NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilib

...

Tarixən Böyük İpək Yolunun əsas hissəsinə, əvəzolunmaz parçasına çevrilən Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin apardığı praqmatik siyasət, məharətli diplomatiya sayəsində bu ənənənin müasir modelini formalaşdırmağa müvəffəqdir. Respublikamız XXI əsrin iki onilliyində Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə mühüm lahiyələrə imza atmaqla Avrasiyasının geosiyasi mənzərəsinin müəyyənləşməsində, dövlətlərarası iqtisadi münasibətlərin tənzimlənməsində əhəmiyyətli aktora çevrilib.

Cənubi Qafqazın lideri xarici sərmayədarların ölkə iqtisadiyyatına cəlbinə, həm siyasi, həm də iqtisadi cəhətdən regional mövqeyin gücləndirilməsinə xidmət edən nəqliyyat mərkəzi funksiyasına coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə etməklə qadir olub. Digər tərəfdən, Azərbaycan okeana çıxışı olmayan ölkə kimi əvəzolunmaz tranzit-nəqliyyat mərkəzi nümunəsi yarada bilib. Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə ölkə başçısı bu amilə diqqəti çəkərək dövlətimizin qazandığı nailiyyəti mühüm uğur göstəricisi kimi dəyərləndirdi: “Onu da bildirməliyəm ki, adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik”.

Azərbaycanın birbaşa təşəbbüsü və maliyyə dəstəyi sayəsində reallaşan beynəlxalq nəqliyyat layihələrindən biri Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı marşrut xətti adlanan Bakı-Tbilisi-Qars dəmir yoludur. O həmin yoldur ki, bu gün Zəngəzur dəhlizini qeyri-effektiv, əhəmiyyətsiz proyekt kimi qələmə verən dırnaqarası qərbyönümlü dairələr vaxtilə çəkilişinə hər vəchlə mane olmağa, ölkəmizin bu istiqamətdə atdığı addımlara kölgə salmağa çalışırdılar. Ancaq Prezident cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, diplomatik gedişləri qarşısında heç bir kənar müdaxilə, heç bir siyasi manipulyasiya layihənin reallaşması prosesinə təsir göstərə bilmədi. Beləliklə, 8 il bundan öncə, daha dəqiq desək, 2017-ci il oktyabrın 30-da uzunluğu, təxminən, 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Və ötən qısa zaman kəsiyində beynəlxalq və regional əhəmiyyətli ictimai-siyasi proseslər, layihə üzrə maraqların gün ötdükcə daha böyük mənada kəsişməsi qalib liderin “Bakı-Tbilisi-Qars dəmir yolu tək ölkələri deyil, qitələri birləşdirəcək. Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb” ideyasında haqlı olduğunu bariz şəkildə ortaya qoydu.

İndi bu marşrut üzrə daşınmalarda nəinki ilbəil, aybaay artım müşahidə olunur. Azərbaycan artan daşınmaları nəzərə alaraq öz vəsaiti hesabına keçən il bu yolun genişləndirilməsini tamamladı və onun daşıma qabiliyyəti 5 milyon tona çatdırıldı. Nəticə etibarilə, bu gün bir sıra inkişaf etmiş ölkələr Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə BTQ ilə daşınmasına böyük maraq göstərirlər. Danılmaz faktdır ki, əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bu gün ölkələrarası nəqliyyat əlaqələrində çatışmazlıq açıq-aşkar nəzərə çarpacaqdı və bu da, təbii ki, iqtisadiyyatlara təsirsiz ötüşməyəcəkdi. Layihə, eyni zamanda aid ölkələrin dəmir yolu nəqliyyatının da müasirləşdirilməsinə, inkişafına yol açdı, ticari əməkdaşlıqlar daha da dərinləşdi, turizm imkanlarının genişlənməsinə təsir göstərdi. Beləliklə, hazırda BTQ ilə yüklər təhlükəsiz, etibarlı şəkildə Ağ dəniz istiqamətinə, Türkiyəyə, Avropaya daşınır. Hətta bu gün Azərbaycan-Gürcüstan-Türkiyə, oradan da Avropaya uzanan sözügedən dəmir yolu bağlantısını iqtisadi çəkisi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə edənlər də vardır. Prezident cənab İlham Əliyev nəqliyyat müşavirəsində Bakı-Tbilisi-Qars dəmir yolunun regional və beynəlxalq əhəmiyyətini şərh edərkən onun böyük perspektivlər vəd edən vacib layihə olduğunu, daşınmalardakı payının daha da artacağını vurğuladı. Sitat: “Hesab edirəm ki, bu bizim coğrafiyamızda son illər ərzində həyata keçirilən ən vacib layihələrdən biridir və bir çox ölkələr bundan sonra da bu yoldan faydalanacaq. Vaxtilə Amerika Dövlət Departamentinin o məmurları bizə qarşı çıxırdılar, – mən bilmirəm onlar indi haradadırlar, onların adları da tarixdə qalmayıb, – amma biz ciddi iradə göstərərək buna nail olduq”.

BTQ kimi, Zəngəzur dəhlizi də beynəlxalq nəqliyyat xəritəsində layiqli mövqe tutacaq

Əvvəldə də qeyd etdiyimiz kimi, Bakı-Tibilisi-Qars dəmir yolu layihəsinin reallaşmasına maneə yaratmağa çalışan siyasi dairələr, təəssüf ki, bu gün də eyni məkrli ssenarini Zəngəzur dəhlizi üzərindən qurub. Zaman dəyişsə də, süjet xətti, rollar böyük mənada dəyişməyib. Vaxtilə Qarabağ münaqişəsinin həll variantının olmadığını israrla söyləyənlər, münaqişəni əbədiləşdirməyə cəhd edənlər artıq 5-ci ildir ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər ərazisi ilə nəqliyyat əlaqəsinin yaradılması prosesini gecikdirirlər. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin sonunda imzalanan üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikdən boyun qaçıran Paşinyan indi də özünü beynəlxalq auditoriyaya “sülh göyərçini” kimi təqdim etməyə çalışır, Azərbaycana absurd, qəbuledilməz təkliflər göndərməklə, sülhə nail olmağa dair yalançı populist çıxışlarla dünya ictimaiyyətini çaşdırmaqla məşğuldur. Sərsəm bəyanatları ilə gündəmi zəbt edən N.Paşinyan Azərbaycanı “eskalasiya siyasətindən əl çəkmək və institusional sülh imzalamağa” çağırmaqla dünyaya tarixi faktlara söykənən Qərbi Azərbaycana qayıdış konsepsiyasının guya “Ermənistanın ərazi bütövlüyü üçün konkret təhdidlər” yaratdığı mesajını ötürməyə çalışır. Son dönəmlərdə isə erməni rəhbər “sülh kəsişməsi” adı altında uğursuz proyekti əlinə alıb düşüb Avropanın canına. Qapı-qapı gəzərək təqdim etmədiyi, sırımağa çalışmadığı ölkə, beynəlxalq təşkilat qalmayıb. Di gəl ki, heç bir siyasi lider, iqtisadi təşkilat, maliyyə qurumu əlini daşın altına qoymaq, vəsait ayırmaq barədə düşünmür.

Bəli, o bölgəyə yatırım edilir ki, orada davamlı sabitlik, əmin-amanlıq mühiti, investisiya cəlbediciliyi, iqtisadi təcrübə mövcuddur. Digər tərəfdən, təklif olunan layihə onu əhatə edən ölkələr üçün geniş perspektivlər vəd etməklə tərəflərdə qoşulmaq istəyi yaratmalı, yaxın və uzaq gələcəyə dair maraqlara uyğun olmalıdır. Hər iki cəhət üzrə Ermənistanın “məziyyəti” bəllidir. Əlqərəz, görünən kəndə bələdçi nə gərək. Ancaq bu baxımdan qeyd etmək yerinə düşər ki, Azərbaycanın 5 il bundan öncə təqdim etdiyi Zəngəzur dəhlizi layihəsi təkcə Naxçıvanı Zəngilanla birləşdirməklə məhdudlaşmayacaq, bu yol Orta Asiya ölkələri, Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrutu ortaya çıxarmaqla beynəlxalq əhəmiyyəti ilə seçiləcək. Bu mənada, Azərbaycanın irəli sürdüyü təşəbbüs həm də Türk dünyasının birliyi, bərabərliyi deməkdir və TDT-nin gələcəyinə, nüfuzunun daha da güclənməsinə hesablanıb. Digər tərəfdən, dəhliz tarixi İpək Yolunun da bərpasına xidmət etməklə, Rusiya, Orta Asiya, Çin, Koreya və Yaponiyaya qədər çox geniş bir ərazinin nəqliyyat bağlantısını yaratmaq qabiliyyətinə malik olacaq. Bu xüsusda dünyanın ikinci ən güclü iqtisadiyyatına, ən böyük ümumi daxili məhsul istehsalına malik Çinin maraqlarının üzərində bir qədər dayanmaq lazımdır. Belə ki, Zəngəzur dəhlizi Çinin illərdir, reallaşdırmağa can atdığı, “Bir kəmər, bir yol” adlandırdığı XXI əsrin yeni İpək Yolu layihəsinin tərkib hissəsi kimi əhəmiyyətli rola malik ola bilər. Trans-Avrasiya yük daşımalarının beynəlxalq koordinasiya şurasının baş katibi Qenadi Bessonov 2023-cü ildə mətbuata verdiyi müsahibəsində də vurğulayıb ki, Zəngəzur dəhlizi müxtəlif seqmentlərdən ibarət olmaqla, Çin ilə Avropanı birləşdirəcək. Bu layihədə dünyanın iqtisadi nəhəngi hesab olunan Çinin xüsusi marağı var və Orta Asiya respublikaları ilə birlikdə sammit keçirib dəmir yolu xəttinin çəkilməsi barədə müqavilə imzalaması da təsadüfi xarakter daşımır... Bütün bu amillər Azərbaycanın irəli sürdüyü təşəbbüsün nə dərəcədə qlobal əhəmiyyətə malik olduğunu göstərir. Və, ən nəhayət, illərdir, dalan vəziyyətində yaşayan Ermənistan üçün də, əslində, bu yeni layihə ticarət imkanlarının açılması, ölü iqtisadiyyatın dirildilməsi baxımından əla fürsətdir. Təəssüf ki, bədnam qonşularımız həqiqəti dərk etməkdə, gerçəkliklə barışmaqda yenə çox gecikirlər. Bu gedişlə Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları əbədi olaraq gözlərində qalacaq.

Son 22 illik tarixi-siyasi hadisələr belə deməyə əsas verir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu günə qədər irəli sürdüyü, təşəbbüs göstərdiyi heç bir layihə icrasız qalmayıb. Əminliklə demək olar ki, bütün siyasi manipulyasiyalara, kölgələmə kampaniyalarına baxmayaraq, Bakı-Tbilisi Qars dəmir yolu kimi, Zəngəzur dəhlizi də tezliklə reallaşacaq. Azərbaycan bu istiqamətdə öz üzərinə düşən öhdəlikləri yüksək şəkildə yerinə yetirir, layihənin uğurlu alınması məqsədilə lazımi infrastruktur quruculuğu aparır. Və ən əsası isə bu məsələ beynəlxalq gündəmə salınıb, artıq bir sıra ölkələr tərəfindən qəbul olunub və antimövqe tutanlar, qarşı çıxanlar da gec-tez qəbullanmaq məcburiyyətində qalacaqlar. “Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq” sitatın sonu!

 Nail ƏSGƏROV

Nəşr edilib : 11.02.2025 18:17