NAXÇIVAN :

16 Fevral 2026, Bazar ertəsi

Azərbaycan-BƏƏ münasibətləri davamlı inkişaf mərhələsindədir

...

"Azərbaycan təkcə Avropa və türk dövlətləri ilə deyil, eyni zamanda ərəb dünyası ilə də münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəldib. Prezident İlham Əliyevin ərəb ölkələrinə, eləcə də həmin ölkələrin liderlərinin Azərbaycana müntəzəm səfərləri bu əlaqələrin sistemli və yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqləyir. Bu kontekstdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ötən il Azərbaycana rəsmi səfəri, eləcə də Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri xüsusi əhəmiyyət daşıyır. Şuşada imzalanan sənədlər, xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-BƏƏ əlaqələrinin gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas sənəd kimi dəyərləndirildi. Bu əməkdaşlıq xəttinin davamı olaraq Prezident İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirdiyi işgüzar səfər ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Səfər çərçivəsində dövlət başçısı Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, eləcə də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşlər keçirdi. Görüşlərdə Azərbaycan-BƏƏ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğu vurğulandı, siyasi, iqtisadi, enerji, bərpa olunan enerji, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olundu. Qarşılıqlı səfərlərin və müntəzəm dialoqun əlaqələrin dərinləşməsində mühüm rol oynadığı xüsusi qeyd edildi".

Bu fikirləri “Şərq qapısı” qəzetinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova səsləndirib.

Deputat bildirib ki, Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildən mövcuddur və əsasən, beynəlxalq platformalar, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bu əlaqələr yeni məzmun və dinamika qazanıb. Qarşılıqlı hörmət və dostluq prinsiplərinə söykənən münasibətlər açıq siyasi dialoq mühitində formalaşaraq iqtisadi və enerji sahələrində əməkdaşlığa da güclü təkan verib.
Enerji sektoru Azərbaycan-BƏƏ əlaqələrinin əsas dayaqlarından biridir. Neft-qaz ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan, eyni zamanda "yaşıl enerji" sahəsində də regional liderliyə iddialıdır. Təsadüfi deyil ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar məhz Birləşmiş Ərəb Əmirliklərində qəbul olunub. Bu fakt iki ölkə arasında iqlim diplomatiyası sahəsindəki əməkdaşlığın yüksək səviyyəsini göstərir. 2022-ci ildə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi, 2023-cü ildə isə stansiyanın istifadəyə verilməsi bu əməkdaşlığın real nəticəsidir. 

Xəzəngül Orucova qeyd edib ki, hüquqi bazanı formalaşdıran sənədlərin imzalanması əlaqələrin davamlılığında mühüm rol oynayır. Prezident İlham Əliyevin BƏƏ-yə son səfəri zamanı “Cənub Qaz Dəhlizi” QSC-də dövlətə məxsus payın bir hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı müqavilənin imzalanması, eləcə də müdafiə sahəsində niyyət məktubunun qəbul olunması münasibətlərin daha da dərinləşəcəyinə dair əminlik yaradıb.
Səfər çərçivəsində fevralın 3-də Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi də diqqət mərkəzində olub. Hərbi qulluqçuların iştirak etdiyi təlimdə antiterror əməliyyatları, girovların azad edilməsi, dəniz və dağlıq ərazilərdə əməliyyatlar, fövqəladə hallara reaksiya kimi tapşırıqlar icra olunub. Təlimin əsas məqsədi qarşılıqlı təcrübə mübadiləsi və regional təhlükəsizliyə töhfə verməkdir.

Deputat onu da vurğulayıb ki, səfər zamanı Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş də mühüm əhəmiyyət daşıyıb. Görüşdə Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların icrası, normallaşma prosesində müsbət dinamikanın qorunması və etimad mühitinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. İkitərəfli ticarətin başlaması, tranzit və enerji sahəsində əməkdaşlıq müsbət addımlar kimi dəyərləndirilib.

Xəzəngül Orucova bildirib ki, Azərbaycan regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır. Qütbləşən dünyada yeni əməkdaşlıq modelləri təklif edən ölkəmiz real addımlarla sülhə sadiqliyini nümayiş etdirir. Prezident İlham Əliyevin həm BƏƏ-yə, həm də ABŞ-yə səfərləri bu siyasətin praktik nəticəsi kimi tarixə düşüb. Regionda sülh və sabitliyə aparan yolun məhz Azərbaycanın təşəbbüsləri ilə formalaşması ölkəmizin beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinin göstəricisidir. Azərbaycan sülhə hazır olduğunu yalnız bəyanatlarla deyil, atdığı konkret addımlarla sübut edir.

Nəşr edilib : 04.02.2026 18:07