Azərbaycan səfiri Kosta-Rika Prezidenti ilə görüşü...
02:13 02.02.2025
0
0
0
NAXÇIVAN :
02 Fevral 2025, Bazar
Bu gün Azərbaycanda geniş dünyagörüşünə, intellektual təfəkkürə malik təhsilli, vətənpərvər ruhlu, ölkəmizi inamlı sabahlara daşıya biləcək müasir gənclik modeli formalaşıb. O gənclik ki təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, mütərəqqi ideyadan yoğrulan dərin konseptual xarakterli gənclər siyasətinin nəticəsində inkişaf edib, yetişib. Bəli, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi, eləcə də digər mühüm əhəmiyyətə malik tədbirlər Ulu Öndərin ölkəmizin aydın sabahları naminə gəncliyə yolgöstərən, mayak olan tarixi xidmətlərindəndir. Bu mütərəqqi addımların bəhrəsini hər ötən gün daha dərindən dərk edirik, görürük, yaşayırıq. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” ideyası son 30 ilə yaxın dövrdə gənclərimizin həyat tərzinə, fəaliyyət prinsipinə çevrilərək ölkəmizi böyük qələbələrə aparıb və hazırda aparmaqdadır. Dahi şəxsiyyətin 1997-ci ildə imzaladığı müvafiq Fərmana əsasən fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib.
Dövlət gənclər siyasətinin əsas xətti təhsildən keçir
Ümummilli Liderimiz Heydər Əliyevin siyasi varisi, ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2003-cü ildən bəri uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin yeni dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına güclü təkan verib. Gənclər Fondunun yaradılması, gənclərin bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması, onların dövlət tərəfindən dəstəklənməsi, gənclər üçün Prezident mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclər mərkəzlərinin, gənclər evlərinin tikilməsi gənclər siyasətinin səmərəliliyini daha da artıran əhəmiyyətli amillərdir. Bu gün xaricdə diaspor təşkilatlarında, konsulluqlarda, səfirliklərdə, dövlət idarəçiliyində, təhsil, səhiyyə, mədəniyyət, ümumiyyətlə, bütün sahələrdə gənclik həvəsi, gənclərin səsi duyulur. Bu baxımdan 2005-ci ildən etibarən 2005-2009, 2011-2015 və 2017-2021-ci illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət proqramlarının icrasına diqqəti çəkmək olar. Proqramlardan irəli gələn vəzifələrə uyğun dövlətin gənclərlə bağlı siyasətində əsas xətt məhz təhsil üzərindən inkişaf etdirilir, yəni məqsəd dünyada gedən qlobal yeniliklərlə, dövri proseslərlə ayaqlaşmağı bacaran savadlı nəsil yetişdirməkdir. Ölkəmizin bütün bölgələrində mərkəzdən tutmuş ta ki dağ kəndlərinədək müasir təhsil infrastrukturunun qurulması, məktəblərin ən yeni tədris avadanlıqları ilə təchizi, yeni təlim metodlarının tətbiqi də məhz bu məqsədə xidmət edir. Hər il ölkəmizin ali təhsil ocaqlarında yüksələn qəbul göstəriciləri də aparılan uğurlu siyasətin bəhrəsidir. Ölkə üzrə 2023-2024-cü tədris ilində bakalavriat pilləsinə 54 min 275, magistratura pilləsinə 13 min 567 nəfər qəbul olunub. Müqayisə üçün bildirək ki, 2022-2023-cü tədris ilində bakalavriat pilləsinə 49 085, magistratura pilləsinə 11 541 nəfər qəbul edilmişdi. Göründüyü kimi, cəmi bir tədris ilində kifayət qədər artım müşahidə olunur. Digər prioritet hədəf isə xarici ölkələrin tanınmış ali təhsil ocaqlarında təhsilin təşviqidir ki, bu istiqamətdə də ötən illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət proqramları icra edilib. Prezident cənab İlham Əliyevin 2024-cü il 12 avqust tarixli Sərəncamı ilə həmin proqramın müddəti 2028-ci ilədək uzadılıb və qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub. 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat pilləsini və 20 faizindən çox olmayan hissəsi doktorantura pilləsini əhatə edəcək. 2024-2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat pilləsi üzrə 125, magistratura pilləsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə, 500 nəfər təqaüdçü adını qazanıb. Ümumilikdə, proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 151 ali təhsil müəssisəsində 1252 tələbə təhsil almaq hüququ qazanıb. Bunlardan dünyanın 14 ölkəsinə aid 64 nüfuzlu ali təhsil müəssisəsində təhsilini başa vuran 186 nəfər Dövlət Proqramı çərçivəsində məzun olub.
Bu gün ölkəmizin hər yerində olduğu kimi, işğaldan azad edilən tarixi torpaqlarımızda da müasirtipli orta məktəblər tikilib istifadəyə verilir. 2024-2025-ci tədris ilində 1104 tələbənin ali təhsil aldığı Qarabağ Universitetinin açılışı həm də bölgədə mövcud tarixi təhsil ənənələrinin bərpasına xidmət edir. Təqvimi yarım əsr geriyə çəkməyimiz yetərlidir ki, bu ənənənin necə yarandığını, xalqımızın həyatında böyük önəmə malik hansı tarixi hadisə ilə üst-üstə düşdüyünü öyrənək. Məlum olduğu üzrə bu təhsil ocağının yaranması ötən əsrin 60-70-ci illərinə, yəni Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövrünə təsadüf edir. Daha dəqiq desək, təhsil müəssisəsi elə 1969-cu ildə Ulu Öndər Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi zaman Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə, ümumiyyətlə, fəaliyyətini dayandırıb. Və təqdirəlayiq haldır ki, artıq Qarabağ Universiteti adına layiq şəkildə, mövcud tarixi yerində – Xankəndidə fəaliyyət göstərir.
Vətənpərvərlik hisslərinin gənc nəslə aşılanmasında idman amili mühümdür
Dövlətimizin gənclər siyasətində ikinci prioriteti isə sağlam təfəkkür, əqidə ilə yanaşı, fiziki cəhətdən də sağlam nəsilin yetişdirilməsi, formalaşdırılmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda ölkəmizin ayrı-ayrı bölgələrində, ümumilikdə, 44 Olimpiya İdman Kompleksi, o cümlədən müxtəlif bölgələrdə, Bakıda, Qarabağda, Naxçıvanda ən müasir idman infrastrukturu qurularaq gənclərin istifadəsinə verilib. Azərbaycanın Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etməsi gənclər idman siyasətinin uğur göstəriciləridir. Təqdirəlayiq haldır ki, idmançılarımız yaradılan şəraitdən düzgün istifadə edərək beynəlxalq arenalarda ölkə idmanının şərəfini layiqincə qoruyur, üçrəngli bayrağımızı zirvələrə qaldırır, Dövlət Himnimizi səsləndirirlər. Bu baxımdan 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edib, 1700-ə yaxın medal qazanılıb. Sayca 33-cü dəfə keçirilən, 16 gündə 329 dəst medalın öz sahibini tapdığı “Paris-2024” Yay Olimpiya Oyunlarını müstəqilliyinin bərpasının 33-cü ildönümündə respublikamız üçün ən uğurlu idman yarışlarından biri hesab etmək olar. 91 ölkənin idmançılarının fəxri kürsüyə çıxdığı olimpiadada Azərbaycan 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmaqla sıralamada Qazaxıstan, Polşa, Avstriya kimi iddialı komandaları arxada buraxıb 30-cu olmağı bacardı. Olimpiada bir daha göstərdi ki, Azərbaycanda idman cəmiyyətimizin ayrılmaz hissəsidir. Xüsusilə gənc nəslin yetişdirilməsi, gənclərə vətənpərvərlik hisslərinin aşılanması üçün idman amilinə böyük önəm verilir. Nəzərə alsaq ki, ötənilki Yay Olimpiya Oyunlarında ilk dəfə Azərbaycan qalib ölkə, idmançılarımız isə müzəffər xalqın nümayəndələri olaraq iştirak edirdi o zaman bu nailiyyəti müharibədən sonrakı dönəmdə milli ruhun daha da yüksəlməsi kimi dəyərləndirə bilərik. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev əvvəlki illərdə olduğu kimi, bu dəfə də böyük nailiyyətlərlə Vətənə dönən idmançılarımızı orden və medallarla təltif etdi, yüksək məbləğdə pul mükafatları ilə mükafatlandırdı. Dövlət başçısı 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə ölkəmizin olimpiadada qazandığı tarixi nailliyyəti yüksək qiymətləndirdi: “Əlbəttə ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu ən yüksək nəticədir. Bütövlükdə, iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir”.
“Elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda”
Fiziki, intellektual cəhətdən sağlam yetişən gəncliyin, təbii ki, vətənpərvərlik tərbiyəsi, milli ruhu da yüksək olur. Bu baxımdan ölkəmizdə illərdir, həyata keçirilən dövlət gənclər siyasətinin ən bariz bəhrəsini, nümunəsini, milli ruhun təntənəsini 2020-ci ilin 44 günündə gördük, yaşadıq. Vətənə məhəbbətlə böyüyən Vətən sevdalı Azərbaycan gəncləri sentyabrın 27-dən noyabrın 10-dək bircə gün də geriyə addım atmadı, yalnız irəli addımladılar. Füzulidən yarılmaz istehkamları yarıb, keçilməz sədləri keçərək müqəddəs şəhərimiz Şuşada missiyalarını şərəflə tamamladılar, müasir hərb tariximizin zəfər salnaməsini yazdılar. Ölkə başçısı da çıxışlarında aparılan dövlət gənclər siyasətinin, təlim-tərbiyə prosesinin müharibənin taleyində böyük rol oynadığını vurğulayıb: “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər”. Bəli, Ulu Öndər siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi dövründə formalaşan, düzgün təlim-tərbiyə alan gənclər tarix yazdılar. Xalqımızın yaddaşına əbədi həkk olunan qızıl tarix.
Bəli, müasir Azərbaycan gəncliyi 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın əmrinə müntəzir doğma ata-baba torpaqlarını qaytarmaq üçün irəli atılan oğulların nərəsində, keçilməz sədləri keçən, yarılmaz cəbhələri yaran iradədə, düşməni lərzəyə salan “dəmir yumruq”dadır. Təkbaşına onlarla ermənini məhv edən Mübarizin cəsarətində, dumanlı dağların başında duran Xudayarın döyüş yoldaşlarını irəli səsləyən Vətən həsrətli səsində, tək əliylə düşmənin canını boğazından çıxaran Cəbrayılın intiqamlı baxışlarında, yüzlərlə igidimizin 44 gündə al qanları ilə yazdıqları qəhrəmanlıq dastanındadır. 23 saata qondarma rejimin belini qıran qətiyyətdə, şücaətdə, mülki şəxs canından olmasın deyə göstərilən nəzakətdə, insanlıqda, vicdanda, ləyaqətdədir Azərbaycan gəncliyi. Beynəlxalq yarışlarda ölkəmizin bayrağını dalğalandıran, himnimizi səsləndirən Hidayət, Zelim kimi gənclərin əyilməz qəddində, şux qamətində, kimsəsizə kimsə olmağı, mənəvi dəyərləri qorumağı, təbiətə qayğı ilə yanaşmağı aşılayan könüllülük hərəkatında, olimpiada qalibi olmaq, ali məktəb tələbəsi adını qazanmaq həvəsində, Xankəndidəki Qarabağ Universitetində, Ali Baş Komandanı qarşılamaq üçün universitetin yataqxanasının üçrəngli bayraqla bəzənən eyvanından duyulan alqışda, rəğbətdədir. Səndədir, məndədir, hər birimizdədir gənclik istəyi, gənclik duyğusu. Gününüz mübarək, güclü Azərbaycanın güclü gəncləri...
Nail ƏSGƏROV
Digər xəbərlər