NAXÇIVAN :

02 Fevral 2025, Bazar

Azərbaycan gəncliyi: yeni nəsil, yeni uğurlar

...

Gənclər cəmiyyətin ən dinamik və yaradıcı qüvvəsidir. Onların enerjisi, yenilikçi düşüncəsi, təşəbbüskarlığı sosial-iqtisadi və mədəni inkişafda mühüm rol oynayır. Cəmiyyətin inkişafında onların iştirakı, ilk növbədə, ictimai və sosial sahədə özünü göstərir, çünki gənclər sosial problemlərin həllində, könüllülük fəaliyyətlərində, qeyri-hökumət təşkilatlarında və müxtəlif sosial layihələrdə fəal iştirak edirlər. Təhsil və elm sahəsində isə gənclər ölkənin intellektual potensialını artıraraq akademik uğurlar əldə edir, yeni bilik və texnologiyaların inkişafına kömək edirlər. Onlar müxtəlif tədqiqatlarla innovasiyalara imza atır, elmi nailiyyətlər əldə edərək ölkənin beynəlxalq arenada mövqeyini möhkəmləndirirlər. Gənclərin iqtisadiyyatda da rolu danılmazdır, çünki onlar startaplar və kiçik bizneslərlə yeni iş yerləri yaradır, rəqəmsal texnologiyalar və süni intellekt kimi sahələrdə inkişafı təmin edirlər. Əmək bazarında peşəkar bilik və bacarıqları ilə önə çıxaraq ölkənin iqtisadi inkişafına mühüm töhfə verirlər. Gənclərin mədəniyyət və incəsənət sahəsindəki rolu da xüsusi qeyd olunmalıdır.  Çünki onlar musiqi, incəsənət və ədəbiyyatda yeni üslublar yaradır, milli irsi qoruyaraq onu beynəlxalq səviyyədə tanıdırlar. Eyni zamanda ekoloji problemlərin həllində onların rolu artmaqdadır. Onlar iqlim dəyişikliyi ilə mübarizədə, yaşıl iqtisadiyyat və alternativ enerji mənbələrinin inkişafında fəal iştirak edirlər. 
“Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir", – deyən Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin prioritet istiqamətlərindən biri hesab edib. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlamdüşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlayıb və onun təşəbbüsü ilə hələ sovetlər birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, milli dəyərlərə və tarixi­-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasının əsası qoyulmuşdur. O dövrdə gənclərin təhsili sahəsində həyata keçirilən tədbirlər, onların ixtisaslı kadr kimi yetişdirilməsi, xüsusilə milli hərbçi kadrların hazırlanması ölkəmiz müstəqillik qazandıqdan sonra milli kadr təminatında əsas amil olmuşdur.
Müstəqilliyin ilk illərindən digər sahələrin inkişafı ilə yanaşı, gənclərin üzləşdikləri problemlərin həll edilməsi də dahi şəxsiyyət üçün prioritet təşkil etmişdir. Ölkənin siyasi həyatında çətin hadisələrin baş verdiyi bir vaxtda, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması sübut edirdi ki, Ulu Öndər ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı. Beləliklə, Ümummilli Lider dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltmişdir. Bu istiqamətdə yorulmadan böyük işlər görməklə o, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının yüksək səviyyədə təmin edilməsinə nail olmuşdur. Ulu Öndərin hakimiyyətinin ilk illərindən gənclərə yüksək qayğı göstərməsini bir daha sübut edən məqamlardan biri də ondan ibarətdir ki, O, 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.
 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Ümummilli Liderin özü şəxsən iştirak etmişdir. Bunun ardınca, 1 fevral 1997-ci il tarixdə ilk forumun ildönümü münasibətilə gənclərlə görüşən Ümummilli Lider “2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Məhz həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur. Ulu Öndər gənclərlə bağlı siyasətinə hər zaman yeni nəfəs vermiş, bu siyasətin davamlı xarakter almasını şərtləndirmişdir. Belə ki, Ümummilli Lider Heydər Əliyev 2 fevral 1998-ci ildə Azərbaycan Gəncləri Gününün ildönümü münasibətilə keçirilən bədii-idman bayramında tarixi çıxış etmiş və gənclərə müraciət ünvanlamışdır. Ulu Öndər gənclərə müraciət edərək demişdir: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin – gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası  qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək idi. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, həmçinin “Gənc ailə”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı” və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza yaradıldı.
Gənclərimiz bu gün ölkəmizin bütün idarəetmə strukturlarında, qurumlarda, vətəndaş cəmiyyəti institutlarında layiqincə təmsil olunur. Azərbaycan gəncliyi bu mövqedə öz məsuliyyətini dərindən dərk edir və üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır. Çünki Azərbaycanın gələcək uğurları bu gün gəncliyin sahibləndiyi bilik, bacarıq və mənəvi tərbiyədən asılıdır.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən  müharibəsində gənclərimiz istər ön cəbhədə, istərsə də arxa cəbhədə fəal iştirak etmişdir. Vətən müharibəsi Azərbaycan gəncinin öz ölkəsinə, öz xalqına necə ülvi hisslərlə bağlı olduğunu bir daha göstərdi. “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”. Prezident cənab İlham Əliyevin 2021-ci ilin yanvar ayında Şuşaya səfəri zamanı Cıdır düzündə səsləndirdiyi bu fikirlər gənclərin dövlətin ictimai-siyasi həyatında necə bir yer tutduğunu bir daha göstərmişdir. 
Bu gün biz gənclər Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  rəhbərliyi  altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün "dəmir yumruq"da birləşməliyik.
Biz, Azərbaycan gəncləri olaraq, cəmiyyətin inkişafında fəal iştirak etməli, bilik və bacarıqlarımızı ölkəmizin rifahına yönəltməliyik. İstər təhsildə, istər iqtisadiyyatda, istərsə də ictimai və siyasi sahədə üzərimizə düşən məsuliyyəti dərk edərək ölkəmizi daha güclü, inkişaf etmiş dövlətə çevirmək üçün çalışmalıyıq. Biz inanırıq ki, dövlətimizin bizə verdiyi imkanlardan istifadə edərək hər zaman innovativ təşəbbüslərlə çıxış edəcək, milli və beynəlxalq arenada ölkəmizi ləyaqətlə təmsil edəcəyik. 

Əziz Qasımov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Gənclər üçün Prezident mükafatçısı

Nəşr edilib : 02.02.2025 19:15