NAXÇIVAN :

14 Mart 2025, Cümə

Azərbaycan-Çin: dünya geoiqtisadi nizamının formalaşmasında mühüm faktor

...

Ümumiyyətlə, Azərbaycanla Çini yaxın və uzaq gələcəyə dair yaxınlaşdıran maraqlar çoxcəhətlidir. İkitərəfli əlaqələrdən, münasibətlərdən danışan zaman tarixi İpək Yolunun rolunu qeyd etməsək olmaz. 2013-cü ildə Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsi də bir növ sözügedən tarixi ənənənin bərpası, həmin yol üzərində yerləşən ölkələr arasında iqtisadi, ticarət, mədəni əlaqələrin qurulmasına hesablanıb. Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən sayılan Azərbaycan da malik olduğu mövqedən səmərəli istifadə etməklə “Bir kəmər, bir yol” layihəsinin reallaşması yönündə fəal iş aparır. 2015-ci ilin dekabrında Prezident cənab İlham Əliyevin Çinə səfəri zamanı ikitərəfli əməkdaşlıqda mühüm önəm daşıyan “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun imzalanması bu istiqamətdə güclü dəstəyin göstəricisidir. 2017-ci ilin oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə həmin layihəni praktiki şəkildə təsdiqləmiş olan ölkəmizin bu mütərəqqi addımı Çin hökuməti tərəfindən daim yüksək dəyərləndirilir.
Prezident cənab İlham Əliyevin apardığı uğurlu diplomatiya sayəsində Çinlə mehriban dostluq və tərəfdaşlıq əlaqələri bu gün dinamik inkişaf mərhələsini yaşayır. Liderlər səfərlər çərçivəsində, eləcə də müxtəlif beynəlxalq tədbirlərdə çıxışları zamanı dost, tərəfdaşlıq mesajlarını ötürürlər. Bu baxımdan Çin Xalq Respublikasının sədri Si Cinpinin cənab İlham Əliyevi Çinin böyük dostu adlandırması olduqca təqdir­edici məqam, önəmli faktordur. Prezident cənab İlham Əliyev də Çinlə əlaqələri nəqliyyat-logistika baxımından yüksək qiymətləndirir: “Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var”. 

“Bir kəmər, bir yol” təşəbbüsü: Orta Dəhliz, Zəngəzur dəhlizi

Azərbaycan və Çin əlaqələrində 2024-cü ili müstəsna əhəmiyyətli dövr kimi xarakterizə etmək olar. Belə ki, ötən il iyulun 3-də imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə ölkələrarası qarşılıqlı etimadın və əməkdaşlığın təməlləri daha da möhkəmləndirilib. Bəyannamədə Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə, istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir. Bu xüsusda onu vurğulamaq yerinə düşər ki, hazırda nəqliyyat-logistika baxımından Azərbaycan-Çin strateji tərəfdaşlığına mühüm töhfə kimi “Bir kəmər, bir yol” təşəbbüsünə daxil olan Orta Dəhliz Mərkəzi Asiya və Azərbaycandan keçməklə çox perspektivli bir layihəyə çevrilməkdədir. Ümumiyyətlə, iki dövlət arasında son 10 il ərzində iqtisadi sahədə əsas müzakirə mövzusu məhz sözügedən layihədir. 
Bu çərçivədə ötən il bir sıra əlamətdar hadisələr yaşanıb, Orta Dəhlizlə yükdaşımalarda növbəti nailiyyətlərdən biri kimi mart ayında Sian limanından birinci konteyner blok-qatarı yola salınıb. İlk qatar Bakıyadək məsafəni 11 günə qət edib. Noyabrın 24-də isə Bakı-Sian ilk ixrac blok-qatarı ilə 62 ədəd 40 futluq konteyner həcmində 1664 ton koks yükü multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Siana göndərilib. Bununla da yerli sahibkarlar üçün yüklərini birbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb. Genişlənən əməkdaşlıqlar fonunda 2025-ci ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Reallaşdırılan birgə layihələr timsalında ötən il Azərbaycan-Çin ticarət tərəfdaşlığı xeyli gücləndirilib, ölkələrarası xarici ticarət dövriyyəsi 20,7 faiz artaraq 3,7 milyard dollar təşkil edib. Bu göstərici ilə Çin Rusiyanı qabaqlayaraq Azərbaycanın əsas ticarət tərəfdaşına çevrilib.
Azərbaycan və Çin arasında əməkdaşlıqların dərinləşdirilməsi və beynəlxalq münasibətlərin formalaşmasına töhfə olaraq çoxtərəfli dialoqun möhkəmləndirilməsi baxımından Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) rolunu xüsusi vurğulamaq lazımdır. 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunan təşkilatda Azərbaycan hazırda dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Prezident cənab İlham Əliyevin təşkilatın sammitlərinə müntəzəm dəvət edilməsi ölkəmizin həyata keçirdiyi diplomatiyaya, iqtisadi əməkdaşlıqlar müstəvisində verdiyi töhfələrə etimadın, etibarın nəticəsidir. 
Dövlət başçımız bu il yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində də Azərbaycanla Çin arasındakı strateji tərəfdaşlığın yüksəksəviyyəli qarşılıqlı etimada, əməkdaşlığa əsaslandığını qeyd etdi, birgə layihələrin beynəlxalq əlaqələrin daha güclənməsinə mühüm töhfələr verəcəyini vurğuladı. Sitat: “Beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, bizim coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr    nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik”. 
Azərbaycan-Çin əlaqələrinin möhkəmləndirilməsi baxımından 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda Prezident cənab İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizi layihəsi də dünyanın ikinci ən böyük iqtisadiyyatına malik ölkəsinin xüsusi marağındadır. Belə ki, dəhliz tarixi İpək Yolunun bərpasını hədəfləyən “Bir kəmər, bir yol” təşəbbüsü üçün mühüm perspektivlər vəd edir. Trans-Avrasiya yük daşımalarının beynəlxalq koordinasiya şurasının baş katibi Qenadi Bessonov 2023-cü ildə mətbuata verdiyi müsahibəsində də vurğulayıb ki, Zəngəzur dəhlizi müxtəlif seqmentlərdən ibarət olmaqla Çin ilə Avropanı birləşdirəcək. Bu layihədə dünyanın iqtisadi nəhəngi hesab olunan Çinin xüsusi marağı var və Orta Asiya respublikaları ilə birlikdə sammit keçirib dəmir yolu xəttinin çəkilməsi barədə müqavilə imzalaması da təsadüfi xarakter daşımır.
Ümumilikdə, təməli tarixi İpək Yoluna söykənən ictimai-mədəni əlaqələri, otuz üçillik diplomatiyanı, strateji tərəfdaşlığı, dostluq münasibətlərini analiz edəndə o nəticəyə gəlirik ki, dövrün çətin sınaqlarına sinə gərən bu iki ölkə – Çin və Azərbaycanı dəyişən dünya düzəni timsalında bağlayacaq bağlar yaxın gələcəkdə daha da çoxalacaq. Əminik ki, Prezident cənab İlham Əliyevin məharətli diplomatiyası sayəsində tezliklə Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin geosiyasi əhəmiyyətinin daha da artmasına və beləliklə, “Bir kəmər, bir yol” təşəbbüsünün böyük mənada gerçəkləşməsinə şərait yaradacaq. Bununla da Azərbaycan-Çin əlaqələri nəinki beynəlxalq münasibətlərin tənzimlənməsində, eləcə də dünya geoiqtisadi nizamının formalaşmasında daha mühüm faktora çevriləcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 19.02.2025 15:59