Təhsil naziri Ukraynada fəaliyyət göstərən akademi...
21:47 06.06.2025
0
0
0
NAXÇIVAN :
07 Iyun 2025, Şənbə
Prezidentin əfv Sərəncamı 200-dən çox şəxsə şamil olunub
“Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur” ideyasının müəllifi Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizdə demokratik dəyərlərin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmini istiqamətində ciddi islahatlar həyata keçirib. Azərbaycanın məhkəmə, hüquq sistemi uzun yol qət etsə də, ən təkmilləşdirilmiş ədalət prinsiplərini məhz Ulu Öndərin sayəsində qazanıb. Dahi şəxsiyyətin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı qəbul edilib və 32 əfv Fərmanı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub.
Görkəmli dövlət xadimi tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs cəzadan azad edilib. Hətta Ulu Öndər böyük humanistlik göstərərək əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini bağışlayıb. Məhz görkəmli dövlət xadiminin insan hüquq və azadlıqlarına verdiyi qiymətin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Əvvəlcə ölüm hökmü üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib.
Ulu Öndər ideyalarını yeni müstəvidə uğurla reallaşdıran ölkə Prezidenti İlham Əliyev vətəndaşlara qayğının əsas təzahürü kimi ötən illərdə dəfələrlə məhkum olunmuş bir sıra şəxslərin əfv olunması barədə sərəncamlar imzalayıb. Dövlət başçısı, adətən, bu humanist addımları xalqımız üçün əziz olan bayramlarda, əlamətdar tarixi günlərdə atır ki, bu həm də çoxəsrlik milli-mənəvi dəyərlərimizə hörmətin ən ali ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 2018-ci il 24 may tarixli əfv Sərəncamı 634 məhkuma şamil edilib. 2023-cü ildə Ümummilli Liderimizin anadan olmasının 100 illiyi ilə əlaqədar əfv Sərəncamı isə Azərbaycan tarixində ən çox insanın azadlığa buraxıldığı Sərəncamı kimi tarixə düşüb. Belə ki, Sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib. Əfv sərəncamlarında ən çox diqqətçəkən amillərdən biri də, heç şübhəsiz dünyəviliyin qorunması, xalqlar, millətlər arasında ayrı-seçkiliyə yol verilməməsidir. Bu baxımdan 2023-cü ildə əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-si cəzadan tam, 2-si isə cəzanın yarı hissəsindən azad olunub. Ən böyük amnistiya qərarı isə 2021-ci ildə qəbul edilib. Belə ki, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli Qərar 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiya hesab edilir.
Bu il mayın 26-da Müstəqillik Günü ərəfəsində imzalanan əfv Sərəncamı sayca 71-cidir və ümumilikdə, 200-dən çox şəxsə şamil olunub, 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq humanizm prinsiplərinə əsaslanaraq imzalanıb. Sərəncama əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad olunub. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib. Əfv Sərəncamı 5-i İran, 4-ü Rusiya, 1-i Fransa, 1-i Türkiyə, 2-si Pakistan, 1-i Əfqanıstan, 2-si Gürcüstan vətəndaşları olmaqla, ümumilikdə, 16 əcnəbiyə də şamil olunub.
Sərəncama əsasən Naxçıvanda bir nəfərin cəzası yarıyadək azaldılıb. Xatırlatmaq yerinə düşər ki, uzun illər Prezidentin əfv Sərəncamına əsasən muxtar respublikada azadlığa çıxan olmayıb, 2023-cü ildə Ümummilli Liderimizin anadan olmasının 100 illiyi münasibətilə imzalanan əfv Sərəncamı ilə bir məhbusun cəza müddəti yarıya endirilib. Ötən il isə bir nəfər muxtar respublika sakini Sərəncamla azadlığa çıxıb. Onu da xüsusi vurğulamaq olar ki, cəzaçəkmə müəssisələrində məhbusların istedadlarının üzə çıxarılması və gələcəkdə cəmiyyətə adaptasiyası üçün müvafiq tədbirlər də reallaşdırılır. Məhbuslar təlimlərə, kurslara cəlb olunur, onların əl işləri festivallarda, bayram konsertlərində nümayiş olunur, məşğulluqlarının təmini istiqamətində addımlar atılır.
Ümumilikdə, ölkə Prezidentinin imzaladığı əfv sərəncamları ilə hər il onlarla insanın azadlığa çıxması belə deməyə əsas verir ki, Azərbaycan dövləti vətəndaşını məhbusluğa alışdırmır, onu islaha sövq edir. Dövlət başçısının bu addımları Ulu Öndərin nəcib təşəbbüslərinə, humanizm ənənəsinə sadiqliyin göstəricisi olmaqla insan amilinə verilən dəyərin təzahürü, hüquq və azadlıqların təmini ilə bağlı ölkəmizin tərəfdar çıxdığı beynəlxalq təşkilatların fəaliyyətinə dəstək rolu oynayır.
Nail ƏSGƏROV
Digər xəbərlər