NAXÇIVAN :

03 May 2026, Bazar

Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir

...

“Çinin Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatının 25-ci Sammiti təşkilatın tarixində ən geniştərkibli tədbir kimi yadda qalacaq. İyirmidən çox ölkənin lideri, on beynəlxalq təşkilatın rəhbəri və nüfuzlu siyasətçilərin iştirakı sammitin beynəlxalq gündəlikdəki çəkisini bir daha ortaya qoyur. Sammitin bu qədər geniş nümayəndə heyətlərini bir araya gətirməsi heç də təsadüfi deyil. Dünyada geosiyasi gərginliklərin artdığı, iqtisadi böhranların müşahidə olunduğu bir vaxtda dövlətlər çoxtərəfli əməkdaşlıq mexanizmlərinə daha böyük önəm verirlər. ŞƏT platforması məhz bu baxımdan ölkələr üçün alternativ imkanlar yaradır. Dialoq, təhlükəsizlik, ticarət və mədəni əməkdaşlıq istiqamətlərində ortaq mövqelərin formalaşdırılmasına xidmət edir”.

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aysel  Dünyamalıyeva deyib.

Deputat qeyd edib ki, Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələr yüksələn xətlə inkişaf edir. İki ölkə arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra daha da intensivləşdi. Azərbaycanın xarici siyasət kursunu mükəmməlcəsinə yenidən quran Ümummilli Lider Çin Xalq Respublikası ilə əlaqələrin inkişafına xüsusi diqqət ayırdı: “1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Prezident kimi Çinə rəsmi səfəri zamanı iki ölkə arasında 8 mühüm müqavilə imzalandı ki, bu da qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Beləliklə, dahi şəxsiyyətin milli maraqlara söykənən xarici siyasət kursu Azərbaycanı beynəlxalq münasibətlərin vacib aktoruna çevirdi. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri isə ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi baxımından olduqca mühüm məqamlarla yadda qaldı. Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxarıb, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirib. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir”.

“Azərbaycanla Çin arasında ticarət, istehsal, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya, bərpa olunan enerji və digər sahələr üzrə əməkdaşlıq imkanları genişdir. Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydiyyatdan keçib və onlardan 300-ə yaxın şirkətin fəaliyyəti aktivdir. Çin şirkətləri işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrasında yaxından iştirak edirlər. Azərbaycanın belə nəhəng və iqtisadiyyatı uğurlu olan dövlətlə əməkdaşlıq etməsi, münasibətlərini gücləndirməsi dövlətimizin başçısı İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir”, – deyə Aysel  Dünyamalıyeva əlavə edib.

Nəşr edilib : 04.09.2025 10:48