NAXÇIVAN :

30 Dekabr 2024, Bazar ertəsi 23:30

Azərbaycan deyəndə Onu düşünür hamı

...

Prezident İlham Əliyev: Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz – Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq. 

Adını ilk dəfə soyuq bir qış gecəsində “odun sobasının başında səhərə kimi oyaq qalıb” qorxa-qorxa müharibənin nə olduğunu bilməyən nəvələrinə tamaşa edən yaşlı qadınların dilindən eşitmişdim. Həmin günlərdə Bakıda 20 Yanvar hadisələri baş verəndə, Sədərəkdə qanlı döyüşlər gedəndə. Azərbaycan qadınının gündüzlər güc-bəla ilə tapdığı bir ovuc undan bişirdiyi çörəyin ətri ilə doyub, həmin çörəyi səngərdəki əsgərə göndərib özü ac yatan vaxtlarda. Analar tək yadigarı olan nişan üzüyünü orduya dəstək üçün yeni yaradılan Müdafiə Fonduna bağışlayanda. Səngərdə şəhid olan igidin silahını götürüb düşmənlə döyüşməyə tələsən onlarla oğulu görəndə.

O vaxt cəmi 10 yaşım olsa da, qonşu qadınların “Heydər Əliyev Bakıya gəlib deyirlər, əgər belədirsə, hər şey yaxşı olacaq. O, sovet vaxtında belə erməniləri susdurmağı bacardı”, – demələri hələ də yaddaşımdadır. Uşaq ürəyimdə inam hissi yaratdı o kəlmələr. Günlər keçdi, döyüşlər səngimək bilmirdi. Naxçıvanlıların gözü yolda qalmışdı, nəhayət, bir yay günü Heydər babamız Naxçıvana qayıtdı. Həmin gün insanlar öz doğmasını, əzizini qurbanlar kəsərək qarşıladı. Aclığın insanları sınağa çəkdiyi bir vaxtda qapısındakı son quzusunu Heydər Əliyevin gəlişinə görə qurban kəsdi naxçıvanlılar. Sədərəkdə düşmən mərmisi ilə xarabaya dönən evindən salamat çıxardığı tək əşyası olan xalçanı O gələn yollara sərdi. Vətən oğlunun gəlişi hər kəsin qəlbində ümid işığı yandırdı çünki. 
Biz uşaqlar Heydər babamızın bizə bəxş etdiyi xoşbəxtliklə böyüdük. Sinif otaqlarında yaş odunla yanan sobanın tüstüsü daha gözlərimizi yaşartmırdı, artıq düşmənin atdığı mərmilər bizi qorxutmur, gecələr rahat yatırdıq. Çünki artıq Heydər babamız gəlmişdi. O bizimlə birlikdə idi. O da bizim kimi çıraq işığında, odun sobasının isitdiyi mənzildə yaşayır, bəzən çörək növbəsində belə dayanmaqdan çəkinmir, döyüş bölgəsinə gedir, səngərlərdəki oğullarla görüşür, şəhid analarının dərdinə şərik olurdu. İnsanların çətin şəraitdə də olsa da, torpağını qoruması həmin vaxtlarda Naxçıvana “kor bağırsaq” deyənlərin gözünə ox kimi batırdı. 
Biz bir olub, Ulu Öndərin ətrafında birləşib yumruğa döndük. Sədərəkdə onlarla oğul bir qarış torpaq üçün canından keçdi, şəhid anaları qəddini əymədi. Və həmin günlərdə düşmənin başına şimşək kimi çaxan oğullar Vətən oğluna qarşı atılan xain daşlara da sipər etdilər özlərini. Xalq öz oğlunu bağrına basıb Onu qorudu. Çünki yaxşı bilirdik ki, sovetlər dövründə belə erməni xainlərini susdurmağı bacaran insan idi Heydər Əliyev. Xalqın inamı və dəstəyi, dahi rəhbərin siyasi gücü, dərin zəkası, çətin vəziyyətlərdə verdiyi düzgün qərarlar Günəş kimi nur saçdı yurdumuzun səmasına. Naxçıvandan başlanan yol Bakıdan keçib Şuşaya, Xankəndiyə uzandı. 
Biz həmin dövrün uşaqları Vətən oğlunun sevgisi ilə böyüdük. Gözəl Vətənimizin, müasir Azərbaycanın təməlinin atılmasına şahid olduq. Sonra daşların bir-bir necə yerinə qoyulduğunu gördük. Göylərə ucalan təhsil, səhiyyə, mədəniyyət, yaşayış binalarının necə qurulduğunu izlədik. Və nə xoşbəxt bir nəsilik ki, 1990-cı ildə Naxçıvanda düyünlənən yumruğun dəmir kimi bərkiyib Vətən savaşında düşmənin başında şimşək kimi çaxmasına şahid olduq. Ulu Öndərin vaxtilə Naxçıvanda dediyi sözlərin Şuşada da yerinə yetdiyini gördük, eşitdik. 1990-cı illərdə Naxçıvanda Ulu Öndərin zəhməti ilə göylərə qaldırılan bayrağımızın Şuşada, Xankəndidə dalğalandığına şahid olduq. Hər qələbə xəbərində, xalqımızın hər xoş günündə Onu andıq. 
Bu həmişə bax, beləcə, davam edəcək, çünki bu xalq daim Vətən oğlunu minnətdarlıq hissi ilə xatırlayacaq.

Ramiyə ƏKBƏROVA 
 

Nəşr edilib : 03.09.2024 00:01