DSX-nin “Qubadlı” əlahiddə sərhəd diviziyasına və ...
16:35 26.11.2026
0
0
0
NAXÇIVAN :
26 Noyabr 2026, Cümə axşamı
Əsrlərdən gəlir səsin-sorağın,
İpək telə bəzək vurub darağın,
Sənə səcdə üçün gəlib qonağın,
Xalqın namususan, xalqın harayı,
Nə qədər gözəlsən, ay kəlağayı.
Çeşnisi, butası, rəngi bir gözəl,
Saz üstə tərifi, rəngi bir gözəl,
Musiqisi, söz ahəngi bir gözəl,
Pərinin məclisdə lap çoxdu sayı,
Nə qədər gözəlsən, ay kəlağayı.
Anama nənəmdən yadigar qalıb,
Anam sevə-sevə çiyninə salıb,
Gözəl xanımları bəxtinə alıb,
Sərmisən sinənə ulduzu, ayı,
Nə qədər gözəlsən, ay kəlağayı.
Həcərin, Nigarın adı-həyası,
Narıncımın baş bəzəyi, boyası,
Pərvanə Pərinin səsi-sədası,
Xanımlıq rəmzisən, həm də ağayı,
Nə qədər gözəlsən, ay kəlağayı.
Güllü-güllü gəldin Güllüyə sarı,
Sandıqdan çıxardı Güllü, a sarı,
Topladı, gətirdi elliyə sarı,
Gül açan rəngləri say, kəlağayı,
Nə qədər gözəlsən, ay kəlağayı.
Şəki, Basqal, Gəncə, Şirvan gülü var,
Şamaxıdan Naxçıvana yolu var,
Bakı bazarında ipək, tülü var,
Sarı, qara, ağ, qırmızı, çəhrayı,
Nə qədər gözəlsən, ay kəlağayı.
Adın “Albuxarı”, “Abı”, “Yelanı”,
“İstiotu”, “Heyratı” və “Soğanı”,
Qız-gəlinin zinət vurur hər anı,
Gedək Qarabağda vuraq halayı,
Nə qədər gözəlsən, ay kəlağayı.
Xırda buta, saya buta, şah buta,
Ömrün olsun nağıl buta, baxt buta,
Uzun olsun yolun, butam, taxt butam,
Mənim sevdiyim yox səndən savayı,
Nə qədər gözəlsən, ay kəlağayı.
Təranənin sözüdü son butası,
Xarıbülbül – ürəkdə can butası,
Ən gözəli Azərbaycan butası,
Əsillikdə yoxdu dünyada tayın,
Nə qədər gözəlsən, ay kəlağayım.
Təranə ARİFQIZI
Digər xəbərlər