“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri Cənubi Qafqazın yeni geosiyasi reallıqlarını və gələcək inkişaf paradiqmasını müəyyən edən mühüm siyasi hadisədir. Belə yüksək səviyyəli təmaslar regionun daxili dinamikasını kənar təsirlərdən sığortalamaqla yanaşı, Cənubi Qafqazın mürəkkəb geosiyasi konyukturalardan çıxaraq sülh və əməkdaşlıq mərkəzinə çevrilməsi yolunda atılan qətiyyətli addımlardan sisteminin üzvi tərkib hissəsidir. Bu baxımdan, ikitərəfli münasibətlərin sarsılmaz siyasi və mənəvi bünövrəsinin növbəti təzahürü olan bu dövlət səfəri bir neçə istiqamət üzrə böyük əhəmiyyətə malikdir.
Azərbaycan-Gürcüstan münasibətləri tarixin yaddaşının siyasi mirasa çevrildiyi varislik münasibətlərinə əsaslanır
Hər şeydən öncə, Azərbaycan-Gürcüstan münasibətləri zamanın sınağından keçmiş, hər mərhələdə daha da zənginləşən, tarixin yaddaşının siyasi mirasa çevrildiyi varislik münasibətlərinə əsaslanır. Bu gün iki müstəqil dövlət kimi Cənubi Qafqazın taleyini müəyyən edən Azərbaycan və Gürcüstanın nümayiş etdirdiyi həmrəylik, əslində, nəsillərdən-nəsillərə ötürülən dinc qonşuluq münasibətlərinin müasir dövlətçilik təfəkkürü ilə sintezidir. Məhz bunun nəticəsidir ki, keçmişin sınaqlarından uğurla çıxmış qarşılıqlı etimad münasibətləri rəsmi Bakı və Tbilisi üçün ən mürəkkəb geosiyasi konyukturalarda belə qərarların qəbuluna təsir edən güclü mənəvi-siyasi əsas kimi çıxış edir. Başqa sözlə, tarixi yaddaş diplomatik masada siyasi iradəyə çevrilərək qlobal siyasi arxitekturada baş verən kəskin dəyişikliklərə və qütblərarası maraq toqquşmalarına rəğmən, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq vektorunun öz sabitliyini qoruyub saxlamasına səbəb olur.
Sözsüz ki, müstəqilliyin bərpasından sonra Ulu Öndər Heydər Əliyev tərəfindən regional əməkdaşlıq layihələrinin icrası ilə yeni mərhələyə qədəm qoymuş qarşılıqlı hörmət və əməkdaşlıq fəlsəfəsi bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Gürcüstan rəhbərliyinin siyasi iradəsi ilə günbəgün inkişaf edir. Zaman faktoru münasibətlərin keyfiyyətini cilalayan həlledici amil kimi xalqlarımızın tarixi yaddaşını ən yüksək dövlətçilik məntiqi ilə çərçivələyərək Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və birgə inkişafın qarantına çevirir.
Geosiyasi münasibətlərin iqtisadi şaxəsi kimi Azərbaycan-Gürcüstan münasibətləri regionun inkişafına böyük səmərə verir
Xalqlarımızın tarixən sınaqdan çıxmış sülh, mehribanlıq və qonçuluq ənənələri üzərində bərqərar olan Azərbaycan-Gürcüstan əlaqələri müasir dövrdə həm regional, həm də qlobal müstəvidə xüsusi çəkiyə malikdir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək göstərirlər. Təsadüfi deyil ki, siyasi müstəvidə formalaşan ali etimad mühiti və qlobal miqyaslı iqtisadi və nəqliyyat-logistika layihələrinin reallaşdırılması üçün yaranmış münbit zəmin Azərbaycan və Gürcüstanın ortaq fəaliyyəti ilə ərsəyə gələn enerji və nəqliyyat strategiyasını Avropanın geoiqtisadi mənzərəsini və enerji gündəliyini müəyyən edən əsas faktorlardan birinə çevirib. Bu mənada, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, xüsusilə də qitənin enerji təhlükəsizliyinin qarantına çevrilmiş nəhəng Cənub Qaz Dəhlizi ölkələrimizin qlobal təchizat zəncirindəki həlledici rolunu təmin edir. Bu gün Azərbaycan qazının 16 dövlətə ixrac edilməsi və bütün bu marşrutların məhz Gürcüstan ərazisindən keçməsi qardaş ölkənin tranzit potensialını beynəlxalq təhlükəsizlik sisteminin ayrılmaz elementinə çevirib. Enerji daşıyıcılarının tranzitinin şaxələndirilməsi ilə paralel olaraq regionu Avropa və Asiya arasında birbaşa qovşağa çevirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhliz adlanan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas perspektivlərindən biri kimi çıxış edir. Bu mənada, son modernləşdirmə işləri nəticəsində illik yükötürmə gücü 5 milyon tona çatdırılan bu xəttin potensialından daha səmərəli istifadə etmək məqsədilə təsis edilmiş “BTKI Railways” MMC birgə müəssisəsi iki dövlətin bu sahəyə nə qədər diqqət göstərdiyinin real təzahürüdür.
Qeyd etmək lazımdır ki, həyata keçirilən bütün bu qlobal miqyaslı logistika və enerji strategiyalarının statistik göstəriciləri həm də bəyan edilmiş hədəflərin real iqtisadi dividendlər və qarşılıqlı investisiyalarla dəstəkləndiyini təsdiqləyir. Təsadüfi deyil ki, davamlı olaraq genişlənən iqtisadi əlaqələr ticarət dövriyyəsinin həcmində də öz müsbət dinamikasını qoruyur. Təkcə cari ilin yanvar-fevral aylarının nəticələrinə əsasən ikitərəfli ticarət dövriyyəsinin əvvəlki ilin analoji dövrü ilə müqayisədə 18,9 faiz artaraq 176,6 milyon ABŞ dollarına çatması və Gürcüstanın ölkəmizin xarici ticarət tərəfdaşları sırasında ilk beşlikdə, ixracımızda isə 158,3 milyon dollarla üçüncü pillədə qərarlaşması məqsədyönlü iqtisadi siyasətin məntiqi nəticəsidir. Bu mənada, qeydə alınan yüksələn tendensiya cənab Prezidentin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı ifadə etdiyi gələcək strateji baxışlarla da tam üst-üstə düşür. Başqa sözlə desək, dövlət başçısının ötən il 800 milyon dolları ötmüş ticarət dövriyyəsinin cari ildə bir milyardlıq həddə çatdırılması və yeni layihələrə birgə sərmayə qoyulması ilə bağlı müəyyənləşdirdiyi hədəflər gələcək iqtisadi rifahın və birgə əməkdaşlığın aydın perspektivlərini cızır.
Rəsmi Tbilisi Cənubi Qafqazda davamlı sülhü daim dəstəkləyir
Cənab Prezidentin Gürcüstana dövlət səfərinin ən yaddaqalan məqamlarından biri də hər iki dövlətin bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının növbəti dəfə qeyd-şərtsiz bəyanı oldu. Səfər çərçivəsində dövlət başçısı və Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən səsləndirilən bəyanatlar göstərdi ki, Azərbaycan və Gürcüstan regionun kənar müdaxilələrdən qorunması və müstəqil inkişaf yolunun təmin edilməsi istiqamətində vahid, prinsipial mövqedən çıxış edirlər. Bu mənada, iqtisadi və logistik layihələrin tam gücü ilə işləməsi və regionun potensialının tam miqyasda reallaşması üçün fundamental şərt Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasıdır. Azərbaycan və Ermənistan arasında sülh prosesinə Gürcüstanın verdiyi konstruktiv dəstəyin, eləcə də mövcud ticarət əlaqələrinin məhz bu ölkə üzərindən həyata keçirilməsinin xüsusi qeyd olunması təsadüfi deyil. Sülhün birgə ticarət və iqtisadi maraqlar zəminində möhkəmləndirilməsinin regionda yeni inam mühiti formalaşdırması artıq hər bir dövlət üçün ən ciddi reallıqdır. Cənab Prezidentin də dediyi kimi: “Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir”.
Bu səfər bir daha nümayiş etdirdi ki, Bakı və Tbilisi arasındakı münasibətlər qarşılıqlı etimada və milli maraqların vəhdətinə söykənən tarixi qonşuluq münasibətləridir. Tarixin sınaqlarından keçərək bu günə qədər gələn bu münasibətlər regionda sülh və sabitliyin yeganə alternativsiz modelidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uzaqgörən xarici siyasət kursu Gürcüstanla qurulan siyasi-iqtisadi və mənəvi körpülər vasitəsilə ticarət dövriyyəsinin artan dinamikası, nəhəng tranzit layihələrinin uğurlu icrası və ən əsası, ərazi bütövlüyü məsələsində nümayiş olunan qətiyyətli mövqeni daha da möhkəmləndirir, iki xalqın rifahına və təhlükəsizliyinə xidmət edir. Əminliklə demək olar ki, rəsmi Bakı və Tbilisi ortaq maraqlar naminə birlikdə addımladıqca, Cənubi Qafqazın təhlükəsizliyi, iqtisadi dirçəlişi və qlobal inteqrasiyası daha da dönməz xarakter alacaqdır.
Yusif Mirzəzadə
Naxçıvan Dövlət Universiteti
Tələbə Elmi Cəmiyyətinin sədri
Digər xəbərlər