılıq əldə olunduğunu xatırladıb, aqrar təhsil sahəsində ən qabaqcıl elmi nailiyyətlərin innovativ təlim-tədris texnologiyalarının tətbiqi, aqrar sahədə ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin yüksəldilməsi və beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsinin əhəmiyyətinə toxunub.

MATE-nin rektoru Çaba Gurica bu cür əməkdaşlıqların iki ölkə arasında aqrar təhsil sahəsində münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyini vurğulayıb. O, Avropanın ən qədim kənd təsərrüfatı ali təhsil müəssisəsi olan MATE-nin tədris metodikası, elmi tədqiqat işləri barədə ətraflı məlumat verib.

Görüş zamanı Azərbaycan Dövlət Aqrar Universiteti ADAU və MATE arasında əməkdaşlıq imkanları, tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsinin vacib olduğu diqqətə çatdırılıb. Tərəflər ikitərəfli əməkdaşlığın qurulması, birgə elmi tədqiqatların aparılması, təcrübə mübadiləsi istiqamətində əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Nəşr edilib : 01.10.2024 18:05