NAXÇIVAN :

10 Mart 2026, Çərşənbə axşamı

Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi Naxçıvan

...

Qəhrəman, dönməz iradəli, vətənpərvər naxçıvanlılar

Naxçıvan: qədim oğuz yurdu, hər küncündən tarix ətri gələn ulu diyar. Mərd, dözümlü, dəyanətli torpaq. Hər ovuc torpağı şəhid qanı ilə yoğrulub Vətən olan qədim yurd. Tarixin o üzündən bəri boylanan, inkişaf edib müasirləşdikcə qədimliyini, ululuğunu qoruyub saxlayan Vətən torpağı. Tarixi mədəniyyətinə, mədəniyyəti ədəbiyyatına arxa olub milli dəyərlərimizi, adət-ənənələrimizi qərinələrin saxlancına ərməğan edən doğma Naxçıvan. Tarixindən əzəmət, mərdlik, mədəniyyətindən zəhmətkeşlik, ədəbiyyatından cəfakeşlik alan insanların qabarlı əllərində dünyanın bəzəyinə çevrilən Nəqşicahan... 
Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi, tarixin bütün dövrlərində mərdliyi və vətənsevərliyi ilə çətin sınaqlardan dəfələrlə üzüağ, alnıaçıq çıxan Vətən torpağının, dünəni mərdliklə qəhrəmanlıqla dolu 102 yaşlı qoca diyarın çox da uzaq olmayan keçmişinə nəzər salanda görürük ki, Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı illərdə məkrli qonşusu ermənilərin ərazi iddiaları ilə üz-üzə gələn naxçıvanlılar öz qəhrəmanlıq salnaməsində daha bir səhifə açıb. Həmin vaxtlar Azərbaycan Xalq Cümhuriyyəti düşdüyü çətin vəziyyətlə əlaqədar olaraq Naxçıvana lazım olan köməyi göstərə bilmirdi. 1918-ci il mayın 29-da heç bir beynəlxalq hüquqa, ədalətə sığmayan şəkildə İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsindən sonra bölgədə vəziyyət olduqca mürəkkəbləşmişdi, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları artırdı. 
Ermənilər SSRİ-nin himayədarlığı ilə 1918-1920-ci illərdə Azərbaycanın yaxın ərazilərini Ermənistana birləşdirmək üçün açıq silahlı mübarizə aparırdı. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvanı siyasi-diplomatik cəhətdən müdafiə etməyə çalışsa da, faktiki şəkildə hərbi dəstək verə bilmirdi. Bu da vəziyyətin olduqca gərginləşməsinə, Naxçıvanın işğalına rəvac verirdi. Lakin Naxçıvan əhalisinin qəhrəmanlığı, dönməz iradəsi hadisələrin gedişatında mühüm rol oynadı. Naxçıvan əhalisi, yerli ziyalılar erməni daşnaklarına qarşı inadla mübarizə apardı və mənfur düşmən öz arzusunu reallaşdıra bilmədi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında naxçıvanlıların qəhrəmanlığı haqqında deyirdi: “İgid naxçıvanlılar, şərurlular bütün çətinliklərə özləri qalib gəldilər, onlar həyatlarını, ailələrinin şərəfini, var-dövlətlərini riskə qoyaraq doğma torpağa, Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra naxçıvanlıların qanuni hüquqlarını danmayacaqlar”.
Yaranan siyasi vəziyyət Naxçıvana muxtariyyət statusunun verilməsini tarixi zərurətə çevirdi. Bu həm də Cənubi Qafqazı erməniləşdirmək siyasətinin qarşısını qismən aldı. Tarixi mənbələrdən də aydın olur ki, Naxçıvana muxtariyyət statusu 1921-ci ildə verilsə də, Naxçıvan Muxtar Respublikasının yaradılmasına qədər üç il vaxt lazım oldu. Hətta 1923-cü ildə Naxçıvanın muxtar respublika statusu azaldılaraq muxtar diyara çevrildi. Lakin muxtar diyar dövrü uzun sürmədi. 1923-cü ilin dekabrında Naxçıvan diyarı Naxçıvan Respublikasına çevrildi. 1924-cü il fevralın 9-da Azərbaycan MİK Naxçıvan MSSR-in yaradılması haqqında Qərar verdi. Ümummilli Lider Heydər Əliyev həmin tarixi hadisəni çətin məqamda əldə olunmuş mühüm nailiyyət kimi dəyərləndirib: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Belə ağır şəraitdə Naxçıvanın yaşamasının, inkişaf etməsinin əsas şərtlərindən biri də odur ki, Naxçıvana o vaxt muxtariyyət hüququ veriblər”.
Sovetlər ittifaqının son illəri naxçıvanlıların yaddaşına çətinliklər, məhrumiyyətlər, qanlı qırğınlar dövrü kimi yazılmaqla bərabər müstəqillik, azadlıq dövrü kimi yaddaşlara iz saldı. Ötən əsrin 90-cı illərinin əvvəlləri bir tərəfdən blokada, bir tərəfdən də mənfur qonşumuz ermənilərin ardı-arası kəsilməyən hücumları Naxçıvanda çox təhlükəli, daha dəqiq desək, qorxunc bir vəziyyət yaradırdı. Bu həmin vaxtlar idi ki, sərhədlərimizdə döyüş gedirdi, hər yerdən ümidi üzülən yerli əhali günün çoxunu çörək növbələrində keçirirdi. Bu dəhşətli vəziyyət Ümummilli Lider yenidən hakimiyyətə qayıdanadək davam etdi.

Naxçıvanın xilaskarı Heydər Əliyev

Ulu Tanrı bu diyara dözüm, qətiyyət, səbir verdi, Naxçıvanın və naxçıvanlıların ən ağır günündə xalqın dahi oğlunu xilaskar kimi göndərdi. Dahi rəhbərin Naxçıvanda olması camaatı yurd-yuvalarından didərgin düşməyə qoymadı. Camaat güllə yağışı altında qalsa da, evini tərk etmirdi; düşmən önündə dayanır, yurdlarını qoruyurdular. O vaxtlar hər kəs – yaşından sənətindən, vəziyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, Vətənə övladlıq borcunu yerinə yetirməyə çalışırdı. Onlar ölümün gözünə dik baxır və öz canları bahasına Vətən torpağını qoruyurdular. Düşmənin atdığı “qradlar”, “alazanlar” torpağımıza yağış kimi yağsa da, doğma yurdunu, isti ev-eşiyini heç kim tərk etmədi. Ulu Öndərimiz Heydər Əliyevin ətrafında birləşən əhalinin sıx birliyi, Vətən təəssübkeşliyi, yurda bağlılığı yurdumuzu qorudu.1990-1993-cü illərdə muxtar respublika əhalisi mübarizlik, şücaət göstərdi. Uzaqgörən siyasətçi Heydər Əliyevin Sədərəyin düşməndən qorunmasında böyük tarixi xidmətləri, əvəzolunmaz rolu oldu. Naxçıvanın hər yerindən Vətənin müdafiəsinə üz tutanların təşkilatlanmasını uğurla həyata keçirən Ümummilli Liderin həmin illərdə bir neçə dəfə Sədərək rayonuna gəlişi hər kəsi ruhlandırdı, sabaha inamını artırdı. Ulu  Öndər Heydər Əliyev 1990-cı il Sədərək döyüşlərinin Naxçıvanın muxtariyyət statusunun qorunmasındakı rolunu da xüsusi vurğulayıb: “Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı”.    


Atalardan oğullara qalan ərməğan 

Naxçıvanın sərhədlərini gecə-gündüz qoruyan oğullar Vətən müharibəsi başlayan kimi Qarabağın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar. Onlar atalarından, ulu babalarından qalan əmanəti öz canları bahasına qoruyub tarixin səhifələrinə öz adlarını qızıl hərflərlə yazdılar. Ali Baş Komandanın ətrafında birləşib, öz silahdaşları ilə bir olub, düşmənin başına yumruq kimi çaxıb, zəfəri Şuşada tamamlayıb “dəmir yumruğ”un bir parçası oldular. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yüz illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamda deyilir: “Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar”.

Zəngəzur dəhlizi, AİZ, “yaşıl enerji” – işıqlı gələcəyə doğru açılan yollar

Ölkəmizin bütün bölgələri kimi, Naxçıvanın da inkişafı diqqətdə saxlanılır. Görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu siyasi xətti dövrün reallıqlarına uyğun davam etdirən Prezident İlham Əliyev 2004-cü ildən ötən müddət ərzində muxtar respublikaya səfərləri zamanı elm, təhsil və mədəniyyət, idman, səhiyyə və sosial təminat, energetika, meliorasiya, yol tikintisi, sahibkarlıq, eləcə də hərbi quruculuq sahələrini əhatə edən 150-dən çox obyektin açılışında, bölgə üçün mühüm əhəmiyyət kəsb edən İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak edib, Naxçıvan Muxtar Respublikasının 80, 85, 90 və 100 illik yubileyləri keçirilib. 
Vaxtilə işıqsız, ümumiyyətlə, enerjisiz qalan Naxçıvan bu gün enerji ixracatçısına çevrilib, “yaşıl enerji zonası” statusuna layiq görülüb. Azərbaycan Prezidentinin 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə muxtar respublikanın 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib, yubiley geniş şəkildə qeyd olunub. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası bu gün Dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika “yaşıl enerji zonası” elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir”. Bu fikirlərdən yola çıxaraq qeyd edə bilərik ki, ölkə başçısının Naxçıvanla da bağlı böyük planları artıq həyata keçirilməyə başlanılıb. Belə ki, 2022-ci ilin sonlarından etibarən Naxçıvan Muxtar Respublikasının idarəetmə strukturunda aparılan islahatlar çərçivəsində idarəçiliyin bütün sahələrində şəffaflaşma prosesi aparılıb, ölkə sisteminə inteqrasiya uğurla reallaşdırılıb. 
Dövlətimizin başçısı 2023-cü il iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayaraq Naxçıvanın tərəqqisi naminə yeni yol xəritəsini müəyyənləşdirib. Dövlət Proqramının icrası ilə Naxçıvan azad iqtisadi zonaya çeviriləcək. Artıq burada fəaliyyət göstərən, Naxçıvan rezidenti olan sahibkarlar üçün 10 il müddətində vergi və gömrük güzəştləri, daşınma və digər sahələrdə müvafiq stimullaşdırma tətbiq edilir. Naxçıvanda Azad İqtisadi Zonanın (AİZ) yaradılması muxtar respublika iqtisadiyyatı üçün böyük perspektivlər vəd edir. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanın da “yaşıl enerji zonası” elan edilməsi muxtar respublikanın potensial imkanlarından maksimum yararlanmaqla sosial-iqtisadi inkişafı üçün qarşıda mühüm vəzifələr qoyub. Burada günəş və külək elektrik stansiyalarının inşası istiqamətində böyük layihələrin icrası planlaşdırılıb. Eyni zamanda 2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təməli qoyulan İğdır-Naxçıvan qaz boru xəttinin də tikintisi uğurla başa çatıb, kəmərin yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin Vətən müharibəsindən sonra imzalanan üçtərəfli bəyanata əsasən yeni reallıqlar fonunda Zəngəzur dəhlizi məsələsi gündəmdədir və Naxçıvanın ölkəmizin digər ərazisi ilə nəqliyyat əlaqələrinin bərpası onun iqtisadi cəhətdən güclənməsinə, əhalinin rifahının yüksəlməsinə təkan verəcək. Artıq 1 aydır ki, Zəngəzur dəhlizinin Naxçıvan hissəsində Ordubad stansiyasının yenidən qurulmasına başlanılıb.
102 yaşlı Naxçıvan Muxtar Respublikası Ümummilli Lider Heydər Əliyevin zəhmətinin bəhrəsi, ideyaları işığında, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə inkişaf edir, gözəlləşir. İnanırıq ki, işgüzarlıqları, prinsipiallıqları ilə birlikdə Vətən sevgisinin misilsiz nümunəsini göstərən naxçıvanlılar həmişə olduğu kimi, bundan sonra da böyük nailiyyətlərə imza atacaqlar. 

Ramiyə ƏKBƏROVA
 

Nəşr edilib : 09.02.2026 01:06