Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin...
18:41 07.04.2025
0
0
0
NAXÇIVAN :
07 Aprel 2025, Bazar ertəsi
Suveren Azərbaycan Respublikasının iqtisadi potensialı və müstəqil xarici siyasət imkanları artdıqca dünya ölkələri, xüsusilə də məlum münaqişələr fonunda ağır sınaqlar dövründən keçən Avropa ilə etibarlı enerji və nəqliyyat-logistika tələbatının ödənilməsi üzrə qurduğu tərəfdaşlıq bu gün öz bəhrəsini verməkdədir. Bu gün hər iki tərəf, həm Azərbaycan, həm də Avropa üçün qarşılıqlı faydalı olan iqtisadi əməkdaşlığın hər yeni fazası ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu və dolayısı ilə dostlarının da sayını artırmaqdadır. Aprelin 4-də Bakıda, “Gülüstan” sarayında keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarına qatılmış Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı cənab Dan Yorgensen, həmçinin 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin təmsilçiləri ilə görüşdə dövlət başçımız Prezident cənab İlham Əliyevin gündəmə dair çıxışında bu reallıqlar bir daha ortaya qoyuldu.
2015-ci ilin fevral ayından etibarən keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısının budəfəki tədbiri də ölkələrin enerji təhlükəsizliyi ilə enerji keçidi arasında uzlaşmanı gücləndirmək üçün aparılan müzakirələr baxımından səmərəli oldu. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantıda tərəflər arasında əməkdaşlığı gücləndirməyin vacibliyi, tərəflərin və maliyyə institutlarının üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin zərurəti bir daha vurğulandı.
Avropanın enerji təhlükəsizliyinin təmin olunması, “yaşıl enerji” gündəliyinin çox aktual olduğu bu günlərdə qoca qitənin təbii qaz təminatının da zəmanət altına alınması və bundan bir siyasi alət kimi istifadə olunmaması kimi aparılan dialoq isə burada Azərbaycanın Avropa üçün nə qədər etibarlı əməkdaş olduğunu bir daha göstərdi. Şübhəsiz, bu gün 8-i Avropa İttifaqının üzvü olmaqla, 10 Avropa ölkəsinə, toplamda isə 12 ölkəyə çatdırılan Azərbaycan qazı “yaşıl enerji”yə keçid istiqamətində həssas dönəm yaşayan ölkələr üçün olduqca həyati əhəmiyyətli olub, sənayenin və iqtisadi artımın davamlılığını təmin etmək üçün çox vacibdir.
Dövlət başçımızın bu tədbirdə qeyd etdiyi kimi, istər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP olsun, Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam güclə işləməklə bu davamlılığı təmin etməkdədir. Bunu gələcəkdə də təmin edə bilmək üçün Azərbaycanın mövcud və potensial qaz ehtiyatları vardır. Qarşı tərəfin isə üzərinə düşən vəzifə, şübhəsiz, bu böyük layihənin daha uzunmüddətli və mənfəətli ola bilməsi üçün lazımi maliyyə dəstəyini göstərməsidir. Bütün bunlar Azərbaycanın dövlət siyasətinin bir hissəsidir və dövlət başçımızın da qeyd etdiyi kimi, ölkəmiz faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlərin olmamasına, əksinə, faydalı qazıntıları zəngin olan və bərpa olunan enerjiyə sərmayə qoyan ölkələrin alqışlanmasına həmişə dəstək verir.
Azərbaycan isə bu günə qədər tərəfdaş ölkə kimi Cənub Qaz Dəhlizinə sərmayə qoymaqla enerji sahəsində Avropadakı strateji tərəfdaşlarına qarşı öhdəliklərini tam yerinə yetirib. Belə ki, bu mühüm tədbirdə Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi: “Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımız, təxminən, 60 faiz artdı. Bu memorandum Avropa Komissiyasının Prezidenti və mənim tərəfimdən 2022-ci ilin ortasında imzalandı. Avropaya qaz təchizatımız 2021-ci ildə, təxminən, 8 milyard kubmetr idi. Ötən il demək olar ki, 13 milyard kubmetr oldu. Yəni bu bizim ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq”. Ötən il COP29-a uğurla ev sahibliyi etmiş Azərbaycan hədəfində olan “yaşıl enerji”yə keçidlə daha çox təbii qaza qənaət etmək imkanı əldə edərsə, o zaman ölkəmiz enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq. Dövlət başçımız tərəfindən vurğulanan bu fikir də ölkəmizin hədəflərini bir daha ifadə etdi.
“Yaşıl enerji”yə keçid isə karbohidrogen ehtiyatlarla zəngin Azərbaycan üçün daha geniş hədəfdir. Belə ki, Xəzərdəki külək, Qarabağ, Şərqi Zəngəzurdakı hidro, Naxçıvanda və Abşerondakı Günəş enerjisi potensialından istifadə ilə 2030-cu ilə qədər 6,5 giqavatlıq “yaşıl enerji” potensialı hasil edəcək Azərbaycanın bu gün yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, ölkəmiz növbəti beş il ərzində bərpa olunan mənbələrdən “yaşıl enerji” istehsalı potensialını, demək olar ki, iki dəfə artıracaq. Başqa sözlə, bu gün Avropaya metan ixrac edən Azərbaycan sabah kabellərlə “yaşıl enerji”sini də ixrac etməyi planlaşdırır. Bütün bunlar isə 2030-cu ilə qədər 1500 giqavatlıq enerji saxlama gücünü və 25 milyon kilometrlik elektrik enerjisi şəbəkəsi infrastrukturunu yaratmaqla bu dövrə qədər dünya səviyyəsində enerji səmərəliliyini iki dəfə və bərpa olunan enerji həcmini isə üç dəfə artırmaq kimi qarşıya qoyulmuş qlobal məqsədlərə ölkəmizin verəcəyi çox mühüm töhfələr olacaq. Nəticədə, Azərbaycan 2030-cu ilədək qlobal metan emissiyalarının 30 faizədək azaldılması öhdəliyini götürmüş 160 ölkədən biri olaraq 2050-ci ilə qədər iqtisadiyyatlarını iqlim neytrallığı istiqamətində inkişaf etdirmək istəyən ölkələrin də ən yaxşı tərəfdaşlarından biri olacaq.
Əli CABBAROV
Digər xəbərlər