NAXÇIVAN :

24 Aprel 2025, Cümə axşamı

Azərbaycan-Çin münasibətləri strateji cəhətdən yeni mərhələyə qədəm qoyur

...

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfəri və Pekində keçirilən yüksəksəviyyəli görüşlər ölkəmizin xarici siyasətində uzaqgörənlik və strateji baxışın bariz nümunəsidir. Çin Dövlət Şurasının Baş naziri Li Çianqla və Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə keçirilən müzakirələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan çəkisini, etibarlı tərəfdaş kimi qəbul olunmasını bir daha təsdiqlədi.
Müqayisəli təhlil göstərir ki, cəmi bir il ərzində Azərbaycan-Çin münasibətləri “stratetji tərəfdaşlıq”dan “hərtərəfli strateji tərəfdaşlıq” mərhələsinə keçid edib. Bu təkcə diplomatik jest deyil – bu, iki ölkə arasında iqtisadi, siyasi, mədəni və texnoloji sahələrdə artan qarşılıqlı maraqların ifadəsidir. Əmtəə dövriyyəsinin bir il ərzində 20 faiz, bu ilin ilk üç ayında isə 40 faizə yaxın artması artıq nəticələrin konkret rəqəmlərlə ölçülə biləcək səviyyəyə çatdığını göstərir.
Azərbaycanın “Orta Dəhliz” strategiyası bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Çin də bu marşrutu özünün “Bir kəmər-bir yol” təşəbbüsünün ayrılmaz hissəsi kimi qəbul edir. Hər iki ölkənin bu dəhliz üzrə yükdaşımaların artırılması və infrastrukturların uyğunlaşdırılması ilə bağlı birgə səyləri regionun nəqliyyat-logistika xəritəsini yenidən tərtib edir.
Tərəflər arasında əməkdaşlığın coğrafiyası kifayət qədər genişdir: enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya, ekologiya və mədəni-humanitar sahələr. Bərpa olunan enerji üzrə tərəfdaşlıq, Çin texnologiyalarının Azərbaycanda tətbiqi və hətta elektrik avtomobillərinin birgə istehsalı istiqamətində atılan addımlar göstərir ki, tərəfdaşlıq yalnız resurslara deyil, gələcəyin texnologiyalarına da əsaslanır.
Azərbaycanın “Vahid Çin” siyasətinə ardıcıl və prinsipial dəstəyi, eləcə də Çin tərəfindən ölkəmizin ərazi bütövlüyünə yönəlmiş dəstək, bu əməkdaşlığı yalnız iqtisadi əsaslarla deyil, eyni zamanda siyasi etimad üzərində qurur. Bu fonda BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının icrası ilə bağlı Prezident İlham Əliyevin qaldırdığı məsələ beynəlxalq hüququn icra mexanizmlərinin aktuallığını bir daha gündəmə gətirir.
Eyni zamanda parlamentlərarası münasibətlərin və siyasi partiyalar arasında dialoqun genişlənməsi də bu strateji kursun daha dərinləşməsinə xidmət edir. Xüsusilə Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında təcrübə mübadiləsi və idarəçilik modelləri üzrə əməkdaşlıq gələcək siyasi əlaqələrin möhkəmlənməsində mühüm rol oynaya bilər.
Göründüyü kimi, Azərbaycan-Çin əlaqələri artıq, sadəcə, diplomatik formatdan çıxaraq konkret iqtisadi layihələr və regional əməkdaşlıq çərçivəsində məzmunlu və çoxşaxəli tərəfdaşlığa çevrilib. Bu, Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun nəticəsidir və Azərbaycanın beynəlxalq sistemdə artan çəkisinin növbəti təsdiqidir.

Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 23.04.2025 20:02